Son günlər bəzi vətəndaşlar bildirirlər ki, Covid-19 a yoluxan zaman onlara göndərilmiş mesajda bir müddət təcrid olunmaları qeyd olunur. Ancaq, nə vaxtdan etibarən çölə çıxa biləcəkləri haqqında məlumat yazılmır.
Bir digər problem isə odur ki, sağalmış vətəndaşa yoluxma haqqında mesaj gec gəlir və sağaldıqdan bir müddət sonra da çölə çıxa bilmir. Bəs görəsən, belə hallarla qarşılaşan vətəndaşlar nə etməlidir? Covid-19 xəstələrinin ictimai yerlərə getməsinin cəzası nədir? Vətəndaş hansı hallarda həbs edilə bilər?
Hafta.az-ın əməkdaşı ilkin olaraq mesajlarla bağlı yaranan narahatlıqları araşdırmaq üçün TƏBİB-lə əlaqə saxladı.
Qurumun İcatimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış bildirdi ki, göndərilən mesajlara İcbari Tibbi Sığorta Agentliyi nəzarət edir və bununla bağlı yaranmış problemlər də onların tabeçiliyində həll edilməli olan məsələlərdir.
Daha sonra sözügedən agentliyin mətbuat xidməti ilə əlaqə saxladıq. İcbari Tibbi Sığorta Agentliyi isə bu məsələdə TƏBİB-i ittihamladı.
Bildirildi ki, onların vətəndaşlara göndərdikləri xəbərdarlıq mesajlarının forması məhz TƏBİB tərəfindən verilir. Məlumatda o da vurğulanır ki, mesajlarla bağlı problemin yaşanması haqqında onlara bu zamana qədər şikayət daxil olmayıb. Hər şey qurum əməkdaşlarının nəzarəti altındadır.
İndi isə keçid alırıq məsələnin hüquqi tərəflərinə. Bununla bağlı hafta.az-a açıqlama verən vəkil Roman Qaraşov bildirdi ki, mesajla bağlı məsələ sırf texnikidir. Yəni bu hal, vətəndaşın koronavirus xəstəsi olub-olmaması demək deyil:
“Əgər vətəndan virusa daha əvvəl yoluxub, artıq sağaldığını zənn edirsə bununla bağlı test verib, onun nəticəsinə uyğun olaraq əgər sağlamdırsa, rahat şəkildə hərəkət edə bilər. Hər hansı qurum əməkdaşı yaxud da polis tərəfindən saxlanılarsa, bu zaman mesajı təqdim edə bilər”.
Vəkilin sözlərinə görə, koronavirus xəstələri yaşadıqları ünvanı tərk etdikdə onları aşağıda qeyd olunan cəzalar gözləyir:
139-1.1. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda -iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
139-1.2. Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İnzibati xətalar məcəlləsi Maddə 211. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması
211.1 Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.