Rusiyada hər üç işçidən biri özünü “orta təbəqəyə” aid hesab edir. Bu, Rusiya hökumətinə bağlı Maliyyə Universitetinin araşdırmasının nəticəsidir.
Hafta.az-ın yazdığına görə, araşdırma haqqında məlumat verən “Nezavisimaya qazeta” kuryer və mühazirəçilərin ölkədə demək olar ki, eyni pulu qazandığına diqqət çəkərək “hansı orta təbəqədir?” sualını verib.
SuperJob insan resursları xidmətinin ötən avqust ayında keçirdiyi sorğuya görə, Moskvada kuryerin maksimum aylıq əməkhaqqı 175 min rubl (1960 dollar), Sankt-Peterburqda da 175 min rubl (1960 dollar) təşkil edir. Amma onların aldığı orta aylıq əməkhaqqı Sankt-Peterburqda 140 min, Moskvada isə 90 min rubl civarındadır.
Digər tərəfdən, “Rosstat”ın məlumatları göstərir ki, Moskvada işləyən bir müəllim ayda təxminən 190 min rubl qazanır. Ölkə miqyasında isə bu rəqəm orta hesabla 115 min rubl təşkil edir. Yəni kuryerlərlə universitet müəllimlərinin orta maaşları bir-birinə çox yaxındır. Hər iki göstəricidə ölkə üzrə orta əməkhaqqı 70 min rubldan yuxarıdır.
Maliyyə Universitetinin sorğusunda iştirak edənlərin 32 faizi özlərini orta təbəqə kimi, 45 faizi isə bu tərifdən kənarda olduqlarını bəyan edir. “Əvvəllər orta təbəqə idim, indi yox” deyənlərin nisbəti 8 faiz, “Orta təbəqəyə yüksələcəm” deyənlərin nisbəti 7 faizdir.
Bəzi tədqiqatçılar bu fikirdədirlər ki, maaşlara baxanda Rusiyada həm universitet professorları, həm də kuryerlər “orta təbəqə”dir. Elmlər Akademiyasından Aleksandr Şirov qeyd edir ki, digər ölkələrdə “orta və kiçik biznes sahibləri, o cümlədən mühəndis-texniki işçilər və yüksək ixtisaslı işçilər” orta təbəqə hesab olunur.