Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) Məclisinin sədri Zorlu Törə, Cənubi Kipr Administrasiyası Assambleyasının sədri Anita Dimitriunun “Kiprdəki mövcud vəziyyət Avropa İttifaqının üzvü olaraq bizim üçün normal ola bilməz” açıqlamasına və "Türkiyə son 50 ildə işğal olunmuş ərazilərə əhali yerləşdirmək siyasəti yürüdür, adadakı hər bir yunan və xristian elementi yox etməyi hədəfləyir" iddialarına cavab verib.
Hafta.az-ın yazdığına görə, Zorlu Törə, Anita Dimitriunun açıqlamasının adada və KKTC-də türk varlığına məhəl qoymadığını, yunanların adada yaratdığı problemi həll etməkdən nə qədər uzaq olduqlarını bir daha ortaya qoyduqlarını vurğulayıb. Törə məsələ ilə bağlı deyib: “Kipr problemi 1974-cü ildə həll olunub. 1983-cü ildən bəri isə adada iki suveren və bərabərhüquqlu dövlət var. Normal olan da məhz budur. Qondarma “Kipr Respublikası” adı altında üzvü olduğu Avropa İttifaqının çətiri altındakı Cənubi Kiprin “Bu vəziyyət bizim üçün normal ola bilməz” bəyanatı bizi həll yoluna yaxınlaşdıran hərəkət deyil, əksinə onu həll zəminindən uzaqlaşdırdı. Həmişə vurğuladığımız kimi, Cənubi Kiprin Kipr türklərini təmsil etmək səlahiyyəti və gücü yoxdur. 1963-cü ildən bəri hüquqları qəsb edilən, qətliamlara məruz qalan və təcrid vəziyyətində yaşamağa məcbur edilən Kipr Türk xalqı 1960-cı il müqavilələrindən irəli gələn öz müqəddəratını təyinetmə hüququndan yararlanaraq varlığını, təhlükəsizliyini və azadlığını qorumaq üçün KKTC-ni qurdu. Türk olaraq heç vaxt müstəqil dövlətimizi güzəştə getməyəcəyik”.
Törə bəyanatının sonunda bütün əlaqədar tərəfləri adadakı reallığı qəbul etməyə çağırıb və Kiprdə əldə ediləcək yeganə həll yolunun iki suveren dövlətin mehriban qonşuluq münasibətləri çərçivəsində əməkdaşlığı olduğunu vurğulayıb.