Küveyt hökuməti Milli Assambleyanın konstitusiya əsasında buraxılmasından sonra parlament seçkiləri üçün iyunun 6-nı təyin edib.
hafta.az-ın yazdığına görə, Küveyt Nazirlər Kabineti növbədənkənar iclasında seçiciləri iyunun 6-da Milli Assambleyaya üzv seçməyə dəvət edən fərman layihəsini təsdiqləyərək vəliəhd Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha təqdim edib. Nazirlər kabineti həmçinin seçki günü bütün nazirliklərdə, dövlət idarələrində və dövlət qurumlarında işlərin dayandırılması barədə qərar verib.
Qeyd edək ki, hökumətlə seçilmiş parlament arasında uzun sürən mübarizə nəticəsində siyasi həyat durğunlaşdı. Küveytin vəliəhdi 2022-ci ilin avqustunda "deputatlar arasında uyğunsuzluq səbəbindən" parlamenti buraxmışdı və 2022-ci ilin sentyabrında ölkədə növbədənkənar seçkilər keçirilmişdi. Lakin martın 19-da Konstitusiya Məhkəməsi parlamentin buraxılması qərarının “qanunsuz” olduğunu əsas gətirərək 2022-ci ildə keçiriləcək ümumi seçkilərin ləğvi barədə qərar qəbul edib, parlamentin əvvəlki seçkilərdə, 2020-ci ildə seçilmiş üzvləri ilə işini davam etdirməsinə qərar verib.
Əmirin bəzi səlahiyyətlərini öz üzərinə götürən vəliəhd mayın 1-də parlamentin buraxılması haqqında fərman imzalayıb.
Namizədlik qapısının bu həftə sonu və gələn həftənin əvvəlində Milli Məclis seçkiləri üçün açılacağı gözlənilir.
İki gün əvvəl buraxılan parlamentin bir neçə sabiq üzvü artıq seçki yarışında iştirak etmək üçün namizədliyini irəli sürəcəklərini açıqlayıb.