Kolbasa seçərkən onun ümumi görüntüsündə cırılma, dağılma olmadığına diqqət yetirməliyik
Kolbasa və sosisləri ən çox istehlak edən ölkələrdən biri də Azərbaycandır. Xüsusilə də ayaqüstü aclığı yatırmaq məqsədi ilə yeyilən bu məhsula təlabat bizdə xeyli çoxdur. Əvvəlki illərlə müqayisədə artıq bazarlarda yerli məhsullar üstünlük təşkil edir.
Yerli markalar “halallıq”la kəsilib hazırlandığını iddia etdə də, istehsal zamanı səhlənkarlığın olması halları da zaman-zaman müşahidə edilib. Belə ki, bütün dünyada olduğu kimi Azərbaycanda kolbasa istehsalında mənşəyi bəlli olmayan, xəstə heyvan ətlərindən, bir sıra hallarda hətta ət əvəzinə heyvanların süd vəzi, yeli, dili, başı, hətta karton, kartof qabığından istifadə edildiyi iddia olunur. İstehsal prosesi antisanitariya şəraitində, xammal laborator yoxlama aparılmadan həyata keçirilir.
Hafta.az bu məhsul haqqında yerli satış obyektlərində araşdırma apardı.
Nəzərinizə çatdıraq ki, bu gün satışda kiloqramı 3-4 manatdan 15-20 manata və daha baha satılan kolbasa-sosis növlərinə rast gəlmək mümkündür. Ətin 1 kiloqramının 10 manatdan baha olmasını düşünsək bu zaman ucuz kolbasaların tərkibi və mənşəyi sual altına düşür.
Müsahibimiz qida mütəxəssisi Məhsəti Hüseynova bildirir ki, sağlam qidada kolbasa və sosis kimi məhsulların yeri yoxdur:
“Kolbasa həddindən artıq işlənmiş məhsul hesab olunduğundan mən sağlam qidalanma mütəxəssisi kimi bu kimi qidaların yeyilməsinin tərəfdarı deyiləm. Kolbasa-sosis alarkən diqqət edilməli ilk məqam çəki ilə satılanlarından uzaq durmaqdır. Belə məhsulların etiketi, markası və haqqında məlumatı düzgün şəkildə olmalıdır. Bu halda qidanın hansı şərtlərdə istehsal edildiyi ilə bağlı məlumat almaq olar. Əksər hallarda kolbasa və sosislərin istehsalı zamanı sanitar gigiyena qaydalarına əməl edilmir. Kolbasa seçərkən onun ümumi görüntüsündə cırılma, dağılma olmadığına diqqət yetirməliyik. Marketlərdə etiketli kolbasa belə çəki ilə kəsilərək satıla bilir. Bu zaman da onun doğru saxlandığından əmin olmalıyıq. Kəsilən hissənin çox möhkəm bağlı olması mütləqdir. Əsas məsələlərdən biri də xoşa gələn ədviyyat qoxusunun gəlməsidir. Əgər turşumuş, köhnə ət qoxusu gəlirsə bu məhsulun keyfiyyətsiz olmasından xəbər verir. Kolbasaların düzgün temperaturda saxlanması onun növündən də asılı ola bilir”.
Ekspertin sözlərinə görə, kolbasanı alan zaman diqqət ediləsi bir neçə məqamlar var. Bunun sayəsində məhsulun keyfiyyətini təyin etmək olar:
“Ola bilər ki məhsul hisə verilmiş, az hisə verilmiş, çiy halda hisə verilmiş şəkildədir. Belə hallarda hər bir çeşid fərqli temperaturda saxlanılmalıdır. İmmun sistemini zəyiflədən qidalar arasında ilk sıralarda elə kolbasa dayanır. Kolbasanı kəsərkən ət hissəsində yəni daxilində boş havacıqlar, ləkələr olmamalıdır. Bütün hissələrinin rəngi eyni dərəcədə oxşar tonda olmalıdır. Əgər piyli kolbasadırsa onun da rəngi ağ, çəhrayıya çalmalıdır. Məhsulun daxilindəki boşluqlar və ya rəng fərqləri, yapışqanlılığı onun aşağı keyfiyyətli olmasından xəbər verir”.
Mütəxəssis keyfiyyətin qiymət ilə də əlaqədar ola biləcəyini vurğuladı:
“Kolbasanın ana maddəsi ətdir. Bu qırmızı dana əti və ya digər quş ətləri də ola bilər. Əlavə olaraq nişasta unu və ədviyyatlar qatıla bilər. Bəzən olur ki, qatqılar həddindən çox əlavə olunur, yaxud da ətin lazımsız hissələri də ətlə birlikdə kolbasa hazırlayan zaman istifadə edilir. Bunlar da olduqca zərərlidir. Kolbasa alan zaman qiyməti də nəzərə alınmalıdır. Ən azından diqqət etməliyik ki, ətin 1 kiloqramı ilə kolbasanın 1 kiloqramı arasında böyük fərq yaranmasın”.
Qeyd edək ki, tez-tez kolbasa məhsulları qəbul edən insanın orqanizmində xərçəng hüceyrələrinin əmələ gəlməsi prosesi sürətləndiyi öz təsdiqini tapıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (WHO) da dəfələrlə xəbərdarlıqla çıxış edib. Buna baxmayaraq bir çox ölkələrdə insan sağlamlığı üçün çox ziyanlı olan kolbasa və sosis məhsulları kütləvi şəkildə istehsal olunur və Azərbaycan da bu ölkələr arasında yer alır.