Hərbiçilər narkotik müayinəsindən keçiriləcək – Ekspert rəyi

18:37 19.05.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, “Narkoloji xidmət və nəzarət haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarına və bir sıra digər qanunvericilik aktlarına dəyişikliklər edilib. Bu dəyşikliyə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər, həqiqi hərbi xidmətə könüllü daxil olan şəxslər dövlət tibb müəssisələrində icbari narkoloji müayinədən keçiriləcək. Eləcə də həqiqi hərbi xidmət hərbi qulluqçularının isə ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinəsi təmin ediləcək.

Bu barədə hafta.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev dəyişikliyi zəruri və vaxtında atılan addım kimi dəyərləndirib.

Bildirib ki, narkotika müasir dövrümüzdə gəncliyimizin ən böyük bəlasına çevrilib.  Onun sözlərinə görə, orta məktəblərdən başlayaraq narkotik vasitələrin ticarətçiləri gənclərimizi bu və ya digər formada bu bəlaya alışdırır. O gənclər sonrakı mərhəldə hərbi xidmətə çağrılanda avtomatik olaraq bu cür vərdişlər onun xidmətinə sirayət edir və silahlı  qüvvələrə çağrılan zaman bu məziyyətlərini sıfırlamaq olmur.

Hərbi ekspert hesab edir ki, belə bir vəziyyətin qarşısını  almaq üçün dövlətin bu proqramı, qanunu çox vaxtında qəbul edilib.

“ Əgər belə çağırışçılar mövcud olacaqsa, onlar tibbi-narkoloji dispanserlərdən arayışlar təqdim eləməlidirlər. Təbii ki, bu arayışlar da testlərin nəticəsində ortaya çıxır.  Belə olduğu təqdirdə bu risk qrupuna aid olan gənc çağırışçılar  avtomatik olaraq hərbi xidmət müddətinə qədər aşkar olunacaqlar. Əgər onun bu adətləri hərbi xidmət yaşına qədər yaranıbsa, o təzədən müayinə və müalicəyə cəlb olunmalıdır ki, bu vərdişlərdən ayrılsın. Əslində bu, silahlı qüvvələrdə xidmət edən şəxsi heyəti sığortalamaq baxımından çox vaxtında atılmış addımdır”.

Hərbi ekspert bildirib ki, silahlı qüvvələrə çağrılan şəxsi heyətin narkotika ilə bağlı müayinələrindən keçməyən çağırışçı kateqoriyası var ki, onlar avtomatik orduya çağırılırlar. Onun sözlərinə görə, heç şübhəsiz ki, belə gənclər orduda da bu vərdişləri davam edirlərsə xidmət dönəmində çox böyük problemə çevrilir.

“Narkotik istifadəçisi sonrakı zamanlarda bunun davamını gətirmək üçün müxtlif vasitələrdən istifadə etməyə cəhd edir.  Hərbi xidmət dövründə bunu istifadə edərsə istər-istəməz bir çox neqativ nüanslar ortaya çıxır.  Çünki bilirik ki, narkotik alverçiləri istər əsgərlərə, istərsə də  mülki əhaliyə narkotiki elə-belə servis eləmir.  Qarşılığında onlardan hərbi sirri, hər hansı diversiya etmələrini də tələb edə bilər. Narkotikin qarşısında istənilən diversiya  hərəkətlərini onlara sifariş edə bilərlər.  Silahlı qüvvələrimizin təhlükəsizlik sisteminə qarşı narkotik zəifliyi olan şəxslərdən istifadə edə bilərlər”.

Hərbi ekspert qeyd edib ki, əgər mülki həyatda biz bunun qarşısını ala bilmiriksə, hansısa yolla orduya keçməsinin də qarşısını almalıyıq. Ekspert hesab edir ki, bunun tam sıfırlanması mümkün olmasa da, çağırışçıların 80-90 faizini bu aktla sığortalamaq olacaq. Həm də çağrışçılara ilkin mərhələdə  gözəl mesaj olacaq ki, mülki həyatda narkotikə bulaşacaqsınızsa, bilin ki, qarşınıza belə problem çıxa bilər.

E.Şıxəliyev bildirib ki, bu qanunun zəruriliyi tək xidmətə çağrılanlara aid deyil. 

“Orduda da xidmət edən hərbçilər arasında bu kimi hallara bulaşmış şəxslər ola bilər. Ona görə ordunun içərisində də tibbi müayinənin keçirilməsində fayda var. Çünki hərbçilər hər zaman mülki əhali ilə təmasdadırlar və qarşılarına narkotikə bulaşma məsələləri çıxa bilər və daimi heyətdən də kimsə buna bulaşa bilər. Ona görə də bu qanunun qəbulu zamanın tələbidir”.