İtaliyanın yeni Baş naziri Giorgia Meloni Nazirlər Şurasının sədri vəzifəsini sələfi Mario Draqidən təhvil alıb.
AZƏRTAC xəbər verir ki, oktyabrın 23-də G.Meloninin rəhbərliyi ilə qurulan yeni - 68-ci hökumətin ilk iclası keçirilib. İtaliyada qaydalara əsasən, Nazirlər Şurasının ilk iclasında yeni hökumətin Baş naziri və nazirlərlə yanaşı, köhnə hökumət üzvləri də iştirak edirlər. İclasda simvolik zəngdən sonra təhvil-təslim mərasimi olub, G.Meloni sələfi M.Draqinin postuna keçib. Həmçinin yeni hökumətdəki 24 nazir üçün də müvafiq qurumlarda təhvil-təslim mərasimləri keçirilib.
Yeni hökumətdə nazirlərdən yalnız 6-sı, yəni, 25 faizi qadındır. Əvvəlki iki hökumətdə isə bu göstərici 30 faizdən çox olub, hətta 2014-cü ildə ən yüksək həddə - 50 faizə çatıb.
Nazirlər Şurasının üzvlərinin orta yaş həddi isə 60-dır. Bu hökumət indiyədək ölkədə qurulmuş ən yaşlı hökumət hesab olunur.
G.Meloni hökumətinin gələn həftə ərzində parlamentin yuxarı palatasında - Senatda və aşağı palatada – Deputatlar Palatasında etimad səsverməsi keçirməsi gözlənilir. Sağçı koalisiya hökuməti ikipalatalı parlamentdə təsdiq alarsa, rəsmi qaydada vəzifəsinin icrasına başlayacaq.