Məlum olduğu kimi, “Fitch Ratings” Azərbaycanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəltdiyini və sabit perspektivlə qiymətləndirdiyini açıqlayıb. Reytinq agentliyinə görə, yüksəliş ölkənin güclü xarici balans hesabatını, davam edən cari hesab və fiskal profisitlərini, azalan xarici valyuta həssaslığını, aşağı dövlət borcunu və inkişaf edən monetar siyasəti əks etdirir: “İllik inflyasiya 2024-cü ilin birinci yarısında Mərkəzi Bankın 4 faizlik hədəf diapazonundan aşağı qalıb və bu il 3,5 faiz səviyyəsində olacağı, 2026-cı ilə qədər isə 4,7 faizə yüksələcəyi gözlənilir. Ölkə iqtisadiyyatının 3,2 faizə qədər bərpa olunacağı, lakin gələn il 2,7 faizə, 2026-cı ildə isə 2,3 faizə qədər yavaşlayacağı proqnozlaşdırılır. Eyni zamanda, neft sektorunun geriləməsi əvvəlki illərə nisbətən azalacaq, bu da azalma tempini yavaşlada biləcək yeni neft hasilatı və daha yüksək təbii qaz hasilatı ilə əlaqədardır”.
"Fitch" hesab edir ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində hələ də problemlər var. Bunlar iqtisadiyyatda dövlətin mövqeyinin böyük olaraq qalması, əlverişli maliyyəyə (kreditlərə) çıxışın çətinliyi və məhdudluğu, idarəetmə problemləri və enerjidən (neft-qazdan) kənar sahələrə xarici investisiyaların aşağı olmasıdır.
Agentliyin hesabatında qeyd edilir ki, Azərbaycan 2023-cü ilin sonunda Qarabağın bərpasından sonra sülh sazişinin əldə edilməsi üçün Ermənistanla birbaşa danışıqları davam etdirir. Sərhədin delimitasiyası və demarkasiyası və Naxçıvana (Cənubi Ermənistan ərazisindən keçməklə) quru dəhlizinin tikintisi ilə bağlı həll olunmamış məsələlərə əlavə olaraq, Azərbaycanın Ermənistan konstitusiyasına Qarabağ ərazisinə istinadların aradan qaldırılması üçün dəyişikliklər edilməsini xahiş etdiyi bildirilir. Buna baxmayaraq, "Fitch" münaqişənin tammiqyaslı hərbi eskalasiyasını gözləmir.
Qeyd edək ki, Azərbaycan Maliyyə Nazirliyi "Fitch"in ölkənin reytinqini investisiya dərəcəli reytinqə yüksəldilməsi barədə qərarını təqdir etdiyini açıqlayıb: “8 ildən sonra suveren reytinqimizin yenidən investisiya dərəcəsinə qaytarılması, reytinq üzrə proqnozun isə "Stabil" olaraq təyin edilməsi heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin həyata keçirdiyi makroiqtisadi və monetar siyasət, institusional islahatlar, investisiya mühitinin yaxşılaşdırılması, dövlət borcunun, xüsusilə xarici dövlət borcunun aşağı səviyyəsi və digər ardıcıl və çoxşahəli islahatların beynəlxalq miqyasda qiymətnləndirilməsinin təzahürüdür.
Məlum olduğu kimi, Maliyyə Nazirliyi əvvəlki qiymətləndirmələrdə beynəlxalq kredit reyting agentliklərini ölkəmizin reytinqləri məsələsinə xəsislik nümayiş etdirməkdə qınamışdı. Sevindirici haldır ki, artıq “Fiç Reytingz” ilk olaraq real iqtisadi vəziyyəti və investorların Azərbaycanın kredit riskinə münasibətlərini obyektiv və adekvat şəkildə ifadə edərək ölkəmizin beynəlxalq kredit reytinqinin yenidən investisiya səviyyəsinə yüksəldilməsinə dair qərar qəbul edib. Ümidvarıq ki, digər beynəlxalq kredit reyting agentlikləri də oxşar mövqedən çıxış edərək Azərbaycanın kredit reytinqini investisiya səviyyəsində təsdiq edəcəklər".
Mövzu ilə bağlı İqtisadçı-ekspert Xalid Kərimli qeyd edib ki, Azərbaycanın bu kateqoriyada irəliləməsi kapital cəlbində rahatlığı artırır: “Bu qərarla Azərbaycanın investisiya reytinqi yaxşılaşdırılıb. Bunun da əsas səbəbləri Azərbaycanın ehtiyatları – Neft Fondunda, Mərkəzi Bankda formalaşmış rezervlərdir. Ümumiyyətlə, bu son dövrlərdə artmağa davam edir. Hazırda demək olar ki, Neft Fondunun və Mərkəzi Bankın valyuta ehtiyatları ümumi daxili məhsulların dünyaya nisbətində 98 faiz təşkil edir. Bu, çox yaxşı göstəricidir. İnvestisiya reytinqinə ölkəyə borc verə bilmək aspektindən baxılır. Bundan başqa müsbət tədiyyə balansının qorunacağı gözlənilir. Düzdür, aşağı düşə bilər. Çünki ölkənin idxalı artır, üstəlik, qaz qiyməti 2022-ci il kimi yüksək deyil, neft qiyməti isə aşağıya doğru azalır. Amma yenə də müsbət qalacaq. Ölkənin yaxın bir neçə ildə də ehtiyatları dünya nisbətində yaxşı olacaq. Düzdü bunun 70-75 faizə qədər azalması gözlənilir. Amma yenə də bu kateqoriya yüksək hesab olunur”.
Ekspert deyib ki, Azərbaycan üçün təyin olunan bu kateqoriya hətta bir neçə pillə də artırıla bilər: “Azərbaycan “BBB - “ kateqoriyasında olmasına baxmayaraq, hətta “tripl B” yəni “BBB” kateqoriyasının tələblərinə də cavab verir. Ölkə iqtisadiyyatının strukturu ilə bağlı problemlər və neft-qazdan həddindən çox asılılıq olmasa, Azərbaycan bu kateqoriyalar üzrə daha da irəliləyə bilər. Bu kateqoriyanın yüksək olması ölkədə fəaliyyət göstərən bankların, şirkətlərin reytinqinə müsbət təsir göstərə bilər. Çünki fəaliyyət göstərən müəssisələrin reytinqi yerləşdikləri ölkənin ümumi reytinqindən yüksək ola bilməz. Yəni ölkənin reytinqinin artması da imkan yaradacaq ki, digər dövlət şirkətlərinin, bankların, şirkətlərin reytinqinin də yüksəlmə ehtimalı olsun. Bəs bu reytinqin qalxması bizə nə verir? Reytinqin yüksəlməsi ilə borc götürmək imkanları və ucuz borc götürmək imkanları genişlənir”.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov da bildirib ki, "Fitch" dünyanın aparıcı reytinq agentliklərindən biridir: “Agentlik reytinq qiymətləndirməsi apararkən çox fərqli amilləri nəzərə alır. O cümlədən maliyyə stabilliyi, ölkəyə daxil olan valyutanın həcmi və fiscal faktorlar. Eyni zamanda xarici faktorlar da nəzərə alınır. Azərbaycanın yerləşdiyi regionu nəzərə alsaq, xarici faktorlar ölkəmizlə bağlı qiymətləndirmədə mühüm amilə çevrilir. Azərbaycanın uzunmüddətli xarici valyuta reytinqinin yüksəldilməsi müsbət hadisədir. Bu, bir tərəfdən onu göstərir ki, qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar iqtisadiyyatdakı dayanıqlığa və inklüzivliyə pozitiv təsir göstərir, yəni islahatların dərinləşməsindən xəbər verir. Bu, iqtisadiyyatın diversifikasiyasının yalnız prioritet olması deyil, həm də ona nail olunması üçün real işlərin görülməsinin qeydə alındığı deməkdir. Eyni zamanda burada maliyyə stabilliyinin qorunub saxlanması da mühüm amillərdən biridir. Azərbaycan uzun müddətdir valyuta stabilliyini qoruyub saxlayıb. Ölkənin iqtisadi inkişafında dayanıqlıq təmin olunub. Bütün bunlar növbəti illərdə ölkədə iqtisadi artım meyllərinin güclənəcəyindən xəbər verir”.