Bir müddət öncə Böyük Britaniyanın Kembricdəki Senger İnstitutundan Ceffri Barrett və London Universitetindən Fransis Ballou Hindistanda koronavirusun yeni və təhlükəli mutasiyasının ortaya çıxması ilə bağlı xəbərdarlıq etmişdilər. Hazırda elə ölkəmiz də təhlükənin astanasındadır. Belə ki, Rusiyada koronavirusun “Delta” ştammının yeni variantı olan AY.4.2 aşkarlanıb.
Bəs görəsən yeni ştammla bağlı ölkəmizi hansı çətinliklər gözləyir? Artıq əhalinin 50 faizə qədəri vaksin olunub, bunun nə kimi təsirləri olacaq?
Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən infeksionist Nicat Əzimli bildirdi ki, başlanğıcda İngiltərə və İsrail kimi ölkələrdə aşkarlanan variantın bizə qonşu ölkələrə gəlib çıxması göstərir ki, həqiqətən də araşdırmalarda deyildiyi kimi digər variantlardan daha yoluxucudur və ən dominant variant olacağı gözləniləndir.
Lakin, vaksinlərin effektinin buna qarşı daha zəif olması ilə bağlı informasiya yoxdur. Vaksinasiya əvvəl olduğu kimi yenə də təsirlidir.
Bundan başqa, Böyük Britaniyanın səhiyyə naziri Sacid Cavid ölkədə “Delta”nın yeni variantının yayıldığını bildirib. Britaniya alimlərinin hesablamalarına görə, AY.4.2-nin yoluxuculuğu “Delta”dan 10-15 faiz çoxdur.
Qeyd edək ki, "AY.4.2" adlanan yeni ştamm dünya ölkələrində tüğyan edən növündən 10-15% daha infeksion sayılır. Alimlərə görə, "AY.4.2" pandemiya dövründə ən yoluxucu koronavirusa çevriləcək”.