Azərbaycan manatının məzənnəsi 2029-cu ilə kimi sabit qalacaq. Bu barədə "The Economist Group"un araşdırma və təhlil bölməsi olan "Economist Intelligence Unit"in ölkə ilə bağlı proqnozunda bildirilib. Qeyd edilib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarına nisbətdə sabit məzənnə rejimi tətbiq edir. Manatın proqnozu sabitdir və bu, böyük həcmdə cari əməliyyatlar hesabında müsbət saldo ilə dəstəklənir. EIU hesab edir ki, AMB-nin 2024-2028-ci illərdə əsas siyasət prioriteti böyük həcmdə valyuta ehtiyatları nəzərə alınmaqla manatın məzənnəsini sabit saxlamaqdır.
Qeyd edək ki, yalnız EIU deyil, əksər beynəlxalq səviyyəli analitik mərkəzlər yaxın və ortamüddətli dövrdə Azərbaycanda milli valyutanın məzənnəsinin dəyişməyəcəyini proqnozlaşdırırlar. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozuna əsasən, hökumət tərəfindən dəstəklənən Azərbaycan manatının məzənnəsi ABŞ dollarına nisbətdə 1,7 AZN səviyyəsində qalacaq.
“Fitch Group”a aid olan “Fitch Solutions” (FS) şirkətinin Azərbaycan üzrə proqnozuna görə, 2027-ci ilə kimi manatın məzənnəsi sabit qalacaq. Bununla belə, şirkət 2027-ci ildə manatın məzənnəsinin 1,75 səviyyəsinə, 2028-ci ildən isə 1,80 səviyyəsinə qədər enəcəyini proqnozlaşdırır. Proqnoza görə, USD/AZN məzənnəsi 2033-cü ilə kimi 1,80 səviyyəsində qalacaq.
Yeri gəlmişkən, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2025-2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb. Bu barədə Maliyyə Nazirliyinin hesabatında deyilir ki, proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2028-ci ildə 112,5 milyard manata, xərclərinin isə 107,9 milyard manata qədər yüksəlməsi gözlənilir.
Xatırladaq ki, ölkədə milli valyutanın məzənnəsi 2018-ci il martın 7-dən sabitdir.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, gələn ilin dövlət büdcəsində, ümumiyyətlə qarşıdakı bir neçə il ərzində manatın məzənnəsinin ABŞ dollarına nəzərən 1,70 manat səviyyəsində qalacağının proqnozlaşdırılması hər şeydən öncə ölkədə valyuta bazarında tənzimlənmənin sərbəst üzən məzənnə rejiminə keçilməyəcəyindən xəbər verir: “Bu da ondan irəli gələcək ki, demək, ölkəmizin iqtisadiyyatının birtərəfli inkişafının dominant rolu hələ bundan sonra da qalmaqda davam edəcək və gəlirlərimiz, ölkənin tədiyyə balansı neft-qaz sektorundan daxil olan və olunacaq dollarlardan asılılığını hələ saxlayacaq. Odur ki, hökumətə manatın məzənnəsinin ABŞ dollarına nəzərən 1,70 azn səviyyəsindən aşağı-yuxarı dəyişməsi sərf etmir. Çünki bu, idarəetmədə, sosial aspektdə və digər istiqamətlərdə əlavə problemlər ortaya çıxara bilər. Ancaq iş bundadır ki, qlobal konyunkturaya bağlılıq bu istəyi həm gerçəkləşdirə, həm də gerçəkləşdirməyə bilər. Ona görə də manatın qarşıdakı illər ərzində hökumətin yanaşması sadəcə olaraq bir "arzu" kimi qiymətləndirilə bilər. Həqiqətdə isə, heç növbəti il üçün də bu barədə dəqiq proqnoz vermək mümkün deyil. Xeyli müddətdir ki, enerji vasitələri üzrə qlobal bazarlardakı vəziyyət ölkəmizin tədiyyə balansı və onun tərkib hissəsi olan xarici ticarət sarıdan maraqlarına cavab verir. Və elə bunun nəticəsidir ki, valyuta bazarımızda sabitlik hökm sürür, manat ABŞ dollarına nəzərən 1,70 AZN nöqtəsində dayanıb durub. Amma nəzərimizdə qaçırmaq lazım deyil ki, məsələn, xarici ticarətimizdə idxal-ixrac əməliyyatları azalır, müsbət saldo enir. Cari il ərzində hətta tezliklə iqtisadiyyatımızda birtərəfli inkişafa son qoymaq üçün prioritet seçdiyimiz qeyri-neft-qaz sektoru üzrə də ixracımız azalma nümayiş etdirib və etdirir. Üstəgəl, neft hasilatımız özü azalır, qaz üzrə isə gəlirlilik neftdə olduğu kimi deyil. Və ən nəhayət, dünya bazarlarında neftin qiymətinə də dair proqnozlar yaxşı deyil. Düzdür, qiymət həddi 50 ABŞ dolları həddində rəqs edəcəyi halda da belə, bu, bizim üçün təhlükə törədə bilməz. Lakin bunun özü də uzun müddət davam etməməlidir. Yəni, nə qədər ki, qeyri-neft-qaz ixracından əldə etdiyimiz dollarlar bizi etməyəcək, manatın məzənnəsini neftin qiyməti uzun müddət 50 dollar ətrafında olarsa da belə, sabit saxlamaq mümkün olmayacaq”.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Fuad İbrahimov qeyd edib ki, dünya valyutalarının məzənnəsinin formalaşmasında əsas şərtlərdən biri idxal-ixrac əməliyyatlarındakı balansın səviyyəsi və eləcə də ölkənin iqtisadi dayanıqlılığıdır: “Nəzərə alaq ki, Azərbaycanın neftdən asılılığı yüksəkdir. İndiki vəziyyətdə də neftin qiymətində nisbi sabitlik olsa da arzuolunan səviyyədə deyil. Ona görə də büdcə xərclərində neftin qiymətini diversifikasiya olunmuş səviyyədə saxlayırıq ki, hər hansı bir təhlükə yaranmasın. Bununla belə, neft gəlirləri ilbəil azalır. Bunun da tək səbəbi hasilatın azalması və neft qiymətinin aşağı düşməsidir. Hər bir halda neftdən daxilolmalar azalsa da, profisit var. Bu da manatın dayanıqlı olmasına şərait yaradır. Bundan əlavə, Azərbaycanın kifayət qədər çox valyuta ehtiyatı var”.
Ekspert onu da qeyd edib ki, dövlət büdcəsi və onun xərclər hissəsi ilbəil böyüyür, xərclərimiz artır: “Bununla belə Mərkəzi Bank çox ehtiyatlı pul-kredit siyasəti həyata keçirir. Məhz bu səbəbə görə deyə bilərik ki, bu ilin sonuna və 2025-ci ilin birinci yarısında manatın məzənnəsi sabit qalacaq”.