Hindistan iqtisadiyyatı dünya üçüncüsü olmağa hazırlaşır

10:51 27.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

CNN telekanalının saytı Hindistanın baş naziri Narendra Modinin iqtisadi siyasətlərinin Çinə necə alternativ yaratdığından yazıb.

Hafta.az-ın yazdığına görə, dünyanın hər yerindən maliyyə ekspertlərinin Hindistanın 2014-cü ildən bu yana Modi administrasiyası altındakı iki müddət ərzində qazandığı uğurlardan xəbərdar olduğunu ifadə edən CNN, Hindistan liderinin 2025-ci ilə qədər ölkəni 5 trilyon dollarlıq iqtisadiyyata çevirməyi hədəflədiyini xatırladıb.

Çinin bir çox iqtisadi problemlərlə üzləşdiyi və kapitalın ölkədən çıxmağa başladığı bildirilsə də, Hindistanda atmosfer bunun əksidir.

2021-ci ildə pik həddinə çatdıqdan sonra geriləyən Şanxay, Şençjen və Honq Konq birjaları son illər 5 trilyon dollar dəyər itirib.

Yanvarda ölkəyə gələn birbaşa xarici investisiyalar ötən ilin eyni ayı ilə müqayisədə 12 faiz azalıb.

Hindistanda fond bazarı tarixin ən yüksək səviyyəsinə çatıb və siyahıya alınmış şirkətlərin ümumi dəyəri keçən ilin sonunda 4 trilyon dolları keçib. Nyu-Yorkda yerləşən “Jefferies” investisiya bankının hesabatına görə isə, 2030-cu ilə qədər bu rəqəm iki dəfədən çox artaraq 10 trilyon dollara çata bilər.

Yaponiya Çinə alternativ axtaran investorları cəlb edən ölkələrdən biridir. Yenin zəifləməsi və korporativ mənfəətin artması ilə Tokio birjası ötən həftə 34 illik pik həddinə çatıb. Bununla belə, ölkə hazırda tənəzzüldədir və dünyanın üçüncü ən böyük iqtisadiyyatı titulunu Almaniyaya uduzub.

Qlobal fond indekslərinin tərtibçisi MSCI-dən alınan məlumatlar da Hindistana olan marağı təsdiqləyir. MSCI-nin bu ay verdiyi açıqlamada Hindistanın inkişaf etməkdə olan bazarlardakı çəkisinin 17,98 faizdən 18,06 faizə yüksəldiyi, Çinin çəkisinin isə 24,77 faizə düşdüyü ifadə edilib.

Beynəlxalq Valyuta Fondu (BVF) Hindistan iqtisadiyyatının növbəti maliyyə ilində 6,5 faiz böyüyəcəyini gözləsə də, Çinlə bağlı artım proqnozu 4,6 faiz olaraq qalır. “Jeffries” analitikləri Hindistanın 2027-ci ilə qədər dünyanın üçüncü ən böyük iqtisadiyyatı olacağını düşünürlər.

Çində yerli siyasi risklərdən qaçmağa çalışan xarici şirkətlərin sayının artdığı bir vaxtda institusional investorlar hazırda çox ucuz görünsələr də, Çindəki şirkətlərin səhmlərini almaqda ehtiyatlı davranırlar.

Digər tərəfdən, Hindistan Qərb və digər böyük iqtisadiyyatlarla yaxşı əlaqələri və transmilli şirkətləri ölkədə müəssisələr qurmağa çağırışları ilə diqqət çəkir.

Hindistanı yaxından izləyən bazar müşahidəçilərinin demək olar ki, hamısı Modinin rəhbərlik etdiyi Hindistan Xalq Partiyasının (BJP - Bharatiya Janata Partiyası) bu il seçkilərdə qalib gəlməsinin tərəfdarıdır.

Modinin yeni seçkidə qələbəsinin ölkənin iqtisadi siyasətlərinə proqnozlaşdırılabilərlik əlavə edəcəyi düşünülür.