Hazırda sentyabr ayı olsa da temperatur normadan yüksəkdir. Bəzi avtobuslarda havanın temperaturunun yüksək olmasına baxmayaraq kondisionerlər işlədilmir. Bir çoxunun iş gününün gərgin keçməsi azmış kimi, bir də kondisionersiz avtobuslardan istifadə etmək, mənzil başına çatmaq məcburiyyətində qalanlar olur. Sürüculər isə bununla bağlı təlimatın mərkəzi dispetçer xidmətindən verildiyini bildirirlər. Bu da sərnişinlərin narazılığına səbəb olur.
Bəs, görəsən, mövcud qanunvericilikdə bu məsələ necə tənzimlənir? Sərnişindaşıma şirkətləri hansı interval aralığında və hansı tarixlərdə soyutma sistemlərini işə salmalıdırlar?
Qeyd edək ki, Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq olunan tələblərdə bu məsələ xüsusilə qeyd edilib. Həmin tələblərə görə hər bir daşıyıcı şirkət istismarında olan avtobuslarda bu sistemlərinin olması və işlək vəziyyətdə saxlanılması üçün məsuliyyət daşıyır. Prosedura uyğun olaraq hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilməlidir. Onlara avtobuslarda sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsinə dair göstərişlər verilməlidir. Həmçinin müvafiq qaydalara görə, yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq sərnişinlərin rahatlığı üçün avtobuslarda tempuratur göstəricilərinin mütəmadi olaraq tənzimlənməsi vacib şərtdir.
Məsələ isə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov bizimlə söhbətində bildirdi ki, əslində Bakı şəhərində vətəndaşlara yüksək səviyyədə xidmət göstərə bilməyən şirkətlərin fəaliyyəti dayandırılmalıdır: “Bakı şəhərində yay aylarında digər şəhərlərə nisbətən daha isti olur. Bunu nəzərə alaraq, iyunun 15-dən ictimai nəqliyyatda fəaliyyət göstərən bütün avtobusların kondisioner sistemi işləməlidir. Sektorda qanunvericiliyin tələbləri ciddi şəkildə pozulur. Buna görə məsələnin yaxın zamanda həllini tapacağını düşünmürəm. İcraedici qurumların məsuliyyətsizliyi ictimai nəqliyyatda mövcud problemlərin həllini yubadır. Dövlətin müvafiq qərarları, sərəncamları olmasına baxmayaraq, irəliləyiş yoxdur. Etiraf edək ki, paytaxta kondisionerli avtobusların sayı da çox deyil. Bir neçə il əvvəl paytaxtın ictimai nəqliyyatında fəaliyyət göstərən bütün şirkətlərə kondisionerli avtobuslardan istifadə etmək tapşırığı verilib. Bütün xəbərdarlıqlara baxmayaraq, 4-cü mövsüm bitmək üzrədir, lakin hələ kondisionersiz avtobuslar fəaliyyət göstərir. Bu, özbaşınalıqdır. Yanacağa qənaət etmək üçün kondisioneri işlətməmək isə qanunlara hörmətsizlikdir, istehlakçıların hüquqlarının kobud şəkildə pozulmasıdır".
Məsələyə münasibət bildirən sosial məsələlər üzrə ekspert İlqar Hüseynli də qeyd etdi ki, avtobusların kondisioner problemi illərdir, müzakirə edirilir: “Lakin təəssüf ki, heç bir nəticə yoxdur. Avtobus parkları yenilənmir. Şirkətlər vətəndaşların xidmətinə yönələn sosial korporativ öhdəliklərini yerinə yetirmir, məsuliyyət daşımır. Bakı Nəqliyyat Agentliyi (BNA) səlahiyyətlərinin təhvil-təslim mərhələsindədir. Nəzarət mexanizmi Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) həvalə olunacaq. Bu yeniliklərin vətəndaşlara hansı xidmətləri təqdim edəcəyini deyə bilmərik. Amma mövcud problemlə bağlı çox ciddi ölçülər götürülməlidir. Şirkətlərin qarşısına konkret vaxtlar qoyulmalıdır ki, öz avtobuslarını saz vəziyyətə gətirsinlər. Yayda kondisionerin işləməsi, qışda isitmə sistemi baxımından sərnişinlərin komfortlu daşınmasını təmin etmək üçün konkret hədəflərə və istəklərə nail olunmalıdır. Əks halda cərimələr və sanksiyalar tətbiq edilməlidir. Həmin şirkətlər vəzifələrini yerinə yetirməlidir. Bacarmırsa, lisenziya hüquqları əllərindən alınaraq, iş normal işləyən digər şirkətlərə həvalə olunmalıdır".