Fransanın bu mövqeyinin sülhə heç bir təsiri olmayacaq - Hikmət Babaoğlu

16:01 15.11.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Avropa İttifaqının bəzi davranışları regionda tərəfdaşlığın və əməkdaşlığın inkişafına xidmət etmir. Birtərəfli bəyanatların verilməsi, 30 il Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanı dəstəkləyən fikirlər səsləndirməsi, bəzən bu fikirlərin Azərbaycanı təhdid edəcək ritorika ilə səsləndirilməsi nəticə etibarilə bu təşkilatın özünün nüfuzuna ziyandır və özünün irəli sürdüyü siyasi fəlsəfəyə ziddir”.

Bunu Hafta.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu Qərbin, Avropa İttifaqının Fransa simasında açıq şəkildə Azərbaycana qarşı qərəzli mövqedə dayanması ilə bağlı açıqlamasında bildirib. 

Deputat qeyd edib ki, ATƏT Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatıdır. O, hesab edir ki, belə olduğu halda bütün təşkilatlardan daha çox ATƏT-in marağında olmalıdır ki, regionda sülh əldə edilsin və bu sülh beynəlxalq hüquqa əsaslansın.

“Azərbaycan beynəlxalq hüquqdan,  Avropa İttifaqının qəbul etdiyi dəyərlərdən, siyasi kriteriyalardan kənar sülh istəmir. Çox təəssüf ki, bu gün hələ də Azərbaycanın 8 kəndi Ermənistanın işğalı altındadır. Sülhə maneə olan məsələlərdən biri Ermənistanın hələ də Azərbaycanın 8 kəndini işğal altında saxlaması, kommunikasiyaları açmamasıdır. Yaxşı olar ki, Avropa İttifaqı daha çox bundan narahat olsun, fikir səsləndirsin. Əksinə, Avropa sülhün əldə olunmasına maneəçilik törədir. Çox təəssüf ki, biz bunun şahidi oluruq”.

H.Babaoğlu bildirib ki, əslində Avropa İttifaqının bu cür yanaşması Azərbaycanı təəccübləndirmir. Çünki ATƏT-in yaratdığı və bu gün artıq tarixə qovuşmuş Minsk qrupunun fəaliyyətindən hansı mövqedə olduğunu bilirik.

“Amma çox təəssüf ki, bu gün Fransa kimi bəzi ölkələr Avropa İttifaqı içərisində olan islamafob dünya görüşlü siyasətçiləri də arxasına alaraq Azərbaycana qarşı bu cür aqressiv bəyanatlar verir. Amma bunun nəticə etibarilə Azərbaycan üzərində heç bir təsiri olmayacaq.  Çünki bizim mövqeyimiz ədalətə, beynəlxalq hüquqa, əməkdaşlığa və sülhə əsaslanır”.

Deputat eyni zamanda qeyd edib ki, əgər hər hansı bir ölkəyə silah göndərilirsə, demək orada münaqişə üçün perspektivlər yaradılır.

“Bu gün Fransa Avropa İttifaqının lokamativ ölkələrindən biri kimi  israrla Ermənistanı silahlandırır və birtərəfli qaydada Azərbaycan əleyhinə təbliğat aparır, beynəlxalq hüququn kriteriyalarını, tələblərini dəyişərək Azərbaycana qarşı gələcəkdə təsir göstərəcək hüquqi sənədlər əldə etməyə çalışır. Sonra da sülh təşəbbüskarı kimi vasitəçi olmaq iddiası ilə çıxış edir. Bu nə siyasi məntiqə sığışmır, nə də real proseslərin nizamlanması kontekstində obyektiv qiymətləndirilə bilməz. Fransanın bu mövqeyinin sülhə heç bir təsiri olmayacaq”.