Bu kənd uğrundakı döyüşlərdə neçə-neçə şəhidimiz və yaralımız olub...
Azərbaycan Respublikasının Kəlbəcər rayonunun hələlik Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin himayəsindəki separatçı-terrorçu rejimin nəzarətində qalan Həsənriz kəndindəki ermənilər “bayraq” adlandırdıqları əski parçalarını ucaldıblar.
Hafta.az xəbər verir ki, bu haqda özünün “Facebook” səhifəsində separatçıların “Aterk” adlandırdıqları Həsənriz kəndinin qanunsuz “başçısı” Vardan Qriqoryan məlumat yayıb.
Onun separatçı kriminal xuntanın “ən böyük bayrağı” dediyi əski parçası 10 m x 5 m ölçüsündədir...
Xatırladaq ki, 44 günlük savaş boyu Kəlbəcərin Həsənriz kəndi ətrafında əməliyyatlar getməsə də, I Qarabağ savaşında - 1992-1993-cü illərdə yeni formalaşan ordumuzun qəhrəman döyüşçüləri Qarabağda ermənilərin nəzarətində qalan yüzlərlə kəndlərimiz kimi, Həsənriz uğrunda da ölüm-dirim savaşı aparıb. Kənd uğrundakı döyüşlərdə neçə-neçə şəhidimiz və yaralımız olub. 1992-ci ilin yayındakı uğurlu Ağdərə əməliyyatları zamanı Həsənriz kəndi də işğaldan tam azad edilib və xeyli müddət Azərbaycan ordusunun nəzarətində qalıb. Təəssüf ki, 1992-ci ilin payızından başlayaraq ölkə daxilindəki hakimiyyət aşiqlərinin davası və Rusiyanın dəstəyi sayəsində digər torpaqlarımız kimi, Həsənriz kəndi də 1993-cü ilin fevralında düşmən tərəfindən geri alınıb.
Zəruri arayış:
Həsənriz - Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Tərtər çayının sol tərəfində, Həsənriz çökəkliyindədir. Keçmış adı Aterk(Haterk qalası) olmuşdur. Tədqiqatçıların ehtimalına görə, “aterk” - türk dillərindəki “atrak” (çayın mənsəbə töküldüyü yer) sözünun fonetik variantıdır. XIII əsrdən sonra Xaçın knyazı Həsən Cəlalın adı ilə kənd Həsənriz adlanmışdır. 1992-ci ildə kəndin adı Azərbaycan dövləti tərəfindən Həsənriz kimi rəsmiləşdirilib.
Həsənriz kəndi əvvəllər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibindəki keçmiş Ağdərə rayonu inzibati ərazisinə aid olub. Lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Həsənriz kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.

Qarabağ müharibəsinin başlanğıcında erməni quldur dəstələri rus ordusunun köməyi ilə kənddə nəzarəti ələ keçiriblər. Lakin 1992-ci ilin yayında Azərbaycan ordusunun hücumu nəticəsində həmin ilin 4 iyulunda kənd Azərbaycanın nəzarətinə keçib. Təəssüf ki, 1993-cü ilin əvvəlində erməni işğalçıları hücuma keçərək kəndi yenidən işğal ediblər. Hazırda Həsənriz kəndi ermənilərlə təmas xəttindən bir neçə kilometr aralıda yerləşir. Məlumatlara görə, kənddə hazırda erməni ordusunun batalyonu saxlanılır.
10 noyabr üçtərəfli razılaşmasından sonra Rusiya sülhməramlıları ərazi bölgüsünü keçmiş Azərbaycan SSR-in inzibati bölgüsü əsasında apardıqlarından Həsənriz kəndi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin “Mardakert” rayonu tərkibindəki kimi saxlanılaraq Kəlbəcər rayonuna qaytarılmayıb. Təbii ki, bu, qanunsuz bölgüdür...