Rusiya vətəndaşlarının yaşayış icazəsi almaq üçün ən çox üstünlük verdiyi ölkələrdə bu hüququ əldə etmək üçün tələb olunan şərtlər hansılardır? Rusiya mətbuatı bu məsələni işıqlandırıb.
Hafta.az-ın yazdığına görə, ruslar arasında məşhur olan bəzi ölkələrdə daimi yaşayış icazəsi almaq üçün prosedurlar aşağıdakılardır:
Serbiya: İstənilən daşınmaz əmlaka sahib olmaq. Bunun üçün minimum qiymət məhdudiyyəti yoxdur. Ölkədə daşınmaz əmlakın orta qiyməti Belqrad və böyük şəhərlərdə 80 min avro, kiçik şəhərlərdə isə 50 min avro təşkil edir. Müvafiq qurumlar, məsələn, yaşamaq üçün uyğun olmayan və 10 min avroya alınmış iqamətgahı olan şəxslərin yaşayış icazəsi müraciətindən imtina edə bilər. Yaşayış icazəsi 45 gün ərzində verilir.
Türkiyə: Xarici vətəndaşların Türkiyədə daşınmaz əmlak sahibi kimi yaşayış icazəsi ala bilməsi üçün daşınmaz əmlakın dəyəri böyük şəhərlərdə ən az 75 min dollar, kiçik şəhərlərdə isə ən az 50 min dollar olmalıdır. Yaşayış icazəsinin alınması müddəti 2 - 6 ay arasında dəyişir.
Kipr: Yerli tikinti şirkətlərindən yaşayış və ya kommersiya daşınmaz əmlakı almaqla yaşayış icazəsi almaq olar. Daşınmaz əmlakın dəyəri 300 min avro olmalıdır (+ 5-19 faizlik ƏDV). Yaşayış icazəsi üç aydan doqquz aya qədər verilir.
Birləşmiş Ərəb Əmirlikləri: Ən azı 205 min dollar dəyərində daşınmaz əmlaka sahib olan əcnəbilər uzunmüddətli yaşayış icazəsi ala bilərlər. Daşınmaz əmlakın dəyəri 545 min dollardan çox olarsa, yaşayış icazəsi 10 il müddətinə verilir.
İspaniya: Ən azı 500 min avro dəyərində ev almaq lazımdır. Yaşayış icazəsinin alınması müddəti bir aydan bir ilədək dəyişir.
Portuqaliya: Yaşayış icazəsi kiçik şəhərlərdə 280 min, böyük şəhərlərdə isə 500 min avro dəyərində daşınmaz əmlak investisiyası şərti ilə verilir.