Hazırda dünya miqyasında şirin su problemi qlobal məsələyə çevrilib: “Bunu törədən səbəblərdən biri də atmosferdə temperaturun 1,5 dərəcə artmasıdır. Bunun nəticəsində Yer kürəsindən çoxlu miqdarda su buxarlanır. Böyük və kiçik su dövranının olduğunu nəzərə alsaq, o zaman buxarlanan su yenidən yerə qayıtmalıdır.
Bu fikirləri hafta.az-a Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun rəhbəri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Rauf Sultanov bildirib:
“Yəni dağlardakı çaylar vasitəsilə dəniz və okeanlara qarışmalıdır. Amma indiki dövrdə Yer kürəsinin müəyyən hissəsində quraqlıq, digər tərəfində isə yağıntılar müşahidə olunur. Yağıntılar isə o qədər çoxdur ki, sellər əmələ gəlir və ölkələrə ziyan vurur. Bir sözlə təbiətdə iqlim dəyişir. Son 70-80 ildə Azərbaycanda fevral ayında bu ilki qədər isti müşahidə edilməyib. Bunun təsiridir ki, Kür çayında suyun səviyyəsi olduqca aşağı düşüb”.
Ekspert vurğulayıb ki, su qıtlığı böyük problemdir və qlobal istiləşmə Azərbaycanda kənd təsərrüfatı sahəsinə, eyni zamanda bu sahə ilə əlaqəli sektorlara ciddi ziyan vura bilər: “Kənd təsərrüfatının 60-65 faizi Aran bölgəsində cəmləşib. İstiləşmə olduqda isə ölkəmizdə su qıtlığı yaranacaq. Bu da aqrar sektora mənfi təsir göstərəcək. 70-80 ildir ki, çayların sululuğu, Kürün suyunun qalxması və quruması ilə bağlı bir sıra tədqiqatlar aparılıb. Azərbaycanda içməli suyun 2/3-si transsərhəd suların hesabına formalaşır. Kürdə suyun səviyyəsinin enməsi təkcə Azərbaycanın problemi deyil, bu, eyni zamanda çayın keçdiyi ölkələr üçün də həyəcan təbili olmalıdır. Məsələn, Kür mənbəyini Türkiyədən, Qars vilayətinin ərazisindəki Qızıl Gədik dağının şimal-şərq yamacından, 2740 metr yüksəklikdən götürür. Türkiyə, Gürcüstan ərazisindən axaraq Azərbaycan ərazisinə daxil olur. Uzunluğu 1515 kilometr, hövzəsinin sahəsi 188 min kvadratkilometr olan çayın 906 kilometri Azərbaycan ərazisindən keçir. Deməyim odur ki, Kürün quruma səbəbi qlobal problemdir. Qışın sərt keçməməsi və dağlarda qarın miqdarının az olması Kürdə suyun səviyyəsinin aşağı düşməsinə səbəb olur. Bu suların kənd təsərrüfatı üçün həddindən artıq istifadə olunması da buna təsir edən amillərdəndir. Hazırda Gürcüstanda kənd təsərrüfatı Azərbaycan qədər inkişaf etməyib, əhalisi də azdır. Əgər əhali çox olsaydı və kənd təsərrüfatı inkişaf etsəydi, ümumiyyətlə, Kürdə su tamamilə qurumuş olardı.
Ekoloq habelə qeyd edib ki, Azərbaycanda su anbarlarının daha çox tikilməsi və suya olan tələbatın ödənilməsi vacibdir: “Bu istiqamətdə xeyli işlər görülüb. Amma atılan addımlar kifayət etmir. Azərbaycanda içməli sudan normadan artıq istifadə edilir. Su isə çox qiymətlidir. Ona görə də, çaylarda suyun səviyyəsinin azalmasının qarşısını almaq üçün vacib addımlar atılmalıdır ki, içməli suya olan tələbatda problemlər yaranmasın”.