Kabildə təhlükəsizlik qüvvələri Taliban hakimiyyətinin gözəllik salonlarını bağlamaq qərarına etiraz edən onlarla əfqan nümayişçi dağıtmaq üçün havaya atəş açıb və su şırnaqlarından istifadə edib.
Hafta.az-ın yazdığına görə, 2021-ci ilin avqustunda hakimiyyətə gəldikdən sonra Taliban qadınları məktəblərdən və dövlət idarələrindən uzaqlaşdırıb, onların parklara, bağçalara, idman zallarına və hamamlara girişini yasaqlayıb, evdən çıxarkən onlardan tamamilə örtünmələrini tələb edib. Gözəllik salonları ilə bağlı iyunun sonunda yayımlanan fərmanın qadınların işlətdiyi minlərlə mağazanın bağlanmasına səbəb olacağı gözlənilir. Bu salonların əfqan qadınlar üçün son azadlıq və sosial təmas sahəsi olduğu bir vaxtda onların ailələrində çox vaxt başqa gəlir mənbəyi olmur. Paytaxtın bir çox gözəllik salonlarının yerləşdiyi Kasap küçəsində qadın nümayişçilərin açdığı pankartda “Çörəyimi, suyumu əlimdən almayın” yazılıb.
Dünənki nümayişdə iştirak edən onlarla qadından biri bu barədə açıqlama verib: “Biz bu nümayişi müzakirə üçün təşkil etdik. Amma heç kim bizimlə danışmağa, bizi dinləməyə gəlmədi. Bizə məhəl qoymadılar və bir neçə dəqiqədən sonra havaya atəş açıb, su şırnaqlarından istifadə edərək bizi dağıtdılar”.
Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Missiyası (MANUA) nümayişin dağıdılnasını pisləyib. Missiya öz tvitter hesabından verdiyi açıqlamada bu ifadələrə yer verilib: “Əfqanıstanda qadın hüquqlarının son pozulmasına, gözəllik salonlarının bağlanılmasına etiraz edən qadınların dinc nümayişinin yatırılması ilə bağlı məlumatlar çox narahatedicidir. Əfqanların zorakılığa məruz qalmadan öz fikirlərini bildirmək hüququ var. Hakimiyyət bu hüquqa hörmət etməlidir”.