Keçmiş məcburi köçkünlər sevinclərini bölüşdülər

09:23 18.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Mən Cəbrayılı heç vaxt görməmişəm. Uşaq yaşlarımdan bəri ailəmlə Bakıxanovda məcburi köçkünlük həyatı yaşamışıq. Atamdan, anamdan, böyüklərimizdən Cəbrayıla, kəndimizə dair hekayələr eşitmişəm, onların xatirələri ilə böyümüşəm. Mənim üçün o yerlər uzun illər xəyal kimi olub – heç getmədiyim, amma hər zaman görmək istədiyim bir yurd”.

Hafta.az xəbər verir ki, bu sözləri Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən keçmiş məcburi köçkün Pərviz Balacayev deyib.

O hazırda həmin xəyalının gerçəyə çevrildiyini deyib:

“Kəndimizə qayıtmaq, orada yaşamaq imkanı yaranıb. Buna görə çox sevinirəm. Bu, bizim ailənin illərlə ürəyində daşıdığı həsrətin bitməsi, mənim isə heç vaxt görmədiyim, amma hər zaman mənə doğma olan torpağa addım atmağımdır. İndi Horovlunu öz gözlərimlə görmək, o torpaqda yaşamaq və oradan yeni xatirələr yaratmaq istəyirəm”.

“Mən uzun illərdir didərgin düşdüyüm torpağıma geri qayıdıram. Doğma yurda dönüş hissi insana tamam başqa bir duyğu verir. Mən 32 yaşımda yurdumdan çıxarılmışdım. İndi isə 65 yaşımda geri qayıdıram. Elə bil ki, yenidən dünyaya gəlmişəm. Bu günə şükür edirəm”.

Bu sözləri isə Cəbrayıl rayonunun Horovlu kəndinə qayıdan sakin Rəhman Kəlbəliyev deyib.

Doğma torpağa qayıdışı ən böyük səadət adlandıran R.Kəlbəliyev bu prosesdə əməyi olan hər kəsə təşəkkür edib:

“Ən böyük minnətdarlığımız isə şəhidlərimizədir. Allah bütün şəhidlərimizə rəhmət etsin. Onların qanı bahasına biz bu torpaqlara qayıdırıq. Qazilərimizə Allah cansağlığı versin. Prezidentimizə də uzun ömür və güc-qüvvət arzulayıram – bütün bu qayıdış onun rəhbərliyi və ordumuzun şücaəti ilə mümkün olub”. /azertag/