Gəncədə yararsız heyvan ətinin satışının qarşısı alınıb

14:05 30.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncə şəhəri, Z. Əliyeva küçəsində yerləşən “Təzə Bazar”da fəaliyyət göstərən, fiziki şəxslər Mehdiyev Ramin Hüseyn oğlu və Məmmədova Ziyatel Qəhrəman qızına məxsus ət və ət məhsullarının satışı sahəsinə baxış keçirib.

AQTA-dan hafta.az-a verilən məlumata görə, baxış zamanı baytarlıq sanitariya ekspertizasından keçməmiş ümumi çəkisi 208 kq mənşəyi məlum olmayan ət aşkarlanıb. Müayinələrin aparılması üçün götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Mənşəyi məlum olmayan ətin satışının qarşısı alınıb və məhsullar müsadirə edilərək saxlanca qoyulub.

Müayinələr nəticəsində ətin texniki normativ sənədlərin tələblərinə uyğun olmadığı, köhnə və ölmüş heyvan əti olduğu müəyyən olunub. Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Ümumi çəkisi 208 kq istehlak üçün yararsız heyvan əti yandırılaraq məhv edilib, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub və qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirilib.

 
Oxunma sayı 88