Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Ağstafada təsərrüfatlara baxış keçirib - FOTO

16:25 13.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov sentyabrın 13-də Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ağstafa, Qazax və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən hafta.az-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, işə bərpa, dövlət qulluğuna qəbul qaydaları və digər məsələlərlə bağlı olub. Şöbə müdiri İlham Süleymanov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Şöbə müdiri vətəndaşlarla görüş zamanı dövlətimizin başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qəbuldan sonra Aqrar İnkişaf Könüllüləri ilə görüş keçirilib, aktiv fəaliyyəti ilə fərqlənən bir qrup könüllüyə sertifikatlar təqdim edilib.

Daha sonra İlham Süleymanov Ağstafa rayonunda “Kür Fruit” şirkətinin intensiv meyvə bağına, Poylu kəndində salınmış üzüm plantasiyasına baxış keçirib. Görüşlərdə meyvəçiliyin inkişafı, meyvə bağlarında düzgün aqrotexniki qulluq edilməsi, intensiv bağların genişləndirilməsi, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin quraşdırılması barədə fikir mübadiləsi aparılıb, fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlandığı qeyd olunub.