Bu gün Azərbaycanın bölgələrində fəaliyyət göstərən tibb ocaqlarının əksəriyyəti ciddi şəkildə kadr çatışmazlığından əziyyət çəkir. Baxmayaraq ki, bölgələrdə yeni xəstəxanalar tikilərək müasir tibbi avadanlıqlarla təmin edilib, amma həkim çatışmazlığı problem kimi qalmaqda davam edir. Son illər bir sıra bölgələrində müasir tipli Müalicə Diaqnostika Mərkəzləri tikilir, bəzi xəstəxanalar yenidən qurulur, tibb müəssisələri dünyanın müxtəlif ölkələrindən gətirilən müasir tipli tibbi avadanlıqlarla təchiz edilir. Ancaq orada işləyəcək kadrlar yoxdur. Məsələn, Ağdaş Rayon Mərkəzi Xəstəxanasında əvvəlki illərdə alınmış tibbi avadanlıqlar istifadəsiz qalıb. Bu məsələ Hesablama Palatasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 01.01.2019-cu il tarixindən 01.0.2020-ci il tarixinədək olan dövrdə maliyyə fəaliyyətinə dair kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbiri zamanı üzə çıxıb. Tibbi avadanlıqların istifadəsiz qalmasına başlıca səbəb isə rayonda həmin avadanlıqlardan istifadə edə biləcək ixtisaslı kadrların olmamasıdır.
Yeri gəlmişkən, ölkədə həkimlərin 60 faizdən yuxarısı Bakıda cəmlənib. Belə ki, Azərbaycan üzrə ən çox həkim Bakıda və Abşeron yarımadasındadır - hər 10 min nəfərə düşən həkim 50-90 arasındadır. Əksər bölgələrdə isə hər 10 min nəfərə uzağı 15 həkim düşür. Burada diqqəti çəkən məqam odur ki, 10 il əvvəl bölgələrdə hər 10 min nəfərə 20 həkim düşürdü. İndi bu rəqəm daha da azalaraq 15-ə düşüb. Dövlət Statistika Komitəsinin ən son açıqladığı statistik məlumatlara əsasən, ümumilikdə Azərbaycanda hər min nəfərə orta hesabla 3,45 həkim düşür, daha doğrusu, yeddi həkim iki min nəfərə xidmət göstərir. Beləliklə, postsovet ölkələri arasında bu göstəriciyə görə respublikamız altıncı yerdədir. Bununla yanaşı, dünyada həkimlərin sayına görə liderlik Kubaya məxsusdur. Burada hər min vətəndaşa orta hesabla 8,19 nəfər ali təhsilli həkim düşür. Ümumilikdə Azərbaycanda 32,485 min həkim və 54,048 min orta təhsilli tibb işçisi çalışır. İcbari tibbi sığorta sisteminin tələbinə uyğun olaraq, həkimlərin əksəriyyətini terapevtlər təşkil edir - 7,951 min nəfər. Bundan başqa, ölkədə fəaliyyət göstərən respublika xəstəxanaları 44,045 min çarpayılıqdır, yəni əhalinin hər 10 min nəfərinə stasionarda 44,7 yer düşür.
Rayonlarda həkim, eləcə də digər tibb işçilərinin çatışmazlığı ilə bağlı problemin həlli üçün tədbirlər görülür. Bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib. Onun sözlərinə görə, yeni proqram çərçivəsində müəyyən mexanizmlər işlənərək, təkliflər irəli sürüləcək: “Nəinki gənc, hətta peşəkar, kifayət qədər təcrübəsi olan həkimlərimiz əhaliyə xidmət göstərmək üçün regionlara üz tutacaq”.
Yerli həkimlər başqa ölkələrə üz tuturlar
Qeyd edək ki, son illərdə xaricə təkcə müalicə olunmaq deyil, müalicə etmək məqsədilə gedənlərin sayında da ciddi artım var. Məsələn, Almaniya mediasının araşdırmasına görə, təkcə bu ölkədə ötən ilin əvvəlində 1028 nəfər azərbaycanlı həkim çalışıb. İki il öncə həmin göstərici 877 nəfər olub. Deməli, bir ildə Almaniyada çalışmağa başlayan azərbaycanlı həkimlərin sayı daha 150 nəfərə yaxın çoxalıb.
Təkcə son dörd ildə Almaniyada çalışan əcnəbi həkimlərin sayı 15 min nəfərdən çox artıb. Rəsmi rəqəmlərdən aydın olur ki, ötən ilin əvvəlində 83 milyondan çox əhalisi olan Almaniyada toplam 537 min həkim çalışır. Həmin həkimlərin 10 faizdən çoxu – 56 min nəfəri digər ölkə vətəndaşlarıdır. Deməli, Almaniyada çalışan əcnəbi həkimlərin 2 faizə yaxını (1028 nəfər) azərbaycanlı həkimlərdir. Orada fəaliyyət göstərən əcnəbi həkimlərin əsas hissəsi – 24 min nəfərə yaxını Avropa Birliyi ölkələrindən gələnlərdir. O həkimlər nəzərə alınmasa, Almaniyaya ən çox həkim göndərən ölkələrdən biri Azərbaycandır. Buraya Suriyadan 4 min 970, Rumıniyadan 4 min 514, Yunanıstandan 2 min 713, Rusiyadan 2 min 424, Avstriyadan 2 min 415 həkim gəlib. Sonrakı yerləri Polşa (1 min 937 həkim), Ukrayna (1 min 795 nəfər), Misir (1 min 607 nəfər) və İran (1 min 173 həkim) tutur. Nəzərə almaq lazımdır ki, göstəriciləri Azərbaycandan yüksək olan ölkələrin bir çoxunda əhali sayı da Azərbaycandan dəfələrlə çoxdur. Bu baxımdan, Azərbaycan Almaniyaya ən çox həkim göndərən ölkələrdən biridir.
Xarici ölkələrə gedən azərbaycanlı həkimlərin sayı artsa da, ölkədəki həkimlərin sayında gözləgörünən azalma var. Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarından aydın olur ki, son illərdə Azərbaycanda həkim sayı azalmaqdadır. 10 il öncə - 2011-ci ildə ölkədə 33 min 85 həkim vardı. 2020-ci ilin sonunda Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı 31 min 829 nəfərə enib. Başqa sözlə, 10 il ərzində həkimlərin sayı 4 faizə yaxın azalıb. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, həmin müddət boyunca əhali sayı da təxminən 10 faiz artıb. O səbəbdən əgər 2011-ci ildə Azərbaycanda əhalinin hər 10 min nəfərinə 36 həkim düşürdüsə, ötən il 31 həkim düşüb.
Bəs, görəsən, həkimlərin xarici ölkələrə üz tutmasına səbəb nədir? Hazırda hansı bölgələrdə həkim çatışmazlığı daha çox müşahidə olunur? Gənc həkimləri bölgələrə cəlb etmək üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı bizimlə həmsöhbət olan Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli isə hesab edir ki, səhiyyə sistemində islahatların aparılmasına, texnoloji yeniliklərin tətbiq olunmasına baxmayaraq bu sahədə ciddi problemlər var:
“İlk növbədə həkimlərin işə qəbul prosesinə yenidən baxılmalıdır. Çünki bu istiqamətdə kifayət qədər süni əngəllər mövcuddur. nisbətən sadələşdirilməlidir. Eyni zamanda, həkimlər üçün yaş senzi aradan qaldırılmalıdır. Bildiyimiz kimi həkimin 65 yaşı tamam olan kimi dərhal pensiyaua göndərirlər. 65 yaşa çatan həkimlərin yaş senzi səbəbindən kütləvi olaraq işdən azad edilməyini doğru olmayan bir addım hesab edirəm. Halbuki ölkənin əsas universitetlərində 75 yaşına qədər çalışan professor, müəllim heyəti var. Eyni zamanda, dövlət idarəçilik aparatında, Milli Məclisdə kifayət qədər o yaşda çalışan insanlar var. Pensiya yaşının təyin edilməsi o demək deyil ki, yaş tamam olan günün səhəri illərdir fəaliyət göstərən təcrübəli həkimlərin hamısı işdən azad edilsin”.
Gənc həkimlərin 70 faizi xaricə gedir
İ.Hüseynli bildirib ki, hazırda bölgələrimizdə həkim çatışmazlığı problemi yaşanır. Belə məqamda yaş senzinin tətbiqi isə kadr çatışmazlığı yaradır:
"Səhiyyə Nazirliyinin saytında yerləşdirilən vakansiyalara baxanda görmək olur ki, 100-ə qədər həkim tələb olunan rayonlar var. Bu qədər həkimə tələbat olduğu halda, yaş senzi tətbiq edib, əmək qabiliyyətini itirməyən həkimlərin işdən azad edilməsi doğru deyil. Həkim peşəkardır. Əgər bu və ya digər hansısa xəstəlik səbəbindən iş qabiliyyətini itiribsə, bu başqa məsələ. Amma bu məsələdə bir qədər daha geniş düşünmək lazımdır. Ölkədə Tibb Universitetini bitirən tələbələrə rezidentura təhsili tətbiq olunduqdan sonra 6 il təhsil alan həkim bir il internatura keçməklə həkim kimi fəaliyyətə başlayırdısa, artıq bu məsələ rezidentura ilə bir qədər uzadılıb. Tibb Universitetini bitirən tələbələrin birbaşa həkim kimi fəaliyyətini rezidentura təhsili məhdudlaşdırır”.
Ekspert onu da vurğulayıb ki, inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən məşhur həkimlərin əksəriyyəti 65-70 yaşında olanlardır. Həm tibbi xidmət göstərirlər, həm də tədrislə məşğul olurlar: "65 yaşı tamam olan həkimin əlinə xəstə vermək olmaz” yanaşması doğru deyil. 65 yaşdan sonra həmin həkimlər özəl klinikalara gedib, fəaliyyət göstərirlər. Amma özəl klinikalar olmayan yerlərdə 65-i keçən həkimlərin üzünə qapılar bağlanır. Necə olur ki, 65 tamam olan günə qədər işləyib, bir günə əmək qabiliyyətini itirir? Düzdür, istisnalar var ki, Səhiyyə Nazirliyinin təlimatına görə, daxili əmrlə 65 yaş tamam olsa da, həkim müqavilə əsasında çalışa bilər. Bu da 5 il olur. Elə həkimlər var ki, 65 yaşda işdən çıxarılıb, amma 40 yaşındakı həkimdən geri qalmır, əksinə, professionallıqda ondan yüksəkdirlər. Təbii ki, yaş senzinin tətbiqi kadr çatışmazlığını daha qabarıq şəkildə ortaya qoydu. Gənclərin də maddi təminatı olmadığından bölgələrə getməkdən imtina etdilər və daha çox Almaniya, Türkiyə kimi ölkələrin klinikalarına üz tutdular. Bu gün Tibb Universitetini bitirən gənclərin demək olar ki, 70 faizi xaricə axın edirlər. Belə olan təqdirdə kifayət qədər vəsaitlər xərcləndi, normadan artıq diaqnostik mərkəzlər, tibb mərkəzləri yaradıldı. Halbuki bu istiqamətdə əvvəlcədən ciddi araşdırma aparmaq lazım idi ki, bizdə yeni avadanlıqları istifadə edə biləcək ixtisaslı kadrların sayı yetərlidirmi? Və yaxud əməliyyat bloklarını hazırlayırıq, bunun üçün ixtisaslı cərrah varmı? Biz o cərrahın regionlarda maddi təminatını yaradırıqmı? Yəni, bu məsələlər öncədən planlaşdırılmadığından dövlətin də xeyli vəsaiti boşu-boşuna xərclənmiş oldu. Tutaq ki, bu gün bütöv aran bölgəsi müayinə və müalicə üçün Şürvana, Bakıya, Mingəçevirə gəlir. Əslində rayonlarda xəstəxanalar yenidən qurulub, müasir avadanlıqlarla təmin olunub, amma kadr olmadığından xəstə ya paytaxta, ya da ətraf rayonlara getmək məcburiyyətindədir”.
Azərbaycandan gedən həkim Almaniyada 5000 avro maaş alır
İ.Hüseynli qeyd edib ki, bu gün ən az əhalıisi olan rayonda 70-80 ixtisaslı həkimə ehtiyac var:
“Məsələn, bu yaxınlarda biz araşdırmışıq ki, təkcə Şəkidə 130 ixtisaslı həkimə ehtiyac duyulur. İmişlidə təxminən 100-dən çox həkim yeri boşdur. Yəni, bu gün spesifik kadrlara çox böyük ehtiyac var. Bu gün ölkədə ciddi şəkildə pediatr, travmatoloq, ümumi cərrah, oftalmoloq, cərrah ginekoloq, radioloq çatışmazlığı var. Biz araşdırma aparmışıq, məsələn, İmişli, Beyləqan, Şirvan bölgəsi üzrə cəmi bir travmatoloq var. Bu ciddi bir problemdir. Bu sahədəki problemləri həll etmək üçün birinci növbədə ixtisasdəyişmə prosesini təkmilləşdirmək lazımdır. İkincisi, stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. Tutaq ki, gənc həkimlərə minimum 2 min manat maaşdan başlayaraq rayonlarda iş təklifi yaradılmalı və onlar evlə təmin edilməlidir. Üçüncüsü, yaş senzi 70-ə qaldırılmalıdır. Dördüncüsü, hər hansı bir ixtisas üzrə sertifikasiya almış həkimlərə boş qalan yerlərə vakansiyadan kənar yerləşdirmə təmin olunsun”.
Ekspert həmçinin vurğulayıb ki, hazırda Azərbaycanda həkimlərin aldığı əməkhaqqı ilə xaricdə fəaliyyət göstərən tibb işçilərinin əməkhaqqında təxminən 20 dəfə fərq var: “Məsələn, Azərbaycanda 500 manat alan gənc həkim Almaniyaya gedib müvafiq imtahandan keçdikdən sonra dərhal onları 5000 avro əməkhaqqqı işə götürürlər. Təxminən aylıq əməkhaqqı 10000 AZN-dir. Həmin vəsaitin təxminən 3 min manatı vergilərə, kirayə ödənişlərinə, yaşam xərclərinə gedir. Belə olan halda təbii ki, gənc həkim Azərbaycanda deyil, Almaniyada işləməyə üz tutacaq”.
Biz bölgələrdə həkimlərə işləmək təklif ediriksə…
Məsələ ilə bağlı hafta.az-la fikirlərini bölüşən Azərbaycan Həkimləri İctimai Birlyinin sədr müavini, tanınmış həkim-radioloq Aydın Əliyev deyib ki, ölkəmizdə səhiyyə siyasətini həyata keçirən qurumların atdığı addımlar yanlışdır:
“Bu gün ölkəmizdə kifayət qədər müasir tibb mərkəzləri qurulur, yeni avadanlıqlarla təmin olunur. O mərkəzləri bəzəyib-düzəyib, qırmızı lenti kəsməklə iş bitmir. Çox təəssüf ki, ölkəmizdə səhiyyə siyasətini həyata keçirən qurumlar yanlış addım ataraq klinikaları bəzəməklə kifayətlənirlər. Halbuki öncə orada işləyəcək insanların necə deyərlər, beynini bəzəmək lazımdır. Yəni, ilk növbədə kadr yetişdirmək lazımdır. Bakıdan ən yaxşı həkimi aparaq otuzduraq həmin mərkəzlərdə. Kimdir 300-400 manata orada işləyən. 3-4 aydan bir də sığorta əlavəsi alacaq, ya almayacaq. Bu şəkildə işləyən olarmı? Əlbəttə ki, yox. Mən bir məqamı da vurğulamaq istəyirəm ki, son illər abituriyentlər arasında tibbi seçənlər azalır. Əvvəl əksinə idi. Orta məktəbdən uşaqların istədiyi məşhur ixtisaslardan biri həkimlik idi. Prestijli sahə idi. Amma indi vəziyyət tamamilə dəyişib. Abituriyent də perspektivə baxır, indiki həkimlərin günü güzəranına baxır, düşünür ki, gecəni-gündüzə qatıb 650-700 bal toplayıb həkimliyi qazanacaq, bu qədər ilini, sərf edəcək, nəticədə nə əldə edəcək, yaşayışı, gəliri necə olacaq? 10-12 ildən sonra o məbləğ üçün işləməyə dəyərmi? Çoxunun cavabı yox olacaq. Əgər vəziyyət tezliklə düzəlməsə, yaxın gələcəkdə tibbi kadr yetməzliyi yaşaya bilərik. Eyni zamanda, biz görürük ki, bu peşəni sevib seçənlərin əksəriyyəti də təhsilini başa vurduqdan sonra ən azı Türkiyəyə gedirlər. Almaniya, Fransa, İngiltərə, ABŞ-a gedənlərin də sayı az deyil. Mən Tibb Universitetində dərs deyəndə o qədər istedadlı, qabiliyyətli tələbələrim var idi ki, onların təxminən 90 faizi xaricə getdilər. Türkiyədə oxuyub qayıdıb Azərbaycanda çalışmaq istəyənlər var. Amma elə şeylərlə rastlaşırlar ki, yenidən geri qayıdırlar. Yəni, tibb işçisinin məmunluğu təmin edilməlidir ki, o da xəstənin xidmətində layiqincə dura bilsin. Burada əsas məsələ kadrların yetişdirilməsi, ikinci məsələ isə maddi təminatına ciddi fikir verilməlidir. Misal üçün, əgər biz bölgələrdə həkimlərə işləmək təklif ediriksə, ona ən azı 3 qat maaş təklif olunmalı, evlə, güzəştli şərtlərlə nəqliyyat vasitəsilə təmin edilməlidir. Bunu sistemli şəkildə qurmaq lazımdır”.