Koreyada təxminən 200 nəfərə yaxın azərbaycanlı yaşayır. Onların əksəriyyəti tələbələr və əvvəllər bu ölkədə təhsil almış, daha sonra ölkənin nüfuzlu şirkətlərində çalışan vətəndaşlarımızdır.
Bu fikirləri hafta.az-a Azərbaycanın Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov deyib.
Onun sözlərinə görə, Koreyada əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın bir çoxu bu ölkənin “Samsung”, LG, “Hyundai”, “Naver” kimi aparıcı şirkətlərində fəaliyyət göstərirlər:
"Həmçinin bir vaxtlar Koreyada təhsil almış gənclərimizin bəziləri hazırda Azərbaycan məhsullarının Koreyaya ixracı, istiqamətində fəaliyyət göstərirlər və səfirlik olaraq biz həmin gənclərimizə dəstək olmağa çalışırıq. Hazırda Koreyada yeganə diaspor təşkilatı kimi fəaliyyət göstərən BUTA Azərbaycan - Koreya Dostluq Assosiasiyası 21 mart 2009-cu ildə təsis edilib, 10 fevral 2015-ci il tarixində Koreyada qeyri-kommersiya məqsədli təşkilat kimi rəsmi qeydiyyatdan keçib. Təşkilat yarandığı gündən indiyədək Koreyada təhsil alan azərbaycanlı tələbələrin təşkilatlanması, soydaşlarımız arasında milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycan xalqının tarixi, müasir həyatı, sosial-iqtisadi inkişaf səviyyəsi, mədəniyyəti ilə bağlı məlumatların, eləcə də Azərbaycan həqiqətlərinin Koreya ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra işlər görüb. Səfirliyimiz BUTA Assosiasiyası ilə sıx əlaqədədir və təşkilatın bir sıra tədbirlərinin təşkil olunmasında bilavasitə iştirak edir."