Harvarda 500 milyon dollar bağışlamışdı: dəstəyi kəsdi

10:32 01.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Uzun illər ərzində ABŞ-ın nüfuzlu Harvard Universitetinə ümumilikdə 500 milyon dollardan çox pul bağışlayan Ken Qriffin məktəbə verdiyi maliyyə dəstəyini kəsdiyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Qriffin dünən verdiyi açıqlamada Amerika universitetlərinin istiqamətindən çox məyus olduğunu bildirib.

“Citadel Hedc Fond” firmasını quran sahibkar deyib: "Harvard gənc amerikalı kişi və qadınların problemləri həll etmək, liderlik bacarığı ilə çətin məsələləri öz üzərinə götürmək üçün öyrədilməsində rolunu davam etdirəcəyini açıq şəkildə nümayiş etdirməyincə, mən bu qurumu dəstəkləməyəcəyəm".

55 yaşlı investor sonuncu dəfə aprel ayında məktəbə 300 milyon dollar bağışlamışdı. Daha sonra Harvard İncəsənət və Elmlər İnstitutunu iş adamının şərəfinə adlandırdı. Qriffin ianə verərkən məktəbin "əla bir müəssisə" olduğunu söyləyib.

Bundan əlavə, Qriffin 2022-ci ildə Respublikaçılar Partiyasına təxminən 60 milyon dollar bağışlayıb. Bundan əlavə, biznesmen prezidentliyə namizədliyini irəli sürmüş, lakin sonradan ölkənin keçmiş lideri Donald Trampı dəstəkləyəcəyini bildirərək, yarışdan geri çəkilən Floridanın Respublikaçı qubernatoru Ron DeSantisin kampaniyasına da ianə verib.

Dünyanın 35-ci ən varlı adamı olan Qriffin iddia edirdi ki, ABŞ-ın 8 prestijli universitetinin İvy Liqasında yer alan Harvard və digər tanınmış təhsil müəssisələri müxtəlifliyi və bərabərliyi ilə “əsl liderlər yetişdirmək məqsədini itiriblər”.

Qriffin deyib ki, bu elit məktəblərdə tələbələr “getdikcə daha çox zalım və məzlumun danışığına qapılan qar dənəciklərinə çevrilirlər”.

Donorun ianələri dayandırmaq qərarı ilə bağlı universitet hələlik açıqlama verməyib.

Oktyabrın 7-də başlayan Qəzza müharibəsi zamanı etirazlarla Harvard Universiteti də gündəm olub. Məktəb müharibə əleyhinə nümayişlərdə “antisemit ritorikasından istifadəyə göz yumduğuna” görə tənqid edilib.

İsrail əleyhinə nümayişləri "fikir azadlığı" olaraq xarakterizə edərək tənqidlərə tuş gələn Harvard Universitetinin prezidenti Klaudin Qay, haqqında şəxsi müzakirələrin "universitetə ​​zərər verməməsi" üçün yanvarın 2-də vəzifəsindən istefa verdiyini açıqlayıb.