Henri Kissincer: "Beynəlxalq nizam hücuma məruz qalır"

11:00 19.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer bəyan edib ki, Yaxın Şərq ictimai rəyinin ağırlığı səbəbindən Həmas - İsrail münaqişəsi digər ərəb ölkələri və İranı da əhatə edə bilər. Kissincer, Həmas hərəkatının "dinc danışıqlar prosesinin" qarşısını almağa çalışdığına diqqət çəkib.

İsrailin Qəzzada yüzlərlə insanın ölümü ilə nəticələnən xəstəxanaya hücumundan sonra dünən ABŞ prezidenti Co Bayden, İordaniya kralı II Abdullah, Misir prezidenti Əbdülfəttah əs-Sisi və Fələstinlilərin iştirakı ilə Əmmanda görüş olmalıydı, amma prezident Mahmud Abbas planlaşdırılan dördlü sammitin ləğv edildiyini açıqladı.

Hafta.az-ın yazdığına görə, bu açıqlamadan sonra amerikalı məşhur diplomat "Welt" telekanalı üçün Almaniyanın ən böyük yayım şirkəti olan "Axel Springer"in baş direktoru Mathias Doepfnerə müsahibə verib. O, Yaxın Şərqdə münaqişə riski, mövcud gərginliklər barədə xəbərdarlıq edərək deyib ki, proses ictimai basqılar ucbatından genişlənərək digər ərəb ölkələrinə yayıla bilər. Kissincer, 1973-cü ildə Misir və Suriyanın başçılıq etdiyi ərəb koalisiyasının İsrailə qarşı başlatdığı Yom Kippur müharibəsindən (ərəb ölkələrində Oktyabr müharibəsi adlanır) dərslərin alınmasının vacibliyini vurğulayıb.

İndipendent Arabia-nın xəbərinə görə, Kissincer Həmas və tərəfdarlarının əsl məqsədinin yalnız ərəb dünyasını İsrailə qarşı səfərbər etmək və dinc danışıqlar prosesini pozmaq ola biləcəyini deyib. Keçmiş amerikalı diplomat vurğulayıb ki, Həmas-ın oktyabrın 7-də İsrailə hücumunda Tehranın əli olduğunu düşünərsə, İsrailin İrana qarşı tədbir görməsi mümkündür.

Beynəlxalq arenadakı son hadisələrə də toxunan Kissincer, Rusiyanın Ukraynadakı müharibəsi və Həmas-ın İsrailə hücumu səbəbindən mövcud beynəlxalq nizamın hücuma məruz qaldığını qiymətləndirib.

Siyasət rubrikasından digər xəbərlər