Kreml Ukraynaya vaxt verdi - GÜN SONUNA QƏDƏR...

18:26 28.06.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Putinin göstərişi ilə fevralın 24-ü səhər saatlarında başlayan müharibə Ukraynanın şərqində bütün sürəti ilə davam edir.

Hafta.az xəbər verir ki, Rusiya qoşunlarının irəliləməsi davam etdikcə, Ukrayna Donbasda mövqelərini itirməkdə davam edir.

Kiyev bu geri çəkilməni “taktiki” kimi qələmə versə də, bir müddətdir ki, müharibə küləyinin Rusiyadan döndüyü yüksək səslə dilə gətirilir.

Rusiyanın Donbasda irəliləməsi davam edərkən, Kremldən Ukraynaya fövqəladə çağırış gəlib.
Kremlin sözçüsü Peskov Rusiyanın hücumlarının dayandırılması üçün yalnız bir şərtin olduğunu vurğulayıb.

Peskov bildirib ki, Rusiya Ukrayna təslim olan kimi hücumlarını dayandıracaq və Kiyevi qoşunlarına silahlarını yerə qoymağı əmr etməyə çağırıb.

“Ukrayna tərəfi bu gün bitənə qədər hər şeyi dayandıra bilər”, – Peskov jurnalistlərə deyib.
Kreml sözçüsü əlavə edib ki, Kiyev Moskvanın tələblərinin siyahısını yerinə yetirməlidir.
Qərb mətbuatının Kreml mənbələrinə əsaslanaraq verdiyi məlumata görə, Moskvanın ölkədə müharibənin başa çatması üçün 6 şərti var.

Rusiya bəyan edir ki, Ukrayna NATO-ya üzv olmamalı və neytrallığını qorumalıdır. 2014-cü ildə işğal olunmuş Krımın Rusiyanın tərkibində tanınmasını tələb edən Moskva Donetsk və Luqansk xalq respublikalarına da müstəqillik verilməsini istəyir.

Ukraynanın Rusiya üçün təhlükə yaradan silahlardan təmizlənməlidir deyən Moskva rus dilinin Ukraynada ikinci dil kimi tanınmasını istəyir.

Rusiya həmçinin rus dilindən istifadəni qadağan edən qanunların ləğvini tələb edir.
Rusiya Krım, Donetsk və Luqanska təzyiqlərini davam etdirsə də, Ukrayna bu bölgələrdə geri çəkilmir.

Ukrayna prezidenti Zelenski sülh danışıqlarının uğurlu olması üçün Rusiyanın işğaldan əvvəl tutduğu torpaqlara qayıtmalı olduğunu bəyan edib və bunun Ukrayna üçün “qırmızı xətt” olduğunu bildirib.
Ukrayna lideri əvvəlki çıxışlarında dəfələrlə bəyan edib ki, “Rusiyaya torpaq verməkdən söhbət gedə bilməz”.

Oxunma sayı 5535