“Hadisələrin ilk günündən Türk Dövlətləri Təşkilatının dəstəyini hiss elədik” – Qazaxıstan səfiri

12:45 17.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Qazaxıstanda məlum hadisələr başlayan ilk gündən Türk Dövlətləri Təşkilatının dəstəyini hiss elədik. Qardaş ölkələrdən nazirlər və ən yüksək səviyyəli şəxslər ard-arda Qazaxıstan hökumətinə dəstək açıqlamaları verdilər”.

Hafta.az-ın yazdığına görə, bu sşzləri Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekuli deyib. Diplomat bildirib ki, beynəlxalq təşkilat status alan Türk Dövlətləri Təşkilatının dəstəyi ölkəsində çox böyük mənəvi ruh yüksəkliyi yaradıb. “Bu açıqlamalar bizi çox məmnun elədi, çətin günlərimizdə tək olmadığımızı hiss etdik” deyən diplomat hadisələrin mahiyyətindən söz açıb. Deyib ki, hazırda Qazaxıstanın suverenliyinə və ərazi bütövlüyünə edilən hücumların qarşısı tam alınıb, başda Almatı olmaqla, bütün şəhərlərdə təhlükəsizlik təmin olunub. Onun sözlərinə görə, hadisələr zamanı ümumilikdə 225 nəfər həlak olub ki, onlardan 19 nəfəri təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. Bununla yanaşı, 4353-ü yaralı olmaqla, 4578 vətəndaşa müxtəlif formada ziyan dəyib.

“Yaxalanan terrorçular arasında xariclə əlaqəlilərin olduğu bəllidir. Amma konkret hansı ölkələrdən olduqlarına dair hələlik rəsmi açıqlama verilməyib. Vəziyyət hər necə olsa da, terrorçuları din, dil və mənsub olduqları ölkələrə görə tanımamalıyıq. Onları birləşdirən təşkilatla bağlı da indilik dəqiq məlumat yoxdur. Amma bəzi qeyri-rəsmi məlumatlar alınıb ki, aşırı radikal sələfi qruplar bu işdə rol oynayıblar”, - deyib səfir A.Saparbekuli.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qüvvələrinin yanvarın 11-də kömək üçün Qazaxıstana gəldiyini və 19 yanvarda son əskərlərinin ölkəni tərk edəcəyini deyən diplomat əlavə edib ki, Qazaxıstan türk dünyasının bütünləşməsinə ən çox can yandıran ölkələrdən biridir. Özü də bu mövqe Qazaxıstanın uzun vədəli siyasətinin bir parçasıdır. “Qazaxıstanın çoxvektorlu və tarazlaşdırılmış xarici siyasəti ölkənin təhlükəsizliyinin əsas təminatçısıdır. Türk dünyası isə Qazaxıstanın milli kimliyi ilə birbaşa bağlantılıdır. Türk mədəniyyətinin beşiyi olan Böyük Bozqırları, ölkə torpaqlarında yerləşən, türk dünyasının mənəvi paytaxtı Türküstanı və oradakı Piri Hoca Əhməd Yasəvini heç kim görməyə bilməz” deyən qazax diplomat, məlum faciəvi hadisələr zamanı onlara dəstək verən bütün türk ölkələrinə və xalqlarına təşəkkür edib. “Bəli, böyük bir böhran yaşadıq. Amma ölkəmizin müstəqilliyini və ərazi bütövlüyünü təhlükəyə salan bu terror hücumlarının qarşısında dövlət və xalq olaraq dik dayana bildik. Bu hadisə bizə bir çox şeyin həqiqi dəyərini göstərdi. Bundan sonrakı preseslərdə ölkəmizin daha sağlam addımlarla inkişaf edəcəyinə inanıram”, - deyib Qazaxıstanın Türkiyədəki səfiri A.Saparbekuli.

Siyasət rubrikasından digər xəbərlər