Manata təhlükə yoxdur - Xalid Kərimli

16:33 19.05.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün qlobal aləmdə müşahidə olunan geosiyasi gərginlik dünya iqtisadiyyatına da təsirsiz ötüşmür. Hazırda demək olar ki, dünyada qiymətlər sürətlə bahalaşır, bütün ölkələrdə inflyasiya ən yüksək həddə çatıb. Siyasi gərginlik fonunda neftin bahalaşması, avronun ucuzlaşması, rublun yenidən dəyər qazanması, dolların isə valyuta bazarında dominantlıq etməsi müşahidə olunur. Mövzu ətrafında həmsöhbətimiz iqtisadçı-ekspert Xalid Kərimlidir.

-Xalid müəllim, bu gün dünya iqtisadiyyatında baş verən proseslər yaxın və orta müddətli perspektivlər üçün nə vəd edir?

- Ümumiyyətlə, hazırda dünya iqtisadiyyatında baş verən prosesləri qiymətləndirirlər, amma hər şey çox sürətlə dəyişir. Hətta ressesiya riskinin olduğunu söyləyən analitiklər də var. Ancaq ümumi konsensus ondan ibarətdir ki, baş verən inflyasiya prosesləri, Avropada müharibə iqtisadi artımı ləngidəcək, lakin dünya böhrana girməyəcək. Yəni, dünya Mərkəzi Banklarının da verdiyi proqnozlar ondan ibarətdir ki, onlar inflyasiyanı ressesiya olmadan kontrol altına sala biləcəklər. Ümumi şəkildə müsbət meyllər odur ki, iqtisadi artım davam edəcək, ancaq ləngimələr qaçılmazdır.

-Son bir neçə günduŕ ki, dünya bazarında Azərbaycan nefti yenidən bahalaşmağa başlayıb. Sizcə, bunun səbəbi nədir və bahalaşma davam edəcəkmi?

- Neftin qiyməti hazırda 100-120 dollar arasında “oynayır”. Bu gün neftin qiymətinə təsir edən əsas amil ondan ibarətdir ki, Rusiyaya tətbiq ediləcək sanksiyalar, Rusiya neftindən imtinanın dünya bazarında neftə olan tələbatı artıracağına dair gözləntilərdir. Yəni, Rusiya neftinin idxal edilməsinə qoyulan məhdudiyyət ona gətirib çıxara bilər ki, şimal qonşumuzda hasilat azala bilər və Avropa ölkələri alternativ mənbələr axtara bilərlər. Bu da bazarda ümumi gərginliyi daha da artıracaq.

-Neftin bahalaşması fonunda Azərbaycanın gəlirləri artır, amma bununla paralel ölkədə inflyasiya artıq ikirəqəmli həddədir. Makroiqtisadi sabitliyin təmin olunması üçünsə aşağı inflyasiya zəruridir. İndiki şəraitdə inflyasiyanı birrəqəmli həddə endirmək mümkündürmü? Ümumiyyətlə, hökümət inflyasiyanı aşağı salmaq üçün hansı alətlərdən istifadə etməlidir?

- Neftin qiymətinin bahalaşmasının ölkəyə təsiri müsbətdir. Neft-qaz qiymətlərinin yüksəlməsi ona gətirib çıxarır ki, ölkədə makroiqtisadi sabitlik təmin edilir, manatın məzənnəsinə risklər, təsirlər olmur. Hətta son zamanlar görürsünüz ki, digər valyutalara nisbətdə manatın bahalaşması meylləri hiss olunur. Bununla yanaşı, ölkədə inflyasiya artır. İnflyasiyanın artma səbəblərinin kökündə ciddi sürətdə dünya bazarındakı qiymətlərin artması durur. Yəni, inflyasiya daha çox idxal inflyasiyası şəklində özünü göstərir. Təbii ki, dövlət müxtəlif addımlarla çalışır ki, inflyasiyanı nəzarətdə saxlasın. Məsələn, Mərkəzi Bank faiz dərəcələrini sərtləşdirir, tədricən artıq pul kütləsini dövriyyədən çıxarmağa çalışır. Eyni zamanda, hökümət süni qiymət formalaşdıran inhisarçılar üzərində nəzarəti artırır, bəzi ərzaq məhsullarını vergidən, rüsumdan azad edir, ərzaq istehsalçıları və idxalçılarına güzəştli kreditlər verməyə çalışır və.s. Yəni, bu alətlərdən istifadə edərək inflyasiyanı nəzarət altına salmağa çalışır. Ancaq inflyasiyanın əsas aparıcı hərəkətverici qüvvəsi xaricdə formalaşdığına, qlobal problem kimi ölkəyə idxal olunduğuna görə, burada hökümətin atacağı addımların çərçivəsi məhduddur. Çünki bu məsələ daha çox qlobal amillərin təsirləri altında formalaşır. Amma hökümət qiymətlərin daha da bahalaşmaması üçün əlində nə imkanlar var, ondan istifadə etməyə çalışır.   

-Hazırda dollar dünya birjalarında digər valyutalara nisbətdə qüvvətlənməkdə davam edir, avro isə ucuzlaşır. Avronun ucuzlaşmasına səbəb nədir və dolların bahalaşması hansı ölkələrin valyutaları üçün təhdid sayıla bilər? Konkret olaraq Azərbaycan manatı üçün təhlükə varmı?

- Bu gün dolların bahalaşmasına əsas səbəb Amerika Mərkəzi Bankı antiinflyasiya tədbirləri çərçivəsində intensiv sürətdə sərt pul siyasəti həyata keçirir. Avropa Mərkəzi Bankı isə proseslərdə bir qədər ləngiyir. Çünki Avropada müharibə gedir, Avropada ölkələrin spektri fərqlidir, 20-25 ölkə qərar verməlidir. Amerika artıq mart ayından sərt pul siyasətinə başlayıb. Avropada isə hələ ücüncü rübdən gözləntilər var ki, sərt pul siyasətinə başlanılsın. Təbii ki, dolların bahalaşması inkişaf etməkdə olan ölkələr üçün ciddi təhdiddir və onların valyutasına təzyiq formalaşdırır. Azərbaycan manatı dollara fiksə edildiyinə görə, dolların bahalaşması nəticə etibarilə manatın bahalaşmasına gətirib çıxarır. Bu da bizim üçün arzuolunan deyil. Düzdür, inflyasiyanın nəzarət altına salınması üçün yaxşıdır, amma ümumi ortamüddətli dövr üçün, ölkə iqtisadiyyatı üçün arzuolunan deyil. Çünki manatın avroya, funta, lirəyə qarşı bahalaşması ölkənin ixrac imkanlarını çətinləşdirir. Bir sözlə, dolların bahalaşması, faiz dərəcəsinin artması inkişaf etməkdə olan ölkələrdə borc krizisi, ödəmə problemi yarada bilər ki, bu da arzuolunan deyil. Azərbaycan manatına gəldikdə isə, manat üçün hazırkı məqamda, yəni, 2022-ci ildə təhlükə yoxdur. Amma ümumi şəkildə dolların bahalaşmaqda davam etməsi ölkə üçün, manat üçün ciddi təzyiqlər formalaşdıracaq. Yəni, hökümət indiki dövrdə heç bir addım atmasın, lakin bu o demək deyil ki, vəziyyət həmişə belə qalacaq.  

-Rusiyaya qarşı məlum sanksiyalardan sonra rubl əhəmiyyətli dərəcədə dəyər itirmişdı. Amma son vaxtlar rublun ötən aylarla müqayisədə dəyər qazandığını müşahidə edirik. Sizcə, rublun bahalaşması müvəqqəti xarakter daşıyır, yoxsa proses davamlı olacaq? Bu məsələnin Azərbaycan iqtisadiyyatına hansı təsirləri gözlənilir?

- Rublun əvvəlcə dəyər itirməsi və sonradan bahalaşması təbii ki, Rusiya Mərkəzi Bankının və hökümətinin atdığı addımlarla bağlıdır. Rusiya demək olar ki, rublun formalaşmasında ciddi sürətdə kapital bazarlarında məhdudiyyətlər tətbiq etdi. Yəni, valyuta alışına, həcminə, valyuta alışı zamanı komissiya və s. tətbiq etməklə rublu yenidən ayağa qaldırdı. Rusiya ixracının müharibə nəticəsində bahalaşması ona gətirib çıxarır ki, Rusiyanın ixracı artır, idxal məhdudlaşır, insanların dünya ilə əlaqələri azaldığına görə də xarici valyutalara tələb aşağı düşür. Demək olar ki, Rusiya məhdudlaşdırıcı addımlarla rublu bahalaşdırdı. Bu proses davamlı xarakter daşıya biməz. Rusiya Mərkəzi Bankı da istəmir ki, rubl ciddi sürətdə bahalaşmaqda davam etsin. Çünki bu Rusiyanın büdcə öhdəliklərinin icrasına problemlər yarada bilər. Ona görə də Rusiya imkan verməyəcək ki, milli valyutası çox bahalaşsın. Yenə də ən son qərarı Rusiya höküməti verəcək və onların atacağı addımlardan çox şey asılıdır. Ancaq rus rublunun bahalaşması Azərbaycan üçün xeyirlidir. Çünki Rusiya alıcısının imkanları artır. Bizim də qeyri-neft ixracının əsas istiqaməti Rusiyadır.

Oxunma sayı 47