Kubada təhlükəsizlik əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatda insan alveri ittihamı ilə 17 nəfər həbs edilib.
Hafta.az-ın yazdığına görə, yerli rəsmilər bildiriblər ki, həmin qruplar Ukraynadakı müharibədə savaşmaq məqsədilə Rusiya ordusunda xidmət etmək üçün gənc kubalı kişiləri cəlb edən qrupla əlaqəli olublar.
Kuba Daxili İşlər Nazirliyindən polkovnik Sezar Rodriges dövlət televiziyasına “İstintaq nəticəsində indiyədək qrupun təşkilatçısı da daxil olmaqla 17 nəfər həbs edilib” deyib. O, təqsirləndirilənlərdən heç birinin adını çəkməsə də, qrup rəhbərinin Ukraynaya qarşı Rusiya ilə müharibəyə qoşulmaq üçün gəncləri cəlb edən iki şəxslə əlaqəsi olduğunu deyib.
Kuba prokuroru Xose Luis Reyes bildirib ki, müttəhimlər cinayətin şiddətindən və növündən asılı olaraq 30 ilədək həbs, ömürlük həbs və ya ölüm cəzası ala bilərlər.
Kuba hakimiyyəti sentyabrın 5-də Rusiya-Ukrayna hərbi münaqişəsində kubalıları cəlb edən şəbəkənin aşkarlandığını elan edib. Kuba rəsmiləri əmin ediblər ki, onlar muzdlu işçilərə qarşı qəti və aydın tarixi mövqe tuturlar və onların ölkəsi Ukraynadakı müharibədə iştirak etməyib.
May ayında “Ryazanskiye Novosti” çox sayda kubalının müqavilə bağlayaraq Ukraynadakı döyüş bölgəsinə getdiyinə dair xəbər dərc etmişdi. Kubalı muzdluların dəqiq sayı göstərilməyib. Nəşr qeyd edib ki, onlardan bəziləri sonradan Rusiyanın vətəndaşı olmaq istəyib. “Reuters”in qeyd etdiyi kimi, Rusiya kommunist Kubası ilə güclü siyasi əlaqələri sayəsində uzun müddətdir ki, öz ölkələrindəki iqtisadi tənəzzüldən xilas olmaq istəyən kubalı mühacirlər üçün mühüm yer olub.