Azərbaycanda fermerlər üçün yeni güzəştlərin tətbiqi gözlənilir. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA ) müvəkkil bankları fermerlər üçün yeni məhsul təqdim edəcək. Bunu AKİA-nın sədr müavini Mehman İsmayılov bildirib.Onun sözlərinə görə, yeni məhsul kənd təsərrüfatı məhsullarının istehsalçılarının faiz xərcini dövlətin ödəməsini nəzərdə tutur: “Banklar öz vəsaitləri hesabına kredit veriləcək və onların faizini dövlət qarşılayacaq. Bu layihə imzalanmaq üçün aidiyyəti qurumlara təqdim edilib. Yaxın zamanlarda bununla bağlı ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, bu gün fermerlərə subsidiyalar Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. İlkin mərhələdə 2023-2024-cü təsərrüfat ili üzrə 536 min 702 əkin bəyanı əsasında 263 min 992 fermerə, ümumilikdə, 109 milyon 517 min manat əkin subsidiyası ödənilib. Subsidiya ödənişləri payızlıq əkinlər və çoxillik əkmələrə görə bəyan edilmiş 543 min 298 hektar sahəni əhatə edir.
Yeri gəlmişkən, Aqrar Subsidiya Şurası 2024-cü il üçün bitkiçilik sahəsində subsidiyaların məbləği ilə bağlı qərar qəbul edib və qərara əsasən, baza məbləği 200 manat götürülüb. Baza məbləği deyəndə bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə edilən sabit maliyyə vəsaiti nəzərdə tutulur.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bizimlə söhbətində bildirib ki, əslində bu gün iqtisadiyyatın müxtəlif sahələrində sahibkarlara dəstək göstərilir: “İndi Aqrar Kredit və İnkişaf Agentliyinin müvəkkil bankları fermerlər üçün yeni məhsul təqdim edəcək. Kənd təsərrüfatı ilə məşğul olanlara kredit subsidiyası verilməsi nəzərdə tutulur. Bu günə kimi fermerlərə müxtəlif adda dəstək göstərilib. Ancaq bu ele formada verilib ki, fermer, sahibkara çətinliklə çatıb. Yəni, kredit subsidiyasının səmərə verməsi üçün şəffaflıq, dürüstlük yüksək səviyyədə olmalıdır. Hesab edirəm ki, kənd təsərrüfatı ilə məşğul olanlara yardım sadə yolla verilməlidir. Ümumiyyətlə, kredit ayrılandan sonra fəaliyyətin daha düzgün qurulmasına nəzarət etmək lazımdır”.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Eyyub Kərimli də qeyd edib ki, məsələ tək güzəştli kreditin təmin edilməsində deyil: “Təşəbbüs yaxşıdır. Kredit ayrılandan sonra fəaliyyətin daha düzgün qurulmasına nəzarət etmək lazımdır. Burada əsas məqam fermerlərin fəaliyyətinin düzgün istiqamətləndirilməsinə riayət olunmasıdır. Kredit götürən fermerlər üçün dəqiq bazar araşdırılmalıdır. Bəzən görürük ki, fermerlər güzəştli vəsaitdən istifadə edirlər, riskləri düzgün hesablamırlar. Növbəti hava şəraiti, yaxud digər səbəblərlə bağlı problemlər yaranır, məhsulları məhv olur, pis duruma düşürlər, müflis olurlar. Fikrimcə, fermerlərin fəaliyyətinə düzgün yanaşma sərgilənsin. Eyni zamanda, bu sahəyə yeni texnologiyaları tətbiq edən fermerlərə kreditlərin verilməsi daha uyğun olardı. Bu gün kənd təsərrüfatında daha çox ənənəvi üsullardan istifadə olunur. Yeni yanaşma, yeni texnologiyalar əsasən də suvarma sistemində, toxumçuluqda istifadə olunmur. Hesab edirəm, kreditlərin verilməsi həm də bu məsələni tənzimləməlidir. Burada əsas fermerin öz işində müasir texnologiyanı tətbiq etməsi və satış kanallarını əldə edə bilməsidir. Problemlərdən biri odur ki, bəzən fermerlərin məhsulu çox olanda sata bilmirlər. Məhsulları xarab olur. Ölkədən xaricə mallarını sata bilmirlər. Bu sahədə onların biliklərə yiyələnməsinə ehtiyac var. Təcrübə göstərir ki, əsas məsələlərdən biri satış bazarının məhdud olmasıdır. Kreditləri o fermerlərə vermək lazımdır ki, onların satış imkanları daha geniş olsun, bazarı məhdud olmasın”.