ABŞ-la həmsərhəd olan Meksikanın Ticuana və Mexikali şəhərləri fentanil istehsalının mərkəzlərinə çevrilib və bu, qlobal asılılıq dalğası yaradıb.
Hafta.az-ın "El Pais"ə istinadən yazdığına görə, narkotik kartel yerli narkomanlardan sınaq subyektləri kimi istifadə edərək öldürücü olmayan fentanilin ən ucuz və təsirli dozasını istehsal etməyə çalışır.
San Dieqo Universitetinin Latın Amerikası Tədqiqatları professoru Viktor Klark bu iki şəhərin fentanil istehsal edən narkotik kartellərinin laboratoriyasına çevrildiyini deyib: "Kartellər tələb yaratmaq üçün ilk növbədə yerli bazara öz yeni məhsullarını təqdim edirlər. Bu zaman isə fentanili kokain, heroin kimi başqa narkotiklərə qarışdırırlar”.
ABŞ Dövlət Departamentinin bir neçə həftə əvvəl dərc etdiyi hesabatda cinayət təşkilatlarının istehsal etdikləri dərmanların insanlar üzərində təcrübə apararaq təsirini ölçdüyü bildirilib.
"Kartel mümkün olan ən güclü fentanili istehsal etməyə və onu ABŞ-da ən aşağı qiymətə satmağa çalışır", - məlumatda deyilir.
Analoqlarından daha təsirli, daha ucuz və aşkarlanması daha çətin olan fentanil bir neçə il ərzində naməlum bir maddədən böyük kütlələri aludə edən dərmana çevrilmişdi.
Meksikada fentanil istifadəsinin ölçülərini araşdıran Viktor Klarkın dediyinə görə, ölkədə bu mövzuda rəsmi araşdırma olmasa da, son illər narkotikdən ölüm halları və reabilitasiya mərkəzlərinə müraciətlərdə ciddi artım nəzərə çarpır.
Fentanilin son 10 ildə gizli şəkildə narkotika aludəçilərinə satıldığını ifadə edən Klark, "Bir çox narkoman heroin və morfi istifadə etdiklərini düşünürdü, lakin aldıqları məhsul fentanillə qarışmışdı. Sadəcə çox təsirli olduğunu söylədilər. Bu, kartelin tələb yaratmaq strategiyasıdır” deyib.
ABŞ-da ən çox müzakirə olunan məsələlərdən biri olan fentanil asılılığı həddindən artıq dozadan ölüm hallarının kəskin artmasına səbəb olub. Rəsmi rəqəmlərə görə, fentanildən ölüm halları 2016-2021-ci illər arasında 279 faiz artaraq hər 100 min nəfərə 21,6-ya çatıb.