Güclü Azərbaycan diasporu formalaşmağa başlayıb - Mayisə Ağamirzəyeva

11:52 07.07.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi məsələləri dövlət siyasətinin əsas prioritetlərindən sayılır. Hazırda diaspor quruculuğunda aparılan məqsədyönlü və geniş şaxəli dövlət siyasəti nəticəsində yeni hədəflər və məqsədlər müəyyənləşdirilib. İndi kəmiyyət və keyfiyyət baxımından yenilənmiş soydaşlarımıza yerli cəmiyyətlərə sıx inteqrasiya olunmaq, ictimai-siyasi və humanitar sahələrdə yaşadıqları ölkələrə töhfələr bəxş etmək, ictimaiyyət arasında nüfuz yiyəsinə çevrilməklə Azərbaycanın və azərbaycanlıların adını ucaltmaq kimi vacib tövsiyələr verilir. Bu istiqamətdə mütəşəkkil fəalliyyəti təmin etmək naminə müxtəlif ölkələrdə azərbaycanlıların Koordinasiya şuraları yaradılır, Azərbaycan Evləri təsis edilir. Xaricdə yaşayan elm, mədəniyyət, incəsənət xadimlərinin, gənclərin bir araya gətirilməsi üşün müxtəlif layihələr həyata keçirir. Mövzu ilə bağlı “Həftə içi” qəzetinin müsahibi “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyevadır.

- Mayisə xanım, bu günlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi tamam oldu. Bu sahədə 20 illik fəaliyyəti necə qiymətləndirirsiniz?

- Yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan dogma Komitəmiz 20 il ərzində enişli-çıxışlı yollar keçərək, özünü doğruldub. Son illər ərzində isə dünya azərbaycanlılarının fəallığı diqqəti cəlb edir. Bu gün soydaşlarımızın mütəşəkkil şəkildə fəaliyyət göstərməsi məqsədilə yaradılan Koordinasiya şuraları, Azərbaycan evləri, həftəsonu Azərbaycan məktəbləri, gənclərdən ibarət müxtəlif platformalar və onlarla yeni yaranan diaspor təşkilatları Dövlət Komitəsinin son illərdəki uğurlu fəaliyyətinin nəticəsidir. Ağır pandemiya mərhələsində diaspor  təşkilatlarının öz fəaliyyətini müxtəlif informasiya texnologiyaları vasitəsilə davam etdirməsi, Tovuz hadisələri, Vətən müharibəsi, postmüharibə dönəmində dünya azərbaycanlılarının bir araya gətirilməsi, birlik və həmrəylik nümayiş etdirməsi Komitənin həyata keçirdiyi peşəkar koordinasiya nəticəsində mümkün olub. Ən əsası, Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi bu fəaliyyətin yüksək zirvələrindən biri hesab oluna bilər. “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis olunması, təşəkkürnamələr dövlətimizin diasporumuza göstərdiyi diqqətin və həssas münasibətin təzahürüdür. Gələcəkdə Komitə ilə diaspor təşkilatlarının əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsini arzulayıram. Çünki gücümüz birliyimizdədir.

- Bu gün, diasporumuzun mütəşəkkil qüvvəyə çevrildiyini söyləyə bilərikmi? Sizin bununla bağlı müşahidələriniz nədən ibarətdir?

- Hesab edirəm ki, indi öz fəaliyyətini hərtərəfli quran güclü Azərbaycan diasporu formalaşmağa başlayıb.  Tovuz hadisələrindən başlayaraq 44 günlük Vətən müharibəsi dövründə təkcə yaşadığım ölkəni təmsil edən birisi kimi deyə bilərəm ki, Hollandiyada yaşayan azərbaycanlılar həqiqətən də “Qarabağ Azərbaycandır! şüarı ilə birləşdilər. Yəni ürəyi Vətənlə döyünən vətəndaşlarımız əllərinə bayrağımızı alaraq istər Tovuz hadisələri, istərsə də Gəncə hadisələri zamanı keçirdiyimiz izdihamlı mitinqə böyük həvəslə gəlmişdilər. 44 günlük Vətən müharibəsi hamımızı daha da sıx birləşdirdi. O vaxtı hamı bir-birinə durmadan zəng edirdi, əlaqə saxlayırdı, Azərbaycan həqiqətlərini çatdırmaq məqsədilə insanlar müvafiq təşkilatlara məktublar hazırlayıb göndərirdilər. Təbii ki, bu məsələdə diaspor təşkilatlarının üzərinə olduqca böyük məsuliyyət düşürdü. Bu işlərdə Azərbaycanlıların Koordinasiya Şuralarının yaradılmasının çox böyük əhəmiyyəti oldu. Məsələn, mənim yaşadığım Hollandiyada fəaliyyət göstərən bütün təşkilatlar istər sosial media, istərsə də telefon vasitəsilə səfərbər oldular və müvafiq təşkilatlara məlumatlar göndərildi. Bütün bunlar Azərbaycan diasporunun ayağa qalxmasından, azərbaycanlıların birləşməyindən xəbər verirdi. Bu gün də yenə vurğuladığım kimi, bizim müharibəmiz bitsə də, mübarizəmiz bitməyib. Bilirsiniz ki, aprel ayında Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirildi və mən də orada idim. Həmin tədbiri digərlərindən fərqləndirən onun Zəfər Qurultayı olması, Şuşada keçirilməsi idi. Bu Qurultay yeni reallıqlar şəraitində Azərbaycan diasporunun fəaliyyəti üçün yol xəritəsi oldu. Prezidentimizin də tövsiyyəsi əsasında indi daha çox lobbiçiliyi inkişaf etdirməliyik. Mübarizəmiz davam etdiyi üçün burada yetişən, böyüyən gəncləri daha çox vətənpərvər, milli ruhda böyütməliyik. Bunun üçün daha çox Azərbaycan məktəbləri açılmalıdır. Məsələn, sədri olduğum “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin nəzdində həftəsonu məktəbi fəaliyyət göstərirdi. Amma həm pandemiya, həm də digər səbəblərdən həmin məktəbin fəaliyyətini dayandırmaq məcburiyyətində qaldıq. Başqa təşkilatların nəzdində təbii ki, həftəsonu Azərbaycan məktəbləri fəaliyyət göstərir.

- Xaricdə yaşayan gənclərimiz bu prosesdə nə dərəcədə aktivdir? Onlar sizə dəstək verirlərmi?

- Təbii ki, biz onların dəstəyini hər zaman görürük. Burada gənclər olduqca aktivdirlər və ürəyi Vətənlə döyünən kifayət qədər gənclərimiz var. Bu da onlara tərbiyə verən azərbaycanlı ailələrdən irəli gəlir. Uşaq ailənin güzgüsüdür. Biz onları necə öyrədiriksə, ailədə necə davranırıqsa onlar da o yöndə inkişaf edirlər. Müharibə zamanı həmin gənclər bir gün olsun dayanmadılar, sosial şəbəkədə olduqca aktivlik nümayiş etdirdilər. Hazırda da onlardan aktiv olan gənclər var.

- Bu gün Azərbaycan diasporunun digər ölkələrin diasporları ilə əməkdaşlığı hansı səviyyədədir?

- Bu gün Azərbaycan və Türkiyə diasporu birlikdə hərəkət edir. Bu Vətən Müharibəsi dövründə də özünü bariz şəkildə göstərdi. Yaşadığımız ölkədə digər ölkələrin diasporları ilə əlaqələrimiz var. Sizə desəm ki, bu əlaqələr çox güçlüdür, bu doğru olmaz. Bu istiqamətdə münasibətləri qurmaq əslində asan deyil. Ancaq bu münasibətləri quran təşkilatlarımız var. Biz özümüz hollandlarla bir neçə tədbir təşkil etmişik. Təbii ki, bu istiqamətdə əlaqələri genişləndirmək olduqca vacibdir. Xüsusilə müharibədən əziyyət çəkən ölkələrin nümayəndələri ilə birlikdə hərəkət etmək daha faydalı olar. Bundan sonra əsas bu xətt üzrə də iş görmək lazımdır. Burada bir məsələ var ki, bununla bağlı təkcə Azərbaycan tərəfə yüklənmək doğru olmaz. Digər ölkələrdən də bu yöndə təşəbbüs yoxdur.

- Avropada erməni lobbisi həmişə “fəal” olub, mütəmadi olaraq Azərbaycana qarşı müxtəlif qarayaxma kampaniyası aparıb. Azərbaycanın parlaq Qələbəsindən sonra  diaspor cəbhəsində demək olar ki, mövqelərimiz gücləndi və qalib xalqın diasporu reallığını yaratdı. Bu gün Avropa erməniləri yenə də öz ampulasındadır, yoxsa, vəziyyət dəyişib?

- Avropada erməni lobbisi fəaldır. Bu da onların yaşadıqları ölkələrdə eyni dinə mənsub olmasından irəli gəlir. Onlar daha çox kilsələrlə iş görürlər. Özlərini dilənçi günə qoyaraq iş aparırlar. Onların canına müharibə vaxtından çox qorxu düşüb. Məsələn, müharibə vaxtı hər gün parlamentin qarşısında dayanırdılar, onlar əsasən də qadınları qabağa verirdilər. Eyni zamanda, şəhərlərarası magistralla çıxıb insanların qarşısını kəsirdilər ki, qoymayın bizi qırırlar. Yəni özlərini rəzil günə qoyurdular. Təbii ki, bunu da bizim gücümüzdən qorxduqları üçün edirdilər və davamlı olaraq diasporumuza qara yaxmaqla məşgul idilər. Elə məni də Vətən müharibə dövründə işlədiyim xəstəxanaya şikayət etmişdilər. Mənim sosial media hesabımdan şəkilimi çəkib xəstəxananın direktorlar şurasına göndərmişdilər ki, güya mən onlar üçün təhlükəli insanam. Heç bir şey əldə edə bilmədilər. Xəstəxana mənim sosial media səhifəmə daxil olub görmüşdü ki, heç bir yerdə xəstəxananın adından istifadə etməmişəm, sadəcə öz fikrimi bölüşmüşəm. Əksinə, vətənpərvərliyimə görə mənə təşəkkür etdilər. Digər tərəfdən, keçən ilin sonundan burada çap olunan bir jurnalla müqavilə bağlamışam. Həmin jurnalda 2 il müddətində azərbaycanlıların müsahibəsi yayımlanacaq. Burada yaşayan 6 azərbaycanlının müsahibəsi çap olunub. Yəni həmin jurnalda Azərbaycanla bağlı çox geniş və ətraflı yazı yayımlanır. Bu kimi işlərimiz çoxdur, hamısı da ermənilərin hiddətinə səbəb olur, gücümüzdən qorxurlar.  Azərbaycanın “dəmir yumruq” gücünü artıq bütün ölkələr, eləcə də bizim yaşadığımız Hollandiyada görürlər.

Oxunma sayı 461