Keçən il Rusiyanı tərk edib Gürcüstana gedən rusların böyük hissəsi ölkələrinə qayıdıblar.
Hafta.az-ın yazdığına görə, Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polis İdarəsinin məlumatında deyilir ki, 2023-cü ilin sonunda Gürcüstana 1 milyon 856 min 237 Rusiya vətəndaşı daxil olub. Həmin il 1 milyon 887 min 223 Rusiya vətəndaşı Gürcüstanı tərk edərək vətəninə gedib.
Təkcə ötən ilin payız-qış aylarında Rusiyanın 348050 vətəndaşı Gürcüstana daxil olub, 359 min nəfər isə geri qayıdıb.
Mütəxəssislər bu rəqəmi rusiyalı turist axınının artması ilə iki ölkə arasında açılan birbaşa uçuşların müsbət təsiri ilə izah edirlər.
Statistika onu da göstərir ki, 2022-ci ildə daimi yaşamaq üçün Gürcüstana köçən rusiyalı mühacirlər 2023-cü ildə öz ölkələrinə qayıdıblar.
Rusiya vətəndaşları 2022-ci ildən Gürcüstanda 1550 biznes qeydiyyatdan keçirib və təkcə ötən il 5784 mənzil alıblar.
Mütəxəssislər bildirirlər ki, Gürcüstanda yaşayış bahalaşması, ev kirayələrinin artmasından sonra bu ölkə cəlbediciliyini itirib, ruslar xüsusilə Tbilisi və Batumidə yaşayışın həddindən artıq baha olması səbəbindən bu yerləri dəstə-dəstə tərk edirlər.
Ötən ilin sonunda Rusiya mətbuatında qismən səfərbərlikdən təsirlənməmək üçün ölkəni tərk edən rusların dörddə birinin Rusiyaya qayıtdığı və bu rəqəmin günü-gündən artdığı xəbər verilmişdi.