Hər kəsin gözlədiyi əməkhaqqı artımı - AKTUAL

11:37 29.07.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda minimum əməkhaqqının artırılması istiqamətində müzakirələr gedir. Ehtimallara görə, bununla bağlı qərar gələn ilin əvvəlində qəbul olunacaq. Nəticədə 700 mindən artıq vətəndaşın gəliri artacaq.

Mövzu ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır və bu təkliflər noyabrın birinə qədər təqdim olunacaq. Daha sonra hökumətdə müzakirə olunduqdan sonra minimum əməkhaqqının artırılması ilə bağlı qərar qəbul ediləcəyi gözlənilir.

Onun sözlərinə görə, ilkin gözlənti növbəti ilin yanvar ayından etibarən minimum əməkhaqqının artması ilə bağlıdır: "Artım faizinin ikirəqəmli olacağı gözlənilir. Son illər orta aylıq əməkhaqqıda ikirəqəmli artım qeydə alınıb. Bu baxımdan biz minimum əməkhaqqı artırılan zaman həm 2023 və 2024-cü illərdə normal, orta aylıq əmək artım faizinin nəzərə alınması, eyni zamanda inflyasiyanın bu kontekstdə indeksləşdirilməsini təklif edirik. Praktiki olaraq bu, minimum əməkhaqqı daha yüksək artımların əldə edilməsinə gətirib çıxara bilər. Nəticədə 700 mindən artıq vətəndaşımızın əməkhaqqısının artmasına, birbaşa onların gəlirlərinə təsir göstərə bilər. Nəzərə alsaq ki, minimum əməkhaqqı alan vətəndaşlarımız daha çox sosial tələbə təminatına ehtiyacı olan vətəndaşlarımızdır. Bu da onların sosial təminatının daha da gücləndirilməsinə xidmət etmiş olacaq. Bütövlükdə bu istiqamətdə müzakirələr davam edir və təkliflərin hazırlanması və yeni büdcə paketinin müzakirə olunması və nəticə etibarən minimum əmək haqqının artmasına imkan verəcək. Konkret məbləğlə bağlı bu ilin payız aylarında müzakirələr nəticəsində əldə edilən rəqəmlə bağlı məlumatı bölüşmək mümkün olacaq".

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, minimum əməkhaqqı - iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə verilən aylıq ən aşağı əməkhaqqı məbləğidir: “Onun dəyişdirilməsi həm dövlət, həm də özəl sektorda çalışanların maaşlarına təsir edir. Belə ki, birincisi, ölkə üzrə heç bir işəgötürən bundan aşağı maaş verə bilməz, ikincisi isə onun əsasında dövlət sektorunda, yəni büdcədən maliyyələşən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları müəyyən edilir.  Söhbət, maaşları 19 pilləli vahid tarif cədvəli ilə tənzimlənən təqribən 700 min nəfərdən çox işçidən gedir. Son 5 ildə sözügedən göstərici 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata çatdırılıb. 2019-cu ildə iki dəfə artırılsa da, sonuncu dəfə ötən il, yəni 2023-cü ildə yüksəldilib. Nəticədə də əhalinin gəlirləri qeyd olunan illər ərzində əvvəlki illərə nisbətən, daha çox və sürətlə artıb. Ümumiyyətlə, minimum əməkhaqqının artırıldığı illər sırasında 2019-cu il xüsusilə seçilib. Həmin ilin mart və sentyabr aylarında 2 sosial paket icra edilməklə minimum əmək haqqı 130 manatdan 250 manata qaldırıldı. Sözügedən göstərici ilk dəfə olaraq ölkə üzrə müəyyən edilən yaşayış minimumu göstəricisini keçdi. Hərçənd, neçə illər idi hökumət buna çalışırdı. Beş ildir ki, minimum əməkhaqqı yaşayış minimumu, həmçinin ehtiyac meyarı göstəricisindən yüksək olmaqla böyük məna kəsb edir. Sözügedən göstərici ilə bağlı yenə hər şey tələb olunan vəziyyətdə deyil. Yəni, onun həddi ilə yanaşı, əhəmiyyəti, rolu bir daha artırılmalıdır. Qeyd olunan göstərici 1 yanvar 2023-cü il tarixdən 15 faiz deyil, daha çox, yəni 20-25 faiz də artırıla bilərdi. Ölkəmiz 2004-cü ildə Avropa Sosial Xartiyasına qoşularkən minimum əməkhaqqını orta aylıq əməkhaqqı səviyyəsinin 60 faiz hissəsinə çatdırmağı öhdəlik götürüb. Bu səbəbdən də 2012-ci ildə qəbul edilən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında 2020-ci ilə qədər sözügedən məsələ əsas hədəf olaraq seçilmişdi. İş ondadır ki, bu məsələdə düşünülməmiş addım atmaq da olmaz. Minimum əməkhaqqının əsassız olaraq artımı, ilk növbədə, dövlət sektorunda çalışan 700 min nəfərdən çox işçinin aylıq vəzifə maaşlarını inflyasiyanın yeminə çevirə bilər”.