Talibanın dini və siyasi lideri Hibetullah Axundzadə Pakistanın əfqanların ölkədə bir sıra intiharçı hücumlarında əli olduğunu iddia etməsindən bir neçə gün sonra Taliban üzvlərinə xaricdə belə hallara yol verməmələri barədə xəbərdarlıq edib.
Hafta.az-ın Əfqanıstan mediasına istinadən yazdığına görə, müdafiə naziri Məhəmməd Yaqub Mücahid şənbə günü dövlət televiziyasında yayımlanan çıxışında komandirlər və Taliban ünsürlərinə müraciət ünvanlayıb.
Mücahid çıxışında Axundzadənin “Əfqanıstanı cihad məqsədilə tərk edən şəxs cihadçı deyil” dediyini söyləyib. “Əmir dedi ki, əgər mücahidlər sərhəddən kənara döyüşməyə gedirlərsə, bu müharibə cihad deyil. Bu, əmirin əmridir və itaət vacibdir. Əgər bir şəxs cihad məqsədilə Əfqanıstanı tərk edərsə, həmin şəxsin cihadı cihad sayılmır”, - Mücahid deyib.
O həmçinin xatırladıb ki, Taliban üzvləri hazırkı hökumətin uğurlarına xələl gətirəcək heç bir addım atmamalıdır.
Xatırladaq ki, İslamabad bu yaxınlarda Pakistanda silsilə intihar hücumlarının arxasında duran yaraqlılara sərhəddən keçən Əfqanıstan vətəndaşlarının kömək göstərdiyini bildirib.
Pakistanın baş naziri Şahbaz Şərif birbaşa Taliban hökumətini öz ərazisindən hücumlara icazə verməkdə ittiham etməyib, lakin Pakistan elementlərinin qonşu ölkədəki “sığınacaqlardan” fəaliyyət göstərdiyini bildirib.
Taliban iki il əvvəl Əfqanıstanda yenidən hakimiyyətə gəldikdən sonra Pakistanın qərb sərhəd bölgələrində cəmləşmiş yaraqlıların hücumlarında əhəmiyyətli artım müşahidə olunur. Bu hücumları Əfqanıstan Talibanının müttəfiqləri olan Pakistan Talibanı və DAEŞ öz üzərinə götürüb.
Taliban rəsmiləri israr edirlər ki, başqa ölkələrə hücum etməyi planlaşdıran silahlı qruplaşmaların öz ərazilərindən istifadə etməsinə icazə vermirlər.