Kişilər yox, qadınlar... - Pensiyaya neçə yaşında çıxaq?

19:34 04.04.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Bütün əhalinin təqaüd yaşına nəzər yetirmək lazımdır. Veteranlar bizə məktub yazır ki, dövlət bizim təqaüd yaşımıza yenidən baxsın. Heç olmasa, onların təqaüd yaşlarını 62-ə salmaq olar”. Bu fikirləri parlamentdə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı səsləndirib.

O, həmçinin bildirib ki, qadınların təqaüdünə də baxmaq lazımdır: “Bu yaş həddi Azərbaycan üçün çox böyük rəqəmdir.  Deyirlər ki, Azərbaycan uzunömürlülər məskənidir, amma bu deyim artıq nağıllarda qalıb”.

Qeyd edək ki, ölkədə pensiya yaşının azaldılması, xüsusilə də qadınların pensiya yaşına yenidən baxılması mütəmadi olaraq müzakirə olunur. Ötən il məsələ Ombudsman Aparatının   məruzəsində də gündəmə gətirilmişdi. Məruzədə qadınların pensiya yaşının azaldılması, xüsusilə 63 yaş müəyyənləşdirilməsi ilə bağlı “Əmək pensiyaları haqqında” qanuna müvafiq dəyişikliklərin edilməsi təklif olunurdu. Amma aidiyyəti qurumlar bu təklifə müsbət yanaşmadılar.

Məlumat üçün bildirək ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir:

Dövr   Kişilər üzrə pensiya yaşı - Qadınlar üzrə pensiya yaşı

1 iyul 2017 – 30 iyun 2018 - 63 il 6 ay - 60 il 6 ay

1 iyul 2018 – 30 iyun 2019 - 64 il - 61 il

1 iyul 2019 – 30 iyun 2020 - 64 il 6 ay - 61 il 6 ay

1 iyul 2020 – 30 iyun 2021 - 65 il - 62 il

1 iyul 2021 – 30 iyun 2022 - 65 il - 62 il 6 ay

1 iyul 2022 – 30 iyun 2023 - 65 il - 63 il

1 iyul 2023 – 30 iyun 2024 - 65 il - 63 il 6 ay

1 iyul 2024 – 30 iyun 2025 - 65 il - 64 il

1 iyul 2025 – 30 iyun 2026 - 65 il - 64 il 6 ay

1 iyul 2026 və sonra 65 il - 65 il

Bu il yanvarın 1-i vəziyyətinə görə, Dövlət Sosial Müdafiə Fondunda 1096,0 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1114,2 min) pensiyaçı qeydiyyatdadır. Bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,0 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Bəs, görəsən, qadınların pensiya yaşının azaldılmasına əngəl olan səbəblər hansılardır? Ümumiyyətlə, Azərbaycanda pensiya yaşının aşağı salınması nə dərəcədə realdır? 

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, hazırda qadınların pensiya yaşı 63 il 6 aydır. O hesab edir ki, bu yaş həddinin azaldılması ətrafında müzakirə aparılarsa, məsələyə yenidən baxmaq olar: “Əslində, qadınların pensiya yaşı kişilərdən az təşkil etməlidir. Pensiya yaşı müəyyən edilərkən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) imkanları nəzərə alınır. Eyni zamanda vətəndaşların əmək fəaliyyəti dövründə ödədikləri sosial sığorta haqları, onların pensiya kapıtalı, iş stajları və sair də nəzərdən keçirilir. Yəni dövlət bütün vətəndaşlara pensiyanı öz büdcəsindən ödəyə bilmir. Bu məqsədlə vətəndaş çalışdığı dövrdə sosial sığorta haqqı deyilən vergini ödəməklə özünə pensiya kapitalı yığır. Bu da elə təşkil olunmalıdır ki, vətəndaşın vaxtilə ödədiyi sığorta haqları onun pensiya məbləğinə kifayət etsin, eyni zamanda, bu və ya digər çatışmazlıq olanda DSMF-nin büdcəsindən əlavə dotasiya ayırmaq mümkün olsun. Hazırkı yaş həddi bu məsələlər nəzərə alınaraq müəyyən olunub. Son illər DSMF-nin dövlət büdcəsindən asılılığı tədricən azalıb. Bu müsbət göstərici yığımlarla bağlıdır. 2019-cu ildə yığımlar DSMF-dən alıb İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə verdilər. Bundan əlavə, Vergi Məcəlləsinə edilən dəyişikliklə sosial sığorta haqlarının faizi artırıldı. Daha sonra vergi orqanları tərəfindən vergi ödəyicisinin işçiləri əmək müqaviləsiz işə cəlb edilməsi faktları aşkarlandı. Bütün bu tədbirlər nəticəsində DSMF-nin dövlət büdcəsindən asılılığı azaldı”.

Ekspert vurğulayıb ki, qadınların 55-60 yaşda pensiyaya çıxmaq hüququnun təmin edilməsini hər kəs arzulayır: “Lakin reallıq başqadır. Bu məsələyə ölçü ilə yanaşmaq lazımdır. İşin maliyyə tərəfini düşünsək, pensiya ödənişləri üçün tələb olunan vəsaitin haradan, necə əldə olunacağına nəzər salınmalıdır. Pafoslu çıxışlarla heç nəyə nail olmaq olmaz. Hazırkı gedişat onu deməyə əsas verir ki, kişilərin olmasa da, qadınların pensiyaya çıxmaq hüququnu 60 yaşda əldə etməsinə şərait yaratmaq mümkündür. Amma bu, indi real görünməsə də, yaxın gələcəkdə mümkündür. Dövlət də istəyər ki, vətəndaşı ondan razı qalsın, işdən çıxdıqdan sonra yüksək səviyyədə pensiya alsın, əhalisinin vaxtından əvvəl pensiyaya çıxmaq istəyini reallaşdıra bilsin. Bunun üçün müvafiq şərtlərin təmin olunması lazımdır. İlkin şərt odur ki, gərək vətəndaşların əmək haqları yüksək olmalıdır ki, onlar sosial sığorta haqlarını eyni səviyyədə ödəyə bilsinlər. Bundan əlavə, DSMF-nun maliyyə imkanları geniş olmalıdır, ölkədə özəl pensiya fondları fəaliyyət göstərməlidir. Hər bir vətəndaş istənilən məbləğdə pensiya kapitalı yığdıqdan sonra qanunvericiliklə müəyyən olunmuş istənilən yaşda pensiyaya çıxmaq hüququnu da təmin edə bilər. Amma indiki şəraitdə bu, tezdir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyir ki, qadınların pensiya yaşının azaldılması son dövrlərdə müzakirə olunan məsələlərdəndir və Milli Məclisdə də onların fərqləndirilməsi məsələsi qaldırılıb: "Bir sıra inkişaf etmiş ölkələrdə qadınlar daha tez pensiyaya çıxır. Bu da birbaşa onunla bağlıdır ki, qadınların pensiya yaşında daha çox sosial təminata ehtiyac olur. Nəzərə almaq lazımdır ki, qadınlar sosial baxımdan dəstəyə daha çox ehtiyacı olan vətəndaşlarımızdır. Xüsusilə pensiya yaşında onların sosial təminatının gücləndirilməsi daha prioritetdir. Qadınlar və kişilər arasında pensiya yaşında fərqlər bir sıra ölkələrdə də var. Məsələn Avstriyada kişilər üçün pensiya yaşı 65 olsa da, qadınlar üçün 60-dır. Uyğun olaraq Macarıstanda 64.5 və 62, İsveçrədə 65 və 64, Xorvatiyada 65 və 62.5 və s. Odur ki, Azərbaycanda da oxşar qaydanın tətbiqi məqsədəuyğun olardı. Bu baxımdan, maliyyə yükünə uyğun olaraq bu istiqamətdə islahatlar davam etdirilməlidir. Bu təklifin maliyyə əsaslandırılması hazırlandıqdan sonra konkret müzakirələrin davam etdirilməsi mümkündür”.