ABŞ-dakı Azərbaycan diasporunun üzvü, şerif Fəxri Mirzəquliyev Next TV kanalında iyulun 21-də radikal ermənilərin Los-Ancelesdə soydaşlarımıza qarşı hücumlarından danışıb. Onun sözlərinə, buradakı Azərbaycan konsulluğunun qarşısında toplaşan 50 azərbaycanlı Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına etiraz edərkən 3 mindən artıq erməninin əhatəsində qalıb:
"Mən mitinqə gələndə orada bizim 50 soydaşımız var idi. Qarşı tərəfdə isə təxminən 2-3 min. Mənim üstümdə nə bayraq, nə də başqa bir şey olub. Sadəcə soydaşlarıma kömək üçün gəlmişdim. Çatanda kütləni görərkən, vəziyyətin heç də yaxşı hal almayacağını anladım. Polislərə yaxınlaşaraq saylarının az olduqlarını, yolu kəsmək və ya əlavə yardım çağrılmasını təklif etdim. Lakin onlar kapitanlarının onları dinləmədiyini bildirdilər".
Fəxri Mirzəquliyev bildirir ki, azərbaycanlılar dinc aksiya keçirirdilər. Bəziləri "Qarabağ bizimdir", digərləri isə "erməni işğalına son" kimi şüarlar səsləndirirdilər. Yolun digər tərəfində isə təxribatçılar var idi: "Onların yük maşını, avtobusları, səsgücləndiriciləri var idi, rəqs edirdilər. Yolla ara-sıra keçən maşınların hamısı təxribatçı sözlər söyləyirdilər. 14-15 yaşlarında qızlar maşınlardan qışqıraraq "biz buradakı hər kəsi öldürəcəyik" deyə təhdidlər yağdırırdılar. Mən şokda idim. Heç vaxt belə şey görməmişdim. Mən 14 yaşında bu cür sözlər bilən qızları tanımıram. Bu maşınlar dayanmırdı. Polislə danışdıqda isə heç nə edə bilməyəcəklərini söylədilər".
Amerikalı şerifin sözlərinə görə, müəyyən məqamda 3 minlik erməninin içindən təxribatçı qruplar ayrıldı. 10 metrlik dar küçə ilə insanlar gəlməyə başladılar. Onların arasında qadınlar yox idi, əllərində heç bir şüar tutmamışdılar. Təxminən 200-300 nəfər olardılar. Müxtəlif dillərdə, o cümlədən Azərbaycan dilində söyüşlər söyürdülər: "Onların bizim dildə bu qədər sözü haradan bildiklərini bilmirəm. Yaşlı bir erməni bizim qızlara tərəf dayanıb ədəbsiz jestlər göstərməyə başladı. 50 nəfər azərbaycanlının içində qızlar, qadınlar, yaşlılar da vardı. Mən qafqazlıyam. Buraya 20 yaşımda gəlmişəm. Qafqazlıların qadınların qarşısında bu cür davranmalarını və ya qızların belə hərəkətlər etdiklərini görməmişəm".
Onun sözlərinə görə, azərbaycanlıları sakitləşdirərək təxribatlara cavab verməməyə səsləyib. Çünki bu qrupun mitinqə yox, olay yerinə başqa amallarla gəldiyi məlum idi: "Onlar orada dayanıb yalnız səni öldürmək, döymək və bilmirəm başqa nələr etmək barədə düşünürdülər. Onlar üçün sənin nə dediyin maraqlı deyildi. Öz mövqelərini açıqlamaq barədə düşünmürdülər. Sadəcə məqamı gözləyirdilər. Aralarında yalnız kişilər var idi. Təxribat törətsələr də, bizimkilər müəyyən qədər dözüm göstərdilər. Hər şey az-çox normal idi".
Fəxri Mirzəquliyev bildirir ki, artıq zorakılıqdan qaçmağın çox çətin olacağı aydın idi. Təxriatçıların sayları artdıqda polis də bunu anladı və bizə yaxınlaşıb sakit bir şəkildə buradan uzaqlaşmağımızı istədi. Təhlükəsizliyimizi təmin edə bilməyəcəklərini söylədilər: "Polislərə yaxınlaşıb maşınlarımıza təhlükəsiz şəkildə minə biləcəyimizə dair zəmanət istədim. Onlar bunu edə biləcəklərini qeyd etdilər. 25 nəfərlik qrup maşınlara doğru getdiyində 200-300 təxribatçı onlara tərəf buz, şüşələr, daş atmağa başladılar. Soydaşlarımızdan bəziləri zədələr aldı. Onlar açıq şəkildə hücum etdilər. Polis bizimlə onların arasında dayansa da, qarşı küçəyə doğru hərəkət etməyimizi istədilər. Artıq erməni təxribatçılarını saxlaya bilməyəcəklərini qışqırırdılar. Mən özümüzünküləri istiqamətləndirməyə çalışırdım. Anladım ki, mitinq artıq çoxdan başa çatıb. Bu artıq mitinq yox, ov idi. Lakin azərbaycanlılardan bəziləri hələ də bunu anlamırdı və əllərində bayraqla şüarlar qışqırırdı. Yan küçədə isə qorxduğum oldu. Erməni təxribatçıları bizim qorunmayan soydaşlarımıza hücum etdilər. 200-300 nəfər soydaşlarımızı döymək üçün sürətlə hərəkət edirdi. Onların qarşısında isə cəmi kiçik qaz balonları ilə təchiz olunmuş 10-15 polis əməkdaşı var idi. Halbuki polis mitinq əleyhinə təchizatla təmin olunmalı idi. Mən döyülən soydaşlarımızı kütlənin əlindən almağa çalışırdım. Ermənilər məni sıravi geyimli polis əməkdaşı hesab etdikləri üçün toxunmurdular. Nəhayət mühasirədən çıxıb maşınlarımıza doğru gedə bildik. Bizi bir qrup izləsə də əvvəlki kimi çox deyildilər. Böyük əksəriyyət davanın olduğu yerdə qalmışdı. Sonradan xəbərlərdə bayrağımızı yandırdıqlarını, şəhid generalımızın fotolarını ələ saldıqlarını gördüm. Onlar bizim bir qızı ayaqları ilə döyüb telefonunu almışdılar. İşimlə bağlı çox olaylara şahidlik etmişəm. Lakin mitinqdən çıxıb gedən qızı döymək faktı ilə ilk dəfə rastlaşdım. Hamı evinə gedirdi, artıq mitinq yox idi. Bizim tərəfdən heç kim təxribata əl atmamışdı. Bununla belə, hücum edənlərdən bəziləri olay yerindəcə həbs edildilər".
Amerikalı şerifin sözlərinə görə, Los-Anceles polisi ilə bağlı artıq məhkəməyə müraciət hazırlanır. Səbəb polisin Amerika vətəndaşlarını iğtişaşçılardan yetərincə qorumaması ilə bağlıdır.