Laçın şəhər 2 nömrəli məktəbin muzeyi respublika müsabiqəsində qalib olub

14:15 02.06.2026 Müəllif:Arzu Zeynallı
Yazını böyüt
Yazını kiçilt

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Məktəb muzeyi” respublika müsabiqəsinin yekun mərhələsində Laçın şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin muzeyi “İlin məktəb muzeyi” adına layiq görülüb.

Ümumtəhsil məktəbindən Hafta.az-a verilən məlumata görə, müsabiqə ölkənin müxtəlif bölgələrinin məktəb muzeyləri arasında keçirilib. Qiymətləndirmə zamanı Laçın şəhər 2 nömrəli məktəbin muzeyi “Təqdimat və ekskursiya” meyarı üzrə yüksək nəticə göstərərək qaliblər sırasında yer alıb.

Qeyd edək ki, müsabiqənin əsas məqsədi məktəb muzeylərinin fəaliyyətinin təşviqi, şagirdlərdə tarixi-mədəni irsin qorunmasına marağın artırılması, eksponatların toplanması, tədqiqi və nümayişi sahəsində bilik və bacarıqların formalaşdırılmasıdır. Layihə çərçivəsində respublikanın 50-yə yaxın şəhər və rayonundan 150 videoçarx təqdim olunub və iştirakçıların işləri müxtəlif meyarlar üzrə münsiflər heyəti tərəfindən qiymətləndirilib.