Keniya prezidenti Uilyam Ruto ölkəsinin bir neçə ay ərzində bütün ölkələrə viza sərbəstliyi verməyi planlaşdırdığını açıqlayıb.
Hafta.az-ın "The Star" qəzetinə istinadən yazdığına görə, paytaxt Nayrobidə keçirilən Afrika İqlim Sammitində çıxış edən Ruto Keniyanın bəşəriyyətin ilk məskənlərinə ev sahibliyi etdiyinə diqqət çəkərək, buranı ziyarət edənlərdən viza istəməyin doğru olmayacağını bildirib. Ruto bildirib ki, ölkəsi bütün bəşəriyyətin vətənidir: “Bir neçə ay ərzində bütün vizaları ləğv etməyi planlaşdırırıq”.
Vəzifəyə gəldiyi gündən bir çox ölkə ilə vizaları ləğv edən Ruto daha əvvəl bütün afrikalılara viza azadlığı verəcəyini açıqlamışdı.
Afrika İttifaqı və Keniya hökumətinin birgə keçirdiyi “Afrika və dünya üçün yaşıl inkişafın və iqlimin maliyyələşdirilməsi həllərinin dəstəklənməsi” mövzusunda sammit Nayrobidəki Kenyatta Beynəlxalq Konqres Mərkəzində keçirilir. 3 günlük sammit dekabrda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP28) Tərəflərin 28-ci Konfransı öncəsi danışıqlardan əvvəl və ilkin hazırlıq kimi qiymətləndirilir.
Sammitdə Afrika dövlət başçıları, COP28 prezidenti Sultan əl-Cabir, ABŞ prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri, eləcə də bir çox beynəlxalq təşkilatlar iştirak edir. Tədbirin sonunda Afrikanın yaşıl enerjiyə keçid planını ehtiva edən Nayrobi Bəyannaməsinin elan olunması planlaşdırılır.