Dekabrın 9-da Hindistanın Arunaçal-Pradeş ştatında sərhəddə Hindistan və Çin sərhədçiləri arasında toqquşma olub. ANI xəbər agentliyinin mənbələrə istinadən verdiyi məlumata görə, insident Tavanq sektorunda baş verib, tərəflər toqquşma yerindən dağılıblar.
Agentliyin məlumatına görə, Çin hərbçiləri hər iki ölkəni ayıran faktiki nəzarət xəttinə daxil olub, lakin Hindistan hərbçiləri tərəfindən “möhkəm və qətiyyətlə” dayandırılıb. Hər iki tərəfdən bir neçə hərbçi “yüngül yaralanıb”. Mənbələrin bildirdiyinə görə, hər iki tərəf dərhal ərazidən çəkilib.
2020-ci ilin may ayında iki ölkənin sərhədindəki dağlıq Ladax bölgəsində hər iki tərəfdən itkilərə səbəb olan toqquşmalar baş verib. Hindistan və Çin əraziyə ağır artilleriya, tanklar və təyyarələr göndərib. Keçən il hərbi və diplomatik səviyyədə bir sıra danışıqlardan sonra Pekin və Yeni Dehli qoşunların sərhəd xəttindən qarşılıqlı şəkildə çıxarılmasına başlayıb.