Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi Məktəb nominasiyasında qalib “Günəşi birgə salamlayaq!” layihəsinin əsas oyunu baş tutub. Layihənin əsas məqsədi məktəbdə “Debat klubu”nun təşkili ilə şagirdlər arasında 21-ci əsr bacarıqları sırasında olan ünsiyyət, özünü təqdimetmə və natiqlik bacarıqlarının inkişaf etdirməkdir. Əsas oyun üçün layihə çərçivəsində 6 aylıq təlim və məşqlər keçirildi. Debat klubu təşkil edən şagirdlərlə davamlı təlimlər öz bəhrəsini verib.
Hafta.az xəbər verir ki, son turnir 29 mart 2024-cü il tarixdə H.Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə keçirildi. Turnir Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sukutla yad etməklə başladı. Sonra Dövlət Himni səsləndirildi.
Aparıcı məktəbin Kiçik Akademiyasının üzvü Rəfiqə qonaqları salamlayaraq sözü məktəbin direktoru və layihə rəhbəri G.Rüstəmovaya verib.
G.Rüstəmova öz çıxışında bildirib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII Qrant müsabiqəsində məktəb nominasiyası üzrə məktəbimiz ilk dəfə qalib olub: “Məktəbimiz şəhərətrafı qəsəbədə yerləşdiyi üçün bu layihənin icrası şagirdlərimiz üçün çox əhəmiyyətlidir. İnanıram ki, debatçılarımız layihənin icrasını və debat ənənəsini davam etdirəcək”.
Sonra layihə rəhbəri komandalara uğurlar arzu etdi.
Komandalar səhnədə öz yerlərini tutduqdan sonra oyunun hakimi Anar Nuruzadə çıxış edərək "İKT-nin təhsildə tətbiqi təhsilin keyfiyyətini artırır" mövzusu üzrə oyunun başlandığını elan etdi və uğurlar arzuladı.
Oyunu ilk çıxışı ilə “Təsdiq” komandasının birinci spikeri başladı. Spiker öz arqumentlərini bildirdikdən sonra “Təkzib” komandasının birinci spikeri fikirlərini bildirdi. Beləliklə, spikerlər həm öz arqumentlərini bildirdilər həm də çarpaz toqquşma nöqtələrində açıq müzakirəyə keçdilər. Oyun bitdikdən sonra Hakimlər qiymətləndirmə üçün hakim otağına keçdi.
Oyundan sonra çay fasiləsinə ayrılan iştirakçılar keçirilmiş oyunla bağlı təəssüratlarını bölüşdülər. Qiymətləndirmə bitdikdən sonra hakimlər zala qayıtdı.
Tədbirin ikinci hissəsini məktəbin Kiçik Akademiyasının prezidenti layihənin icraçı direktoru C.Yolçiyev davam etdirdi. Layihə çərçivəsində görülmüş işlərdən bəhs edən C.Yolçiyev sözü məktəbin və layihə psixoloqu R.Ağayevaya verdi. O da öz növbəsində layihə çərçivəsində şagirdlərə göstərilmiş psixoloji dəstəkdən danışdı.
Layihənin fəallarından Sadiq isə öz çıxışı ilə iştirakçıların alqışını qazandı.
Sonra qaliblərin və iştirakçıların təltifetmə mərasimi başladı. Seçilən ən yaxşı 10 natiq və iştirakçılar təltif edildi. Nəhayət, tədbirin ən həyəcanlı anı gəlib çatdı. Komandaların qalibiyyətini təlimçi B.Yusifov elan edərək bildirdi ki, əslində hər iki komanda öz arqumentlərini səlist və qaydalar çərçivəsində təqdim etdilər. “Təsdiq” və “Təkzib” komandalarının hər biri öz aktivliyi ilə başabaş gəldilər. Təsdiq komandası 2,5 bal fərqi ilə qalibiyyət əldə etdi.
Hər iki komandanı təbrik etdikdən sonra B.Yusifov və layihə rəhbəri G.Rüstəmova medalları təqdim etdilər. Beləliklə təlim və məşqləri 6 ay çəkən layihə yekunlaşdı.