Rusiyaya bağlı Çeçenistan Muxtar Respublikasının prezidenti Ramzan Kadırovun səhhətinin getdikcə pisləşdiyi bildirilir.
Hafta.az-ın yazdığına görə. “New York Times”ın təhlili 20 ilə yaxındır hakimiyyətdə olan Kadırovun yerinə kimin keçəcəyinin hələ də qeyri-müəyyən olmasına diqqət çəkir. Bildirilir ki, Kadırov artıq ekrana nadir hallarda çıxır və onun yoxluğu təkcə fiziki deyil, həm də siyasi baxımdan hiss olunur.
Çeçenistan liderinin varisi kimi ən çox diqqət çəkən ad onun 17 yaşlı oğlu Adam Kadırovdur. Gənc yaşına baxmayaraq, oğul Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib, eyni zamanda atasının Daxili İşlər Nazirliyində nümayəndəsidir.
Orta məktəbi yenicə bitirən Adam son 10 gündə iki medalla təltif edilib və ötən həftə Rusiya lideri Vladimir Putin ona zəng edərək ad gününü təbrik edib. Halbuki, Rusiya qanunlarına görə, regional liderin ən azı 30 yaşı olmalıdır. Lakin Ramzan Kadırovun 20 yaşının əvvəlində faktiki lider rolunu öz üzərinə götürməsi oğlunun da eyni yolla gedə biləcəyindən xəbər verir.
Çeçenistanda hakimiyyəti ələ keçirə biləcək daha iki mühüm ad var.
Onlardan biri də Kadırovun sadiq müttəfiqlərindən olan Maqomed Daudovdur. O, Kadırovun olmadığı müddətdə rəsmi görüşlərə rəhbərlik edir, onun göndərdiyi mesajları oxuyur.
Digər ad isə Kadırovun yaratdığı “Ahmet” adlı xüsusitəyinatlı dəstənin komandiri Apti Alaudinovdur. 2021-ci ildə Ukrayna cəbhəsindəki müharibədə iştirakı ilə Kremlin diqqətini çəkən Alaudinov “hərbi təcrübəsi və Moskvaya yaxınlığı” səbəbindən analitiklər tərəfindən ciddi namizəd kimi görünür.
Təhlildə həmçinin vurğulanır ki, Çeçenistan aydın yeni liderin olmaması səbəbindən qeyri-müəyyənliyə sürüklənə bilər.
Kadırovun xəstəliyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Qərb və Ukrayna mənbələri Çeçenistan liderinin böyrək çatışmazlığından və ya kəskin pankreatitdən əziyyət çəkdiyini iddia edib.