KTMT-nin növbəti hədəfi - ÖZBƏKİSTAN

19:18 10.01.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri rəhbərlərinin videokonfrans formatında keçirilən sammitdə Qazaxıstandakı son hadisələr müzakirə olunub. Görüş zamanı Qazaxıstandakı son hadisələrlə yanaşı, faktiki olaraq növbəti hədəflər önə çəkilib. Bu cür müzakirələr nəyə hədəflənib və gözləntilər nədir?

 Bu barədə hafta.az-a danışan politoloqlar Rusiyanın qorxulu oyunlar oynadığına diqqət çəkiblər.

Politoloq Turan Rzayev ilk növbədə Belarus Prezidenti Aleksandr Lukaşenkonun  çıxışına diqqət çəkib. Hansı ki, Belarus prezidenti məlum çıxışı zamanı -Qazaxıstanda baş verən hadisələrdən ilk növbədə Özbəkistan dərs çıxarmalıdır-deyib.

 “Lukaşenko fikrini belə əsaslandırıb ki, Qazaxıstanda baş verən etirazların əsas dayağı peşəkar terrorçulardır. Bizi gələcəkdə ciddi çağırışlar gözləyir, KTMT-ni gücləndirməliyik.

 Belarus Prezidenti bu açıqlaması ilə növbəti hədəfin Özbəkistan ola biləcəyi mesajını verdi. Lukaşenko “Qazaxıstanda baş verən etirazların əsas dayağı peşəkar terrorçulardır” deyərək faktiki olaraq Kremlin Qazaxıstanda olduğu kimi hər an Özbəkistanda da ixtişaşlar törədə biləcəyini bildirib”.

Politoloq hesab edir ki, növbəti hədəf hər nə qədər Özbəkistan kimi görünsə də Qazaxıstanda baş verən hadisələrin Özbəkistanda baş verməsi mümkün deyil.

“Birincisi, Özbəkistan Mərkəzi Asiyanın sayca ən çox əhaliyə malik türk respublikasıdır. 31 milyondan çox əhəlisi olan Özbəkistan 448.978 kvadrat kilometr əraziyə malikdir. Yəni Qazaxıstandan fərqli olaraq ərazi və əhali balansı bu ölkədə qeyri-müəyyən deyil. Təkcə paytaxt Daşkənddə 2,5 milyon nəfər insan yaşayır. Nəticə etiabri ilə Kremlin Özbəkistanda çıxaracağı ehtimal ixtişaşlar Qazaxıstandakı kimi nə rahatlıqla idarə ediləcək, nə də sakitləşəcək. İkincisi, Qazaxıstandan fərqli olaraq Özbəkistanın Əfqanıstanla sərhədi var. Bu da onda xəbər verir ki, ABŞ proseslərə Qazaxıstanda olduğu kimi səssiz qalmayacaq. Digər tərəfdən, Əfqanıstan hazırda özbəklərin ən çox yaşadığı ikinci ölkədir. Hazırda bu ölkədə 3 milyon özbək yaşayır və Əfqanıstanda özbək əslli generalı, Əbdül Rəşid Dostum faktoru da var. Dostum Əfqanıstandakı özbəklərin lideridir. Yəni Özbəkistanda baş verəcək ehtimal gərginliyə o, səssiz qalmayacaq. Üçüncüsü, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndinə əsasən Qazaxıstana müdaxilə edə bildi. Lakin Özbəkistan KTMT üzvü deyil və bu ölkəyə müdaxilə etmək üçün Kremlin əsası olmayacaq. Nəticə etibarilə Kreml özü də yaxşı anlayır ki, Özbəkistan Qazaxıstan deyil və bu ölkədə eyni ssenarisi işə yaramayacaq. Buna görə də Kreml Belarus Prezidenti Aleksandr Lukaşenkonun fonunda Özbəkistana açıq mesaj göndərərək rəsmi Daşkəndin nəbzini yoxlamaq istəyir”.

Politoloq Elxan Şahinoğlu Belarus prezidenti Aleksandr Lukaşenkonun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) liderlərinin bugünkü onlayn müzakirəsində çıxışı zamanı dediyi sözlərə istinadən deyib ki, indi də hədəfdə Özbəkistandır.  O, Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov açıqlama verərək Özbəkistanın KTMT-yə qayıda biləcəyini deməsini təsadüfi saymayıb.

Politoloq hesab edir ki, Rusiya və tərəfdarları bununla Daşkəndə demək istəyirlər ki, bizimlə olmasan Qazaxıstanda olduğu kimi Özbəkistanda da xaos və vətəndaş qarşıdurması olacaq.

"17 il əvvəl Özbəkistanda Qazaxıstandakına bənzər olaylar - Əndican şəhərində olmuşdu. Özbəkistanın keçmiş prezidenti İslam Kərimov heç kimdən dəstək istəmədən etirazı yatırtdı. Doğrudur, bu zaman müxtəlif mənbələrə görə Qazaxıstanda olduğu kimi Özbəkistanda da yüzlərlə insan həlak oldu, bunun nə qədərinin radikal element, nə qədərinin dinc etirazçı olduğu indiyənə qədər bəlli deyil. Hər halda İslam Kərimov Tokayev kimi Moskvaya müraciət edib ölkəsinin müstəqilliyini təhlükə altına atmadı. Ancaq indi Moskva Daşkəndi xərəbdar edir ki, Qazaxıstandan sonra Özbəkistanda da etirazlar və bunun ardınca silahlı toqquşmalar başlayacaq. Məqsəd Özbəkistanı da təşkilata üzv edib üzvlərin sayını çoxaltmaqdır”.

 

E.Şahinoğlu bildirib ki, gələn xəbərlərə görə Özbəkistan prezidenti Şövkət Mirziyoyev Qazaxıstan hadisələrinin fonunda polis və ordunun gücləndirilməsi istiqamətində addımlar atıb, yerlərdə məmurların fəaliyyətlərini nəzarət altına alıb.

Politoloq Samir Hümbətov bildirib ki, 2022-ci ilin ilk günlərindən etibarən Qazaxıstanda başlayan etiraz aksiyalarının arxasında kimlərin dayanması yavaş-yavaş aydınlaşır.

“Təbii ki, ilk ağıla gələn yanvar ayının 5-dən 6-a keçən gecə Qazaxıstan prezidenti Qasım-Cömərd Tokayevin dəvəti ilə tələsik şəkildə ordusunu Qazaxıstana göndərən Rusiyadır. Qazaxıstandakı hazırkı status-kvo Rusiya üçün qənaətbəxş hesab edilir. Çünki, Rusiya KTMT adı altında öz qoşunlarını hələ uzun müddət Qazaxıstanda saxlamaq niyyətindədir.

Rusiyanın bu məmnunluğunu Vladimir Putinin verdiyi açıqlamadan da aydın şəkildə anlamaq mümkündür. Putin bildirib ki, "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qüvvələri lazım olduğu qədər Qazaxıstanda qalacaq. KTMT Qazaxıstanda beynəlxalq terrorçulara sədd qoyub. Qazaxıstandakı iğtişaşlar kortəbii bir hərəkət deyildi"".

S.Hümbətov Putinin bu açıqlamasını ikibaşlı da hesab edib.

“Rusiya prezidenti eyni zamanda çıxışı zamanı bildirib ki, “Biz Qazaxıstanda beynəlxalq terrorizmin təcavüzünü müşahidə edirik. Silahlılar “qaynar nöqtələr”də təlimlər keçiblər”. Putinin bu açıqlaması da diqqəti çəkən fikirlərdəndir. Vladimir Putin Qazaxıstanda baş verənləri Ukraydana baş verənlərlə müqayisə edərək Maydan texnologiyasından istifadə olunduğuna işarə vurub. O bildirib ki, “Ölkədə baş verənlər xaricdən müdaxilənin nəticəsidir”. Putinin bu açıqlamsı hadisələri birbaşa Qərbin, daha dəqiq desək ABŞ-ın üzərinə yönəltməyə cəhd kimi də qiymətləndirilə bilər. Hesab etmək olar ki, Rusiya baş verən prosesləri birbaşa Qərbin təsiri altında olduğuna vurğu etmək istəyir.

 Vladimir Putin bildirib ki, sülhməramlı kontingent vaxtı gələndə Qazaxıstan ərazisindən çıxarılacaq. Bu isə o anlama gələ bilər ki, Rusiya üçün Qazaxıstanda uzun müddət qeyri-stabilliyin tərəfdarıdır. Yəni uzun müddət belə davam edərsə, Rusiyanın Tokayevə başqı edərək qoşunlarının Qazaxıstanda daha da artırılması və uzunmüddətli saxlanılması üçün əlverişli şərait yaranmış olacaq".

Siyasət rubrikasından digər xəbərlər