Prezidentin tapşırığına əsasən məcburi köçkünlər arasında işğaldan azad olunmuş ərazilərə qayıtmaqla bağlı müəyyən sorğular aparılıb. Həmin sorğularda insanlardan “Hansı formada qayıtmaq istəyirsiniz?”, “Peşəniz nədən ibarətdir?”, “İxtisasınız nədir?”, “Siz qayıdıb hansı işlə məşğul olmaq istəyirsiniz?”, “Qayıdış zamanı oranı hansı formada görmək istəyirsiniz?” sualları soruşulub.
Bu fikirləri hafta.az-a Milli Məclisin Laçın rayonundan olan deputatı Mahir Abbaszadə deyib.
Onun sözlərinə görə, məcburi köçkünlərin mütləq əksəriyyəti öz doğma torpaqlarına qayıtmaqla bağlı sualları müsbət cavablandırıb:
"Burada növbəlilik prinsipindən söz getmir. Ali rəhbərliyin tapşırığına əsasən köçürülən zaman Bakı, Sumqayıt, Abşeron və Azərbaycanın digər bölgələrində daha çətin vəziyyətdə yaşayan məcburi köçkünlər ilk olaraq o torpaqlara qayıdacaq. Bilirsiniz ki, məcburi köçkünlərin müəyyən hissəsi yataqxanalarda, yarımçıq tikililərdə, bağçalarda, məktəblərdə həyat üçün çətin olan şəraitdə yaşayırlar. Əslində, ədalətli olardı ki, ora ilk növbədə çətin vəziyyətdə yaşayan insanlar köçürülsün. Bu həm o insanların çətin vəziyyətdən çıxmasına kömək göstərəcək, həm də doğma torpağa qayıdış həsrətinə son qoyulacaq.
Məlumdur ki, işğaldan azad olunmuş ərazilərimizdə yeni yaşayış məskənlərinin təməlqoymaları da keçirilir. Bununla bərabər yeni infrastruktur sahələri də yaradılır. Eyni zamanda, sənaye parkları da yaradılır ki, gələcəkdə ora köçürülən insanlar normal olaraq iş yerləri ilə də təmin olunsunlar. Yadınızdadırsa, müharibə qurtarandan sonra Prezident çıxış edərək deyirdi ki, biz insanları o torpaqlara qaytararaq onlara layiqli həyat bəxş edəcəyik. O layiqli həyatın kriteriyalarından biri də yaxşı iş, yaxşı həyat şəraiti, normal infrastruktur, insanların istirahəti üçün normal şəraitdir. Bu nöqteyi-nəzərədən 2022-ci il Böyük Qayıdışın başlanğıcı olacaq və biz öz doğma torpaqlarımıza qayıdacağıq”.
Deputat məcburi köçkünlərin geriyə qayıdışı üçün hər hansı növbəyə alınma ilə bağlı məlumata malik olmadığını və bunun yanlış məlumat olması ehtimalını qeyd edib.
M.Abbaszadə, eləcə də Şuşaya, Ağdama getmək üçün müəyyən vəsaitlərin tələb olunması ilə bağlı iddiaları da feyk xəbərlər adlandırdı.
“Mən sizin vasitənislə vətəndaşlarımızdan xahiş etmək istəyirəm ki, əgər kimdəsə belə faktlar varsa, hüquq-mühafizə orqanlarına, uyğun nazirliklərə, Qaçqınların, Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Şəhərsalma Komitısinə, Admnistrasiyaya məlumat versinlər ki, qarşısı indidən alınsın. Lakin birmənalı alaraq dövlət tərəfindən belə bir tələb yoxdur. Ola bilsin ki, ortada belə dəllalıq eləmək istəyən insanlar var. O insanlar hüquq və qanun qarşısında cavab verməlidir. Belə bir şey yoxdur”.