Hindistanda Maharaştra əyalətinin Ənva kəndindəki məscidin imamı radikal hinduların hədəfinə çevrilib.
Hafta.az-ın yazdığına görə, radikal hindular məscidə daxil olaraq Zakir Seyid Haca adlı imamı hinduizmə bağlılıqlarını nümayiş etdirmək üçün istifadə etdikləri “Zəfər tanrı Ramaya məxsusdur” (Jai Shri Ram) şüarını deməyə məcbur ediblər. Radikal hinduların tələbini rədd etdiyi üçün imamın ağır zərbələrə məruz qaldığı və nəticədə müalicə üçün xəstəxanaya yerləşdirildiyi öyrənilib.
“India Today”a danışan İmam Haca bildirib ki, hadisə bazar günü axşam məsciddə Qurani-Kərim tilavəti zamanı baş verib.
Hindistanda hökumətin dəstəklədiyi radikal hinduların döydükləri imamın saqqalını kəsdikləri də açıqlanıb.
Polisin hadisə ilə bağlı araşdırma başlatdığı bildirilsə də, Hindistan müsəlmanlarına hücum edən radikallara lazımi cəzaların verilmədiyi bildirilir.
Son zamanlar ölkədə radikal hinduların müsəlman və xristianlara qarşı hücumlarını artırdığı müşahidə edilir.