Jurnalistlərimiz Vətən müharibəsinin gedişində əsl vətənpərvərlik nümayiş etdirdilər - Sevinc Seyidova

18:44 04.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“8 noyabr Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm Qələbə bayramı kimi yaddaşlarda əbədi qalacaq. Bu zəfər günlərini yaşamaq, onun canlı şahidi olmaq ayrı bir qürur hissidir. Prezident İlham Əliyevin güclü siyasi iradəsi, uzaqgörənliyi, xalqımızın milli birliyi, Müzəffər ordumuzun gücü, şəhidlərimiz və qazilərimizin qanı-canı bahasına əldə olunan bu qələbə həm 30 illik işğal damğasını alnımızdan sildi, həm də bir milyondan artıq qaçqın və məcburi köçkünlərimizin yurd həsrətinə son qoydu”. “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova “Səs” qəzetinə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, hər birimiz bu Qələbə sevincini yaşatdığına görə, Ali Baş Komandan, qalib sərkərdə Prezident İlham Əliyevə minnətdarıq: “Məhz Onun liderlik keyfiyyətləri, sarsılmaz iradəsi xalqımızı müqəddəs amal uğrunda "Dəmir Yumruq" ətrafında bir nəfər kimi birləşdirdi. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa edildi. Beynəlxalq səviyyədə dövlətimizin mövqeləri daha da gücləndi. Vətən Müharibəsi həm də bizə əsl dostlarımızın kim olduğunu göstərdi. Ermənilərin illər boyu yaratdıqları miflər darmadağın edildi. Prezidentin illər ərzində yorulmaz siyasi fəaliyyəti nəticəsində ərazi bütövlüyümüzün beynəlxalq təşkilatlar səviyyəsində dəfələrlə tanınması, qəbul edilən hüquqi sənədlər, qətnamələr, Azərbaycanın Qoşulmama Hərəkatı, BMT, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu qurumlardakı mövqeyi haqq işimizdə mühüm rol oynadı”.

S.Seyidova onu da bildirdi ki, Zəfərimiz həm də Qarabağın heç bir zaman unudulmadığını, hətta bir dəfə də olsun o torpaqları görməyən gənc nəslin necə vətənpərvər ruhda böyüdüyünü bütün dünyaya nümayiş etdirdi: “Artıq Kəlbəcər, Laçın, Şuşa, Qubadlı, Zəngilan Füzuli, Ağdam, Cəbrayılda sürətli bərpa və quruculuq işləri gedir. Bu torpaqlara yeni nəfəs, həyat qayıdır. Medianın, ictimaiyyət nümayəndələrinin çoxsaylı səfərləri təşkil edilir. Hər dəfə işğaldan azad edilən rayonlara səfər etdikcə tamamilə yer üzündən silinən doğma şəhərlərimizin küllərindən yenidən doğduğunun şahidi oluruq. Böyük qayıdışa sayılı zaman qalıb. Görülən işlər şəhidlərimizin qanı ilə azad edilən bu torpaqların əsl sahiblərinin kim olduğunu hamıya göstərdi. Bu məsələdə mediamızın da rolu xüsusi vurğulanmalıdır. Jurnalistlərimiz Vətən müharibəsinin gedişində, ondan sonrakı dövrdə əsl vətənpərvərlik, peşəkarlıq nümayiş etdirdilər. Həmkarlarımız arasında vəzifə borcunu yerinə yetirərkən şəhid olanlar da oldu. Bir daha bu Zəfəri bizə yaşadan şəhidlərimizə Allah rəhmət eləsin”.

Oxunma sayı 53
Media rubrikasından digər xəbərlər