Paytaxt sakinlərini narahat edən məsələlərdən biri hələ də ictimai sanitar qovşaqlarının – ayaqyolularının az olması, olanların da qapalı qalması, antisanitar məkana çevrilməsidir. Təəssüf doğuran məqam bu mənzərəyə şəhərin mərkəzində rast gəlinməsidir.

Vaxtilə bir çoxları ictimai sanitar qovşaqlarının olmamasının yaratdığı problemlərdən narazı idi. İndi isə hər bir yeni park salınarkən bu məqam nəzərə alınır və pullu xidmət təşkil edilir. Nədənsə, hətta qazanc götürüldüyü məqamda belə, bir müddət keçməmiş həmin sanqovşaqların qapısı qıfıllanır. Bu vəziyyət elm adamlarının, alimlərin toplaşdığı, tələbələrin daha çox olduğu məkanda – Hüseyn Cavid Parkında da yaşanır.

Məsələnin İcra Hakimiyyətinə dəxli yoxdur?!
Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin Fəxri adlı əməkdaşı Hüseyn Cavid parkında qurulan sanitar qovşaqlarının qapalı və antisanitariya mənbəyinə çevrilməsi faktına dair heç bir fikir bildirə bilməyəcəyini deyib:
“Biz orada xidmət göstərmirik. Yaranmış vəziyyət bizim səlahiyyətimiz daxilində deyil. Müqaviləni Ticarət Departamenti ilə bağlayıblar və cavabdehliyi də onlar daşıyır. Məsələnin Yasamal Rayon İcra Hakimiyəti ilə heç bir əlaqəsi yoxdur”.
Problemin “qırmızı xətti”
ELS Müstəqil Araşdırma Mərkəzinin sədri İradə Yaqubova mövcud probemin qırmızı xəttində ictimai rəyin olmamasının dayandığını qeyd edib:

“Əlbəttə ki, səhiyyə, Yasamal rayonunun kommunal məsələlərlə məşğul olan qurumları bu məsələyə aydınlıq gətirməlidir. Təbii ki, bu fakt xoşagəlməyən, biabırçı bir vəziyyətdir. Necə olur ki, parka gəzməyə gələn sadə vətəndaş şəhərin mərkəzində belə bir vəziyyətlə qarşılaşsa da, bununla bağlı etirazını bildirmir, lazımi yerlərə müraciət edib həllinə çalışmır. Görünən budur ki, bizdə ictimai qınaq yoxdur. Dediyim kimi, aidiyyatı orqanlar təbii olaraq buna fikir verməlidir, amma vətəndaş hara baxır?”
Üzü Hüseyn Cavid parkına baxan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də müraciət etdik. Bu vəziyyətlə bağlı məlumatsız olduqlarını, ümumən, bu məsələnin onların səlahiyyətlərinə aid olmadığını bildirdilər. Eyni zamanda, bəlli problemin parkın ortasında ekoloji mühit üçün də arzuolunmayan məqam olduğunu qeyd edərək, biganə qalmamaq məqsədi ilə məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət ediləcəyini dedilər.
“Belə getsə, Azərbaycan Hindistana çevriləcək”
Kulturoloq Aydınxan Əbilov isə mövcud vəziyyəti insan davranışı ilə əlaqələndirir:
“Hansısa parkda, bağda ictimai yerlərdə sanuzellər tikilərlər kommersiya məqsədi ilə fəaliyyət göstərir. Bu sanuzellər qazanc gətirməyəndə işçilərin, kommunal xidmətlərin pulları verilməyəndə bağlanır. Vətəndaşların məişət tullantılarının qablaşdırılıb atılması ilə bağlı olmayan vərdişi ona gətirib çıxarır ki, Bakı küləyi həmin zibilləri belə boş qalmış yerlərə toplayır və belə tikililər xarabalığa çevrilir”.

A.Əbilov qeyd edib ki, ayaqyoluları ilə bağlı dünyada olan problemlər Azərbaycanda da artıb. Onun fikrincə, belə getsə, Azərbaycan Hindistana çevriləcək: “Bakıda çox az yerdə ayaqyoluları tikilib. Düzdür, bir çox ticarət mərkəzlərində, mollarda ayaqyolular var. Bəziləri çox yüksək səviyyədə təmir olunub. Amma insanlar ondan istifadə edə bilmirlər”.
Bakı Şəhər İcra Hakimiyyətindən də yağışlarla bağlı ərazidə olduqlarını əsas gətirərək sualımızı sonra cavablandıracaqlarını bildirdilər. Bununla belə, ümid edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Bakı Şəhər Ticarət və Xidmət Departamenti məsələyə aydınlıq gətirəcək.
Mövcud problemin insanların sağlamlığına hansı zərəri törədə biləcəyi ilə bağlı Səhiyyə Nazirliyinə ünvanladığımız müraciətə “bu məsələləri İcra hakimiyyəti orqanları ilə danışa bilərsiz” məsləhətini aldıq. Yaxşı ki, bu məsləhəti verdilər...
Ümumi mənzərəni təsvir etdik, qalır “kiçik problemdir” düşüncəsi ilə məsələyə soyuq yanaşan qurumların hansı addımı atacaqları aktualdır. Kiçik görünən bu problemin yaradacağı böyük fəsadları unutmamalıyıq.