Kataloniya lideri İspaniya hökumətini devirməklə hədələdi

09:05 01.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İspaniyada müstəqillik tərəfdarı olan Kataloniya partiyasının lideri Karles Puçdemont bəyan edib ki, Kataloniyanın müstəqilliyi üçün aparılan danışıqlarda kifayət qədər irəliləyiş əldə olunmasa, baş nazir Pedro Sançesə dəstəklərini geri götürə bilərlər.

Hafta.az-ın yazdığına görə, cəmi bir neçə həftə əvvəl Junts Partiyasından olan 7 deputat 2017-ci ildə müstəqillik referendumunu təşkil edən separatçı katalonlara əfv müqabilində Sançesi dəstəkləməklə hökumətin formalaşmasında əsas rol oynamışdı.

“Politico”ya danışan Puçdemont, aralıq seçkilərdə Sançesin hakimiyyətinə son qoymaq üçün mühafizəkar Xalq Partiyası (PP) ilə əməkdaşlığa açıq olduğunu bildirib.

Puçdemont Sançesin yerinə müstəqil baş nazir təyin edilməsində PP ilə razılaşa bilsə, Sançesə etimadsızlıq səsverməsini nəzərdən keçirəcəklərini deyərək, "Ancaq bunun üçün PP bizə doğru addım atmalıdır. Onlar bu cür davam edə bilməzlər. Mənə sanki terrorçu kimi yanaşırlar”, - o deyib.

İyul ayında İspaniyada keçirilən seçkilərdə PP ən yüksək səs toplasa da, hökumət qura bilməyib.

Sançesin hökumətə dəstək müqabilində Puçdemont da daxil olmaqla Kataloniya separatçılarına amnistiya elan etməsi bütün sağçı və mühafizəkar partiyaların, xüsusən də PP-nin reaksiyasına səbəb olub.

PP lideri Alberto Nunez Feyju, Puçdemontun şərhləri ilə bağlı suala, "Junts-un şərtlərini qəbul edə bilmərəm, çünki onlar qeyri-qanunidir. Onlar konstitusiyaya və ispanların bərabərliyinə zidd hərəkət edirlər. Mən mövqeyimi dəyişməmişəm. Sançesin qəbul etdiklərini qəbul edə bilmərəm", deyə cavab verib.