Komitə azyaşlıların evliliyini nəzarətə götürüb

15:58 26.10.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, Yevlax şəhərində 2004-cü il təvəllüdlü Səlim 14 yaşına çatmayan Səidə ilə ailə qurub. Belə ki, Səlim 27 sentyabr 2020-ci ildə, gecə saat 01 radələrində yaşadığı Yevlax şəhərində evdə faktiki ər-arvad münasibətlərində yaşadığı 2008-ci il təvəllüdlü Səidə ilə cinsi əlaqədə olub. Bu münasibət 2 fevral 2021-ci ilə kimi mütəmadi olaraq davam edib.

Məsələ ilə bağlı hafta.az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu  bildirib ki, məsələ artıq komitə tərəfindən nəzarətə götürülüb:

“Yevlax rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya ilə əlaqə saxlanılıb. Çox güman ki, hər iki tərəf çağrılacaq və məsələ araşdırılacaq. Daha sonra məsələyə hüquqi qiymət veriləcək. Burada söhbət erkən nigahdan gedir”.

Nəzərinizə çatdıraq ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ondan yaşda kiçik olan Səidə ilə bir-birlərini istədikləri üçün valdeynləri onları nişanlayıb:

"Lakin mənim və Səidənin azyaşlı olduğuna görə evlənməyimə icazə vermədilər. 26 sentyabr 2020-ci ildə gündüz Səidə ilə görüşdük. Söhbət edərkən Səidə gecə gələrək ailə qurmaq məqsədilə qaçırmağımı dedi. Ona görə həmin gecə Səidəgilin küçəsinə getdim. Səidənin küçəyə çıxmasın gözlədim. Səidə küçəyə çıxdı. Onu öz razılığı evimizə apardım".

Səlim deyib ki, fevralın 27-də yaşadığı evdə könüllü olaraq Səidə ilə cinsi əlaqədə olub: "Səidə ilə cinsi əlaqədə olarkən ona heç bir zor tətbiq etməmişəm. Səidə ilə 2 fevral 2021-ci ilə kimi Yevlax şəhərindəki yaşadığımız evdə ər-arvad kimi cinsi əlaqədə olmuşuq. Polis şöbəsində olarkən barəmdə cinayət işi başlanacağı izah edildi. Ona görə Səidə ilə bu münasibəti dayandırdım".

Səlim ifadəsində göstərib ki, Səidə ilə bir ailə kimi mehriban yaşayır və aralarında heç bir narazılığı yoxdur.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səidənin sözlərinə görə, qohumları olan Səlim ilə bir-birlərini istədikləri üçün valdeynləri onları nişanlayıblar:

"Ancaq azyaşlı olduğuma görə, məni Səlimlə evlənməyə icazə vermədilər. Sentyabrın 26-da Səlimlə gündüz görüşdük. Söhbət edərkən evlənmək qərarına gəldik. Ona görə həmin gecə Səlim bizə gəldi. Anamgil yatdıqdan sonra evdən çıxdım və Səlimlə ailə qurmaq məqsədilə ona qoşularaq qaçdım".

Səidə qeyd edib ki, fevralın 27-də Səlimgilin yaşadığı evdə könüllü olaraq onunla cinsi əlaqədə olub: "Səlim mənimlə cinsi əlaqədə olarkən mənə heç bir zor tətbiq etmədi. Səlimlə 2021-ci ilin fevralın 2-ə kimi Yevlax şəhərində yaşadıqları evdə ər-arvad kimi yaşamışıq".

Səidə deyib ki, Səlimlə ailə kimi bir yerdə mehriban yaşayır və aralarında heç bir narazılıqları yoxdur.

Yevlax rayon Məhkəməsinin hökmü ilə Səlimin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub.

 

Oxunma sayı 29