Vətən müharibəsində ağır məğlubiyyətə uğrayaraq, bütün hərbi imkanlarını tükədən Ermənistan Qərbin “şirin” dilinə aldanaraq, Azərbaycanla sülh müqaviləsi imzalamaqdan imtina edir, həmçinin özünün 30 illik ağası Rusiyaya qarşı demarşını davam etdirir.
Bu işdə ən böyük dəstəkçisi isə dünya siyasətində diplomatik məğlubiyyətlərlə heç bir konkret hədəfi olmayan Fransadır. Daha doğrusu, buradakı erməni lobbisinin əsirinə çevrilən fransız hökumətidir.
Sirr deyil ki, Paris illərboyu ermənilərin Azərbaycan torpaqlarının işğalını sürdürməsinin gizli dəstəkçisi olub. Azərbaycanın tarixi zəfəri Fransanın əsl simasını ortaya qoyub. “Uğurlu gələcək, Avropaya inteqrasiya, Qərb sərmayəsi” kimi aldadıcı vədlərlə bu gün Cənubi Qafqazdakı mövcud reallığı və sülh imkanlarını sıfıra endirməyə çalışan Fransa nümayişkaranə şəkildə Ermənistanı silahlandıracağını bəyan edib.
Nümunə sayıla biləcək sayda hava hücumundan müdafiə sistemləri vəd edən Paris indi də İrəvana köhnəlmiş və heç bir işə yaramayan “Bastion” döyüş maşınları göndərir. Hansı ki, bununla bağlı xəbərlərin yayıldığı elə ilk gündəcə Fransa mətbuatı həmin maşınların öncə Ukraynaya təklif edildiyini, lakin Kiyevin bu maşınlardan yararsız və real döyüş şəraitində dözümsüz olduğunu əsas gətirərək, imtina etdiyinə dair məlumatlar dərc edildi.
İndi isə İrəvanda Paşinyan hökuməti yararsız silahların alışını “piar”a çevirərək Ermənistanın Qərb silahlarına sahib olduğunu bəyan edir. Əslində, İrəvanın bu addımları elə ölkə daxilində gülünc vəziyyət yaradıb. Rəqibləri Paşinyanın Fransadan silah-sursat alışını Rusiyadan raketləri və hərbi təchizatı olmayan “Su-30” qırıcılarının alışı prosesi ilə müqayisə edirlər.
Təbii ki, nə qədər yararsız və zəif olduğu iddia edilsə də, Fransanın məlum addımları bölgədə sülh imkanlarını təhdid edir. Parisin diktəsi ilə aparılan “piar” kampaniyası isə İrəvanda yenidən revanşist qüvvələrin baş qaldırmasına, Azərbaycanın milli maraqlarını təhdid etməsinə doğru aparır. Bu gediş isə bölgədə yenidən gərginliyin artması, Azərbaycanı yeni müharibəyə təhrik etməyə hesablanıb. Vətən müharibəsi, antiterror tədbirləri zamanı aparılan hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan, hətta Parisin belə qəbul etmək məcburiyyətində qaldığı suveren ərazilərimizdə və sərhədlərimiz daxilində həyata keçirilmişdi. İndiki gərginlik fonunda isə toqquşmaların sərhəddə yaşanacağı heç kimə sirr deyil. Qarabağ ermənilərinin könüllü köçü ilə bağlı “etnik təmizləmə” oyununun və ittihamlarının da puç olduğunu nəzərə alsaq, Paris Cənubi Qafqazda yeni məkrli planlar qurur. Məqsəd isə sülhü əngəlləmək, hərbi toqquşmalara rəvac verməklə üç dəfə BMT-də uğradığı həzimətin, Bakının Fransanın müstəmləkəçilik siyasətinin ifşası ilə bağlı həyata keçirdiyi tədbirlərin «qisası»nı bu dəfə «Ermənistana təcavüz» adı ilə Azərbaycana qarşı növbəti səlib yürüşü həyata keçirməklə almaq istəyir.
Bakı hər zaman olduğu kimi, prosesləri diqqətlə izləyir, lazımi anda və məqamda öz sözünü deməyi bacarır. Ermənistan isə yenə də özünün ənənəvi siyasətinə sadiq qaldığı üçün Bakının ona təklif etdiyi imkanlardan məhrum olur. Elə «Zəngəzur dəhlizi» layihəsində olduğu kimi. Qərbin yağlı vədləri ilə bağlı isə artıq bir çox təcrübə mövcuddur. Elə bu silahların Ermənistana daşınmasına icazə verən qonşumuz Gürcüstan və Qərbin vəd etdiyi dəstəkdən artıq məhrum olmaq təhlükəsi ilə üz-üzə qalmış Ukrayna kimi...
Azərbaycanın ictimai-siyasi kəsiminin düşüncəsi necədir? Fransanın bölgəmizi təhdid edən bu oyunlarına hansı cavab verilməlidir?
Aydın Hüseynov, Milli Məclisin deputatı:
– Ermənistan oyuncaq dövlətdir, xarici siyasət konsepsiyası yoxdur. Yarandığı gündən bu və ya digər dövlətlərin əlində oyuncaq olub. Ermənistanın asılı dövlət olduğu beynəlxalq aləmə yaxşı məlumdur. Ona görə də Fransa, müəyyən mərkəzlər öz maraqlarını təmin etmək üçün guya Ermənistana dəstək verib, niyyətlərini gerçəkləşdirmək istəyir. Müstəmləkəçi Fransa Qafqaza əl qoymaq istəyir. Bu, mümkün deyil. Birinci növbədə, Fransa bütün dünyada nüfuzunu itirib. Azərbaycan isə suveren, müstəqil dövlətdir. Azərbaycan iqtisadi, siyasi cəhətdən möhkəmdir. Digər dövlətlər Azərbaycanla siyasi, iqtisadi əlaqələr qurub. Ona görə də Fransanın bütün cəhdləri boşa çıxacaq. Ermənistanı 30 il silahlandırdılar, nə oldu? Kapitulyasiyaya imza ataraq, tamamilə sıradan çıxdı. Ermənistan ordusu fərari ordudur. Ona verilən silahların heç bir əhəmiyyəti yoxdur. Bütün bu proseslər yalnız sülh prosesinə mane olmaq üçün edilir. Reallıq Azərbaycanın tərəfindədir. Fransa öz qərəzli yanaşması ilə uduzacaq.
Musa Quliyev, millət vəkili:
– Fransanın Ermənistanla bərabər regiona qarşı apardığı siyasət bu ölkənin Qafqazla bağlı məkirli niyyətlərindən qaynaqlanır. Bir imperialist dövlət olaraq, artıq Afrikadan əli çıxan Fransa, Qafqazda yerləşmək üçün Ermənistandan alət kimi istifadə edir. Fransa burada birinci növbədə öz imperialist məqsədlərini, iqtisadi maraqlarını güdür. Fransanın ardıcıl olaraq Azərbaycan əleyhinə böhtanları, qərəzli çıxışları da bununla bağlıdır. Son günlər Fransanın açıq şəkildə bütün diplomatik, beynəlxalq normaları pozaraq Ermənistana silah göndərməsi heç bir məntiqə, siyasi münasibətlərə, siyasi etikaya sığmır. Heç şübhəsiz, Fransanın bu hərəkətləri Makronun şəxsiyyəti, şəxsi düşüncələri ilə bağlıdır. Gələn il Fransada seçkilərdir, Makron hakimiyyətdən gedəcək. Ümid edək, ondan sonra ağıllı insanlar orada hakimiyyətə gələr və başa düşərlər ki, Qafqazda əsas, uğurlu əməkdaşlıq edilməli ölkə Azərbaycandır. Azərbaycan belə təhdidləri, təxribatları, aqressiv münasibərləri çox görüb. Bütün bu təzyiqlərin öhdəsindən layiqincə gəlib. İndi Azərbaycan özünün zəfər dövrünü yaşayır, ölkəmiz beynəlxalq siyasətdə də çox güclüdür. Fransanın bu siyasəti iflasa uğrayacaq, ifşa olunacaq. Fransa Brüsseldə keçirilən sülh danışıqlarına əks-təsirini göstərir. Bu, Fransanın Qafqazda sülh prosesini pozmaq cəhdlərindən biridir. Paris bölgədə müharibə vəziyyətinin uzun müddət qalmasını təmin etməklə öz məqsədlərinə çatmaq istəyir. Bu, uzun müddət davam edə bilməz. Azərbaycanın təklif etdiyi, Türkiyənin də dəstək verdiyi sülh proqramı Ermənistan tərəfindən qəbul olunacaq. Ermənistanın başqa yolu yoxdur. Fransa regiondan çox uzaqdadır, Ermənistana dəstəyi yalnız epizodik xarakterli olacaq. Ermənistanda da başa düşürlər ki, onların xilası Türkiyə ilə Azərbaycanla iqtisadi əməkdaşlıqdan keçir.
Məlahət İbrahimqızı, millət vəkili:
– Azərbaycan Avropa ilə ən etibarlı tərəfdaş kimi əməkdaşlıq edir. Azərbaycan Prezidentinin Avropada, eləcə də dünyada böyük nüfuzu var və o, ölkələri dərəcələrə bölən imperialist qüvvələrə qarşı mübarizə aparan qətiyyətli liderdir. Biz Qoşulmama Hərəkatının, eləcə də bir çox beynəlxalq tədbirlərdə də bunun şahidi oluruq. Fransa isə ləkəli bir tarixə malikdir. Fransa Afrika, Asiya xalqlarına qarşı insanlığa yaraşmayan cinayətlər törədib, o ölkələrin əhalisini alçaldıb, kölə halına salaraq onların sərvətlərini sümürüb. Fransa yenə də həmin düşüncədədir. Ancaq unudur ki, artıq XXI əsrdir və dünya başqa reallıqlarla qarşı-qarşıyadır. Dünya II Dünya müharibəsindən sonra İnsan Haqları Bəyannaməsinə imza atıb. İrqindən, cinsindən, dinindən asılı olmayaraq bütün insanlar bərabərdir. Bir sıra beynəlxalq təşkilatlar daxil olmaqla, Fransa kimi dövlətlərin yanaşması qərəzli, imperialistdir və işğalçı dövlətləri körükləmək üçün qərəzli addımları ilə diqqət çəkir. Fransanın Ermənistanla birlikdə regionda müharibə ocağı yaratmaq cəhdi boşa çıxacaq. Fransa Avropa Birliyində əsas ölkələrdən biridir. Ona görə də Brüsselə təsir edə bilir. Bunun heç bir effekti olmayacaq. Əgər Avropa enerji təchizatında Azərbaycanı əsas strateji tərəfdar kimi qəbul edirsə, onun haqqını qorumağı bacarmalıdır. Bu gün dünyada gedən müharibələr, əsasən, enerji, logistika layihələri üzərində aparılır. Azərbaycan bu layihələrin mərkəzində dayanıb. Makron Fransası nə etməsindən asılı olmayaraq, regionda gedən sülh prosesinə maneə yarada bilməyəcək. Biz geriyə dönülməyən yoldayıq. Ərazi bütövlüyümüzü, sərhədlərimizi bərpa etmişik. Bundan sonra Makron kimilər nə edir-etsin, reallığı dəyişə bilməyəcək, prosesləri bu yoldan geriyə çevirə bilməyəcəklər.