“Fərqlənmə” diplomlu məzunlar – iş tapa bilirlərmi?

18:36 07.10.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Dövlət tərəfindən tez-tez tələbə və məzunların işlə təmin olunması üçün müxtəlif layihələrin həyata keçirilməsi və yeni qurumların yaradılması kimi addımlar atılmasına şahid oluruq. Bütün bu addımlar yenicə məzun olmuş gənclərin tam şəkildə işlə təmin edilməsinə şərait yaratmasa da, problemin həllində ciddi işlərin görülməsindən xəbər verir.

Bəzi məzunlar da var ki, onlar oxuduqları ali təhsil müəsisəini əla qiymətlərlə -“Fərqlənmə” ilə başa vururlar. Bəs görəsən ali təhsil müəsisələri özləri belə şəxslərin işlə təmin edilməsinə nə cür dəstək nümayiş etdirirlər? Ümumiyyətlə universitetlər məzunların iş tapmasına hansı köməklikləri göstərir?

Hafta.az mövzu ilə bağlı ölkənin bir sıra universitetlərinə sorğu ünvanladı. Cavablar müxtəlifdir.

İlk müsahibimiz olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat katibi Bəhruz Nəzərov bildirdi ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunlarının 80%-i sonrakı ilk 6 ay ərzində əmək fəaliyyətinə başlayıblar. Onların 92%-i öz ixtisası üzrə çalışır:

“2020-2021-ci tədris ilində 140 nəfər bakalavr, 286 nəfər magistr və 38 nəfər isə universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız universitetinin tələbəsi təhsili fərqlənmə diplomu ilə bitirdi. Onlardan bir qismi bizim dekanlıq və kafedralarda yarımştat olaraq tyutor və laborant kimi işə qəbul olunub. 140 bakalavrdan təqribən yarısı magistratura təhsili almaq üçün universitetə qəbul olunub. Digərləri isə universitetin əməkdaşlıq etdiyi məzun-karyera sərgiləri çərçivəsində yaxud da öz səyləri ilə işlə təmin olunublar. Məzunlarımız "Azərenerji", "SOCAR", "Azəriqaz", "Azərişıq" kimi şirkətlərdə əmək fəaliyyətinə başlayıb.  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunlarının 80%-i sonrakı ilk 6 ay ərzində əmək fəaliyyətinə başlayıblar. Onların 92%-i öz ixtisası üzrə çalışır. Son dövr məzunlarımızdan neft emalı zavodunda işləyənləri də var”.

Katib bir məqamı xüsusi olaraq vurğuladı. Bu da ADNSU-un həm işləyən tələbələrə həm də məzunların işlə təmin edilməsinə böyük dəstək göstərməsidir:

“Universitet 80 baldan yuxarı göstərici ilə məzun olan tələbələrin işlə təmin olunmasına xüsusi önəm verir. Eyni zamanda universitetin özünün kadr potensialını gücləndirmək məqsədilə ciddi işlər görülür. Bildiyiniz kimi universitetin nəzdində fəaliyyət göstərən iki kollec də var ki, məzunlarımız burada da işlə təmin edilirlər. Söhbət müəllim kimi işləməkdən gedir. Öncə kollecdə müəllimlik edən məzunlarımız daha sonra universitetə cəlb edilirlər. Nəzərinizə çatdırım ki, ADNSU-da magistr dərsləri saat 18:30-dan sonra başlayır ki, bu da tələbələrin rahat iş fəaliyyəti göstərə bilmələri üçün yaradılmış şəraitdir”.

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı isə düşünür ki, bu təhsil ocağını bitirən tələbənin ölkəmizdə iş tapa bilməməsi mümkünsüz haldır. Buna səbəb isə Azərbaycan Dillər Universitetində 20-dən çox dildə tədrisin təşkilidir:

“Azərbaycan Dillər Universitetində tədris olunan ixtisaslar spesifik dil ixtisasları olduğuna görə məzunlarımızın işlə təmin olunması məsələsində hər hansı bir çətinlik olmur. Çünki, burada 20-ə yaxın dil tədris edilir. Məzunlarımız Xarici İşlər Nazirliyində, müxtəlif diplomatik korpuslarda, səfirliklərdə və xarici kompaniyalarda çalışırlar. Bura xüsusən də universiteti fərqlənmə diplomu ilə bitirən tələbələr aiddirlər. Bilirsiniz ki, adını çəkdiyim strukturlarda işə qəbul ən yüksək imtahanlara əsaslanaraq götürülür. Öz ixtisasına mükəmməl şəkildə yiyələnmədən belə qurumlarda iş tapmaq qeyri-mümkündür. Ona görə də düşünürəm ki, Dillər Universitetindən məzun olan, daha sonra öz üzərlərində işləyən məzunların işlə təminatı məsələsində hər hansı sıxıntı yaşanmır. Tədris edilən 20 dilə, İndoneziya dili, Çin dili, Koreya dili, Yapon dili, Skandinaviya ölkələrinin dilləri və baza hesab edilən Avropa ölkələrinin dilləri daxil dillər tədris edilir. Elə adı çəkilən ölkələri Azərbaycanda təmsil edən müxtəlif strukturlarda bizim məzunlar işlə təmin olunurlar”.

Azərbaycan Dövlət Pedoqoji Universitetin mətbuat katibi Cavid Hüseynov özü isə elə işlədiyi universitetin vaxtilə tələbəsi olub. Onun sözlərinə görə, universitet məzunların işlə təmini məsələsinə olduqca maraqlıdır. Buna ən yaxşı misal isə özü və onun kimi buranı bitirib işlə təmin olunan iş yoldaşlarıdır:

“Deyə bilərəm ki, mən mətbuat katibi, əlavə olaraq şöbə müdiri və 2 əməkdaş universitetin yaxın zaman məzunlarıdır. Amma, biz fərqlənmə ilə bitirməmişik. Mən özüm 2018-ci il bakalavr, 2020-ci il magistratura məzunuyam, 2019-cu il məzunu olan Elvin Vahidov mütəxəss kimi və 2019-cu il məzunu Taleh Mirzəyev redaktor kimi bizim əməkdaşdır. Eyni zamanda Tələbələrlə İş və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Turan Kərimli 2016-cı il bakalavr, 2019-cu il magistratura pilləsinin məzunudur. Biz hər birimiz təhsilimiz bitən kimi universitetlə işlə təmin olunmuşuq”.

Bu barədə daha ətraflı məlumat əldə etməkl üçün həmin universitetin Məzun-karyera mərkəzinin rəhbəri Könül Əsgərova ilə həmsöhbət olduq. Könül xanım bildirir ki, bu il təhsil ocağını 46 bakalavr, 76 magistratura pilləsində təhsil alan tələbə “fərqlənmə” ilə bitirib. Onların işlə təmin olunması məsələsinə gəldikdə isə, qurum rəsmisinin sözlərinə görə, bakalavr səviyyəsindən məzun olan şagirdlərin ixtisasları üzrə işlə təmini “Müəllimlərin İşə Qəbulu”(MİQ) imtahanından sonra mümükün olduğundan burada universitet tələbəyə kömək edə bilmir. Magistratura pilləsini fərqlənmə ilə bitirən tələbələr isə işlə bağlı müraciət etdikləri təqdirdə təhsil ocağı onlara öz dəstəyini göstərir. Bundan başqa Azərbaycan Dövlət Pedoqoji Universiteti 300-dən artıq özəl tədris müəsisəsi ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində MİQ imtahanında uğurlu nəticə göstərməyən bakalavr pilləsinin məzunları universitet vasitəçiliyi ilə həmin özəl təhsil mərkəzlərində işlə təmin olunurlar.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ictimayətlə əlaqələr şöbəsinin rəhbəri Şəhanə Müşfiqdən də sualımıza ürəkaçan cavablar gəldi. O, deyir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nadir ali təhsil ocaqlarından biridir ki, həm müəllimlərinin, həm də əməkdaşlarının ciddi çoxluğu öz məzunlarıdır:

“Universitet hər zaman öz məzunlarının işlə təmini məsələsinə ciddi həssaslıqla yanaşıb. 2019-2020-ci tədris ilində universiteti 2 bakalavr, 14 magistr tələbəsi fərqlənməylə bitirib. 2020-2021-ci tədris ilində isə yenə də 2 bakalavr, 15 magistr tələbəsi fərqlənmə diplomu ilə başa vurub. Onlardan bəziləri elə ADMİU-nun əməkdaşıdırlar.  Ötən illərdə ADMİU-nu fərqlənmə diplomu ilə bitirmiş Aytac Şahmar, Könül Şahmar, Akifə Abbasova və başqaları hazırda universitetin müxtəlif şöbələrində çalışırlar.  Ümumən isə son illərdə bitirmiş İsmayılova Əminə, Kazımova Ziyafət, Həşimova Sənubər, Quliyev Şahin və başqaları hazırda ADMİU-da əmək fəaliyyətini davam etdirən məzunlarımızdır”.

Həmçinin, ADMİU-nun məzunları ölkənin müxtəlif mədəniyyət və sənət ocaqlarında fəaliyyət göstərməkdədirlər. Şəhanə xanım uğurlu göstəricilərlə məzun olub müxtəlif peşələrdə fəaliyyət göstərən bir neçə şəxsin də adını çəkdi:

“2018-2020-ci ildə Kinoşünaslıq ixtisası üzrə magistr təhsili almış Həmidli İlkin hazırda kinostudiyada 2-ci rejissor vəzifəsində çalışır. 2017-2021-ci illərdə Sənətşünaslıq ixtisasında təhsil alan Mustafayeva Kəmalə hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında saathesabı müəllimdir.  2019-2021-ci illərdə Dizayn ixtisası üzrə təhsil almış Bağırova Gülnar "Qlobal sistem" MTL-də memar/dizayner kimi çalışır. 2016-2020-ci illərdə Qrafik dizayn ixtisasında təhsil alan Əliyeva Nadin hazırda Bakı Mədəniyyət Baş İdarəsinin qrafik dizayneridir.  Eləcə də, məzunlarımız arasında Kukla Teatrında, ARB24 MMC-də, Azərbaycan Dövlət Pedaqoji Universitetdə, Azərbaycan Milli İncəsənət Muzeyində və müxtəlif regionların Mədəniyyət şöbələrində çalışanlar var”.

Sorğumuzdan belə nəticəyə gəldik ki, ölkədəki əksər universitetlər məzunları işlə təmin edə bilmək üçün xeyli zəhmət çəkirlər. Təki belə addımlar davamlı olsun. Olsun ki, tələbələr də həm keyfiyyətli təhsil ala bilsin, həm də gələcəyə ümidlə baxsınlar.